MƏDƏNİYYƏT
Praqada təşkil edilmiş “Səfirliklər Festivalı”nda Azərbaycanın stendi diqqət mərkəzində olub VİDEO
Praqa, 4 iyun, AZƏRTAC
Çexiyanın paytaxtı Praqada keçirilən “Səfirliklər Festivalı”nda Azərbaycan ilk dəfə olaraq bu ölkədəki səfirliyimiz tərəfindən təmsil olunub.
AZƏRTAC xəbər verir ki, 15 mindən çox iştirakçının qatıldığı festivalda Çexiyada akkreditə olunmuş 40-dan artıq ölkənin səfirlikləri və bir sıra yerli şirkətlər iştirak ediblər.
Tədbirin əvvəlində Praqa şəhər meriyasının rəhbərliyi və iştirakçı ölkələrin səfirləri qonaqları salamlayıb və stendlərə baxıblar.
Musiqinin, əyləncənin, fərqli mədəniyyətlərin və kulinariya nemətlərinin birləşdiyi festival yerli əhali və qonaqlar tərəfindən maraqla qarşılanıb.
Ölkəmizin Çexiyadakı səfirliyi tərəfindən təşkil edilən Azərbaycan stendində milli geyimlərimiz, albomlar, kiçik xalçalar, milli mətbəximizə məxsus xörək və şirniyyatlar, habelə “Made in Azerbaijan” brendi ilə istehsal olunan konservlər, şirələr və Azərbaycan şərabları nümayiş edilib.
Qeyd edək ki, milli mətbəximizə məxsus xörək və şirniyyatlar Çexiyada iaşə sahəsində fəaliyyət göstərən azərbaycanlı iş adamları tərəfindən təqdim olunub.
Festivalda Praqada yaşayan gənc azərbaycanlı Kamilla Əskərova tərəfindən “Sarı gəlin” və “Uzun dərə” rəqsləri ifa edilib. Onun ifası ziyarətçilər tərəfindən sürəkli alqışlarla qarşılanıb.
Gün ərzində səfirliyin əməkdaşları stendimizin qarşısında ziyarətçilərə ölkəmiz, milli mədəniyyətimiz, eləcə də Azərbaycanın turizm imkanları haqqında ətraflı məlumat veriblər.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa