İDMAN
Premyer Liqa: “Kəpəz” klubu “Səbail”i, “Zirə” isə “Neftçi”ni qəbul edəcək
Bakı, 1 aprel, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XXVIII turu çərçivəsində daha iki oyun keçiriləcək.
AZƏRTAC xəbər verir ki, günün ilk matçı Gəncədə oynanılacaq. “Kəpəz” klubu “Səbail”i qəbul edəcək.
Hazırda Gəncə təmsilçisi 22 xalla səkkizinci, Bakı klubu isə 18 xalla sonuncu – onuncu pillədə qərarlaşıb.
Baş hakim Tural Qurbanovun idarə edəcəyi qarşılaşma saat 15:30-da başlayacaq.
Günün digər matçında “Neftçi” klubu “Zirə”nin qonağı olacaq. Hesabında 56 xal olan “Neftçi” turnir cədvəlində üçüncü, “Zirə” isə 37 xalla dördüncü pillədə yer alıblar.
Zirə İdman Kompleksində keçiriləcək matç saat 19:30-da başlayacaq. Oyunu Nicat İsmayıllı idarə edəcək.
Qeyd edək ki, turun açılış oyununda “Sumqayıt” səfərdə “Turan Tovuz”u 3:2 hesabı ilə məğlub edib. Tura aprelin 2-də keçiriləcək "Şamaxı" - "Qarabağ" və "Sabah" - "Qəbələ" görüşləri ilə yekun vurulacaq.