İQTİSADİYYAT


Prezident Aleksandr Vuçiçin iştirakı ilə Azərbaycan-Serbiya işgüzar görüşü keçirilib

Bakı, 22 may, AZƏRTAC

Serbiya Prezidenti Aleksandr Vuçiçin Azərbaycana rəsmi səfəri çərçivəsində mayın 22-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan-Serbiya işgüzar görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə rəsmi şəxslərlə yanaşı, Azərbaycanın kənd təsərrüfatı, tikinti, qida sənayesi, turizm, maşınqayırma, bankçılıq, İKT və sair sahələrdə fəaliyyət göstərən şirkətlərinin nümayəndələri iştirak ediblər.

Serbiya Prezidentini və nümayəndə heyətini salamlayan iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Serbiya əlaqələrinin strateji əməkdaşlığa, dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını söyləyib. O, Azərbaycan və Serbiya dövlətlərinin başçılarının əməkdaşlığın inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb. Bildirilib ki, Serbiya Prezidentinin səfəri zamanı imzalanmış sənədlər ölkələrimiz arasında müqavilə-hüquq bazasının genişlənməsinə və əlaqələrin daha da inkişafına öz töhfəsini verəcək.

İşgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin iqtisadi-ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətini qeyd edən nazir Şahin Mustafayev biznes təşəbbüslərinin stimullaşdırılması baxımından bugünkü işgüzar görüşün yeni əməkdaşlıq imkanlarının yaranmasına, mövcud əlaqələrin və ticarət əməkdaşlığının genişlənməsinə müsbət təsir göstərəcəyini bildirib.

Nazir Azərbaycanın “Azvirt” şirkətinin Serbiyada yol tikintisini həyata keçirdiyini qeyd edib, əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.

Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. O, səfəri çərçivəsində Azərbaycanla daha yaxından tanış olmaq üçün yaratdığı imkana görə Prezident İlham Əliyevə təşəkkür edib. Serbiyanın Azərbaycanla əlaqələrin genişləndirilməsinə önəm verdiyini, iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf etdiyini vurğulayan Prezident iqtisadi əlaqələrin yüksəksəviyyəli siyasi münasibətlər səviyyəsinə qalxması üçün imkanları diqqətə çatdırıb.

Qeyd olunub ki, səfəri zamanı imzalanmış sənədlər, o cümlədən strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı ölkələrimiz arasında əlaqələrin inkişafına öz töhfəsini verəcək. Azərbaycanın Serbiyada yol tikintisini həyata keçirmiş “Azvirt” şirkətinin fəaliyyətini müsbət qiymətləndirən dövlət başçısı bu işin ölkəsinin digər regionlarında da davam etdirilməsinin önəmini qeyd edib. O, “Azvirt”in Azərbaycan biznesini Serbiyada yüksək səviyyədə təqdim etdiyini vurğulayıb.

Serbiya iqtisadiyyatı barədə məlumat verən Prezident Aleksandr Vuçiç Azərbaycan iş adamlarını Serbiyada layihələr həyata keçirməyə, ölkəsinin investisiya mühitindən yararlanmağa dəvət edib. Bildirib ki, Serbiyaya gələn turistlərin sayı ildən-ilə artır, Belqradda otel tikintisi, kurort turizminin inkişafı, eləcə də nəqliyyat-tranzit, kənd təsərrüfatı, sənaye, turizm və sair sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var.

Sonra Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan şirkətlərinin nümayəndələrinin Serbiya iqtisadiyyatı, əməkdaşlıq imkanları ilə bağlı suallarını cavablandırıb. Serbiya Prezidentinin müşaviri Danilo Sisimil ölkəsindəki biznes mühiti barədə məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.