İQTİSADİYYAT


Praqada fəaliyyət göstərən Azərbaycan-Avropa Ticarət Palatasının illik təqdimatı keçirilib

Praqa, 6 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Çexiyadakı səfirliyinin dəstəyi ilə Praqada fəaliyyət göstərən Azərbaycan-Avropa Ticarət Palatasının illik təqdimatı keçirilib. Tədbirdə Çexiyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin, çex işgüzar dairələrinin və Azərbaycan icmasının nümayəndələri, eləcə də bu ölkədə biznes fəaliyyəti ilə məşğul olan azərbaycanlı iş adamları iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Çexiyadakı səfiri Fərid Şəfiyev ölkələrimiz arasında əməkdaşlıq münasibətləri, xüsusən də iqtisadi, ticari, qarşılıqlı sərmayələr, turizm, sənaye və infrastruktur sahələrində əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri barədə məlumat verib. F.Şəfiyev iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsinə töhfə verən Azərbaycan-Avropa Ticarət Palatasının fəaliyyətini yüksək qiymətləndirib və quruma işində uğurlar arzulayıb.

Daha sonra çıxış edən Azərbaycan-Avropa Ticarət Palatasının icraçı direktoru David Şnasel Azərbaycan və Çexiya sahibkarları arasında işgüzar əlaqələrin daha da inkişaf etdirilməsində Palatanın rolundan bəhs edərək, il ərzində bir sıra layihələrin icra olunduğunu bildirib. O, cari il ərzində TATRA-nın Gəncə avtomobil zavodu ilə əməkdaşlığı, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Çexiyaya səfəri, eləcə də Cənubi Çexiya regionunun Qluboko Na Vltavu şəhəri merinin rəhbərliyi ilə çex iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfərinin həyata keçirilməsində Palatanın əlaqələndirici rolundan söz açıb, gələcəkdə də bir sıra perspektivli layihələr üzrə işlərin aparıldığını qeyd edib.

Sonda tədbir iştirakçılarına ziyafət verilib, Azərbaycana həsr edilən rəsm əsərləri ilə tanışlıq olub.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.