SİYASƏT


Prezident Administrasiyasında Müstəqil Xalq Partiyasının sədri ilə görüş keçirilib

Bakı, 18 may, AZƏRTAC

Ölkəmizdə siyasi dialoq prosesinin inkişafı və siyasi plüralizm ənənələrinin davam etdirilməsi məqsədilə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev növbəti görüşünü mayın 18-də Müstəqil Xalq Partiyasının sədri Əflan İbrahimov ilə keçirib.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə tərəflər ölkəmizdə fəaliyyət göstərən müxtəlif siyasi partiyalara dövlət tərəfindən göstərilən dəstək tədbirləri, sağlam siyasi münasibətlərin qurulması və cəmiyyətdə siyasi partiyaların rolunun aktuallaşdırılması istiqamətində qısa müddət ərzində çox böyük işlərin görülməsi, ölkəmizdə çoxpartiyalı siyasi sistemin inkişafı üçün münbit şəraitin yaradılması, partiyaların dövlət qeydiyyatının maneəsiz aparılması və digər bu kimi mütərəqqi işlər haqqında söhbət aparıblar.

Şöbə müdiri Ədalət Vəliyev Prezident İlham Əliyevin çoxşaxəli islahatlarının bütün müstəviləri əhatə etdiyini, siyasi partiyaların fəaliyyətinin dəstəklənməsi ilə bağlı atılan bütün addımların yalnız və yalnız siyasi dialoqun dərinləşməsi, sağlam münasibətlərin bərqərar olmasına yönəldiyini qeyd edib. Ümumilikdə partiyalara və siyasi sistemin digər iştirakçılarına göstərilən dəstək institusional, qanunverici, təşkilati və digər məsələləri əhatə edir. Prezident İlham Əliyevin elan etdiyi yeni siyasi konfiqurasiya ölkəmizin siyasi inkişafına, xalqımızın milli birliyinə böyük töhfə verməkdədir. Ölkədə aparılan iqtidar-müxalifət dialoqu, siyasi həmrəylik, milli dövlətçilik ideyaların inkişafı Azərbaycanın daha da qüdrətli dövlətə çevrilməsini şərtləndirir.

2020-ci ildə dövlət qeydiyyatına alınmış Müstəqil Xalq Partiyasının sədri Əflan İbrahimov, ilk növbədə, belə bir görüşün keçirilməsini yüksək dəyərləndirib və ölkəmizdə üzvlərinin sayından və siyasi proseslərdə təcrübəsindən asılı olmayaraq, hər bir partiyaya bərabər münasibətin göstərilməsindən məmnunluğunu ifadə edib. Əflan İbrahimov sədri olduğu partiyanın Azərbaycan dövlətçiliyi, ölkənin milli maraqları müzakirə mövzusu olan zaman dövlətin və dövlətçiliyin yanında dayandığını bildirib, 30 il işğal altında qalan torpaqlarımızın Prezident İlham Əliyevin qətiyyətli sərkərdəliyi ilə hərbi yolla azad edilməsinin, xalqın mənəvi qürurunun bərpa olunmasının Azərbaycan dövlətçiliyi tarixində yeni mərhələnin başlanmasına səbəb olduğunu vurğulayıb. Bildirib ki, bu uğurlu fəaliyyətin davamlılığı və ölkəmizin dünya miqyasında mövqeyinin daha da möhkəmlənməsi üçün dövlətin milli maraqlarının müdafiəsi hər bir siyasi prosesin fövqündədir, siyasi baxışından asılı olmayaraq, ölkənin hər bir tərəqqipərvər insanı bu işdə dövlətin yanında olmalıdır.

Sonda Müstəqil Xalq Partiyasının gələcək fəaliyyəti, ölkə ərazisində partiyanın yerli təşkilatlarının formalaşdırılması və partiyanın ölkədə baş verən siyasi proseslərdə fəal iştirakı üçün münbit siyasi şəraitin mövcudluğu haqqında fikir mübadiləsi aparılıb və Əflan İbrahimov görüşə görə təşəkkürünü bildirib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.