SİYASƏT


Prezident: Əgər erməni faşizmi bir də baş qaldırsa, 10 qatını alacaq, heç kim bizi durdura bilməz VİDEO

Bakı, 20 noyabr, AZƏRTAC 

Biz mülki əhaliyə qarşı vuruşmamışıq. Onlar mülki əhaliyə qarşı vuruşublar. Bizim mülki vətəndaşlar arasında 94 şəhidimiz, 400-dən çox yaralı mülki şəxs var, 3000-dən çox evimiz dağıdılıb. Onlarda mülki şəxslər arasında itkilər qat-qat aşağıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 20-də xalqa müraciətində Ermənistanın müharibə cinayətlərindən danışarkən bildirib.

“Amma onlar bizim mülki əhalini məqsədyönlü şəkildə vururdular. Gəncəni ballistik raketlərlə vurmuşdular. Kasetli bombalarla Bərdəni vurmuşdular, fosforlu bombalarla. Bu, hərbi cinayətdir. Tərtər şəhəri demək olar ki, dağıdılıb. Ən çox mərmi düşən Tərtər idi. Hər səhər mənə məlumat verilirdi nə qədər mərmi düşür. Gün var idi ki, bir şəhərə, özü də balaca şəhərə iki min mərmi düşürdü. Bu, erməni vəhşiliyi deyilmi? Xocalı soyqırımının təkrarı deyilmi? Görün biz kimlərlə üz-üzə idik və biz kimi məğlub etmişik? Yenə də deyirəm, bu, təkcə ərazi bütövlüyümüzün bərpası deyil, erməni faşizminin belinin qırılmasıdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan Prezidenti qeyd edib ki, biz bölgəni, dünyanı erməni faşizmindən xilas etdik. Amma erməni faşizmi baş qaldıra bilər: “Ancaq biz imkan verməyəcəyik. Hər kəs bunu bilsin. Özümüzü müdafiə etmək üçün istənilən addımı atacağıq. Öz vətəndaşlarımızı müdafiə etmək üçün istənilən addımı atacağıq və heç kim bizi saxlaya bilməz. Bu 44 gün ərzində bütün dünya gördü. Heç kim bizim qabağımızda dura bilməz, bizə şərt qoya bilməz. Bizə müharibənin ilk günlərində şərt qoymaq istəyən, hədələmək istəyən, şərləmək istəyən ölkələrin, bəzi Qərb ölkələrinin nümayəndələri sərt cavabımızı aldılar. Gördülər, biz o ölkələrdən deyilik ki, kiminsə qabağında baş əyək və mən də o liderlərdən deyiləm ki, kimdənsə nə isə qəbul edim, hansısa sözü. Artıqlaması ilə cavab vermişəm və verəcəyəm lazım gəldikdə. Ona görə əgər erməni faşizmi bir də baş qaldırsa, əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, 10 qatını alacaqlar, 10 qatını və heç kim bizi durdura bilməz”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.