SİYASƏT
Prezident: Azərbaycan dünya miqyasında dinlərarası, millətlərarası münasibətlərin qurulmasında nümunəvi ölkə kimi tanınır
Bakı, 7 iyun, AZƏRTAC
Azərbaycanda dinlərarası məsələlərlə bağlı çox ciddi düşünülmüş dövlət siyasəti aparılır və bu siyasət Azərbaycan xalqı tərəfindən dəstəklənir. Azərbaycanda bu münasibətlərin tənzimlənməsi ölkəmizin uğurlu inkişafını təmin edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə keçirilən iftar mərasimində söyləyib.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanda mövcud olan milli həmrəylik, vətəndaş birliyi, sabitlik məhz bu münasibətlərin əsasında qurulub. Azərbaycan xalqı öz milli dəyərlərinə sadiqdir və Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub. Eyni zamanda, Azərbaycan dünya miqyasında dinlərarası, millətlərarası münasibətlərin qurulmasında artıq nümunəvi ölkə kimi tanınır. “Biz həm dünyaya Azərbaycandan çox ciddi və müsbət siqnal göndəririk, həm də ölkəmizin uğurlu inkişafı üçün bu münasibətlərin yüksək səviyyədə olması çox önəmlidir. Bizim amalımız birdir, bizim niyyətimiz birdir. Biz istəyirik ki, ölkəmiz daha da güclənsin, daha da sürətlə inkişaf etsin. İstəyirik ki, Azərbaycan xalqı daha yaxşı yaşasın, rifah, sülh, əmin-amanlıq şəraitində yaşasın. Nəinki bunu istəyirik, öz praktiki addımlarımızla bunu təmin edirik”, - deyə Prezident bildirib.