SİYASƏT


Prezident: Deyirdim ki, lazım olsa torpaqlarımızı hərbi yolla azad edəcəyik, müharibə heç zaman istisna olunmur

Bakı, 25 noyabr, AZƏRTAC 

Mən bir daha danışıqlar dövrünə qayıtmaq istəyirəm. O vaxt dəfələrlə mənə deyilirdi ki, münaqişə yalnız sülh yolu ilə həll olunmalıdır. Bütün beynəlxalq təşkilatlar, təmasda olduğum bütün böyük dövlətlərin liderləri dəfələrlə deyirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Bu, ifadələr açıq mətbuatda da var. Mən nə deyirdim? Deyirdim ki, var! Deyirdim ki, lazım olsa torpaqlarımızı hərbi yolla azad edəcəyik. Deyirdim ki, müharibə heç zaman istisna olunmur.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri xalqa müraciətində səsləndirib.

“Danışıqlar dövründə müxtəlif mərhələlərdə dəfələrlə təklif irəli sürülürdü ki, Azərbaycan tərəfi müharibə yolundan imtina etsin. Mən heç vaxt buna razılıq vermirdim. Ondan sonra məni ittiham etməyə başlayırdılar ki, İlham Əliyev müharibəyə başlamaq istəyir. Mən deyirdim ki, məsələni sülh yolu ilə həll etmək istəyirəm. Amma həll etmək istəyirəm. Ermənistan nə istəyirdi? Status-kvonu saxlamaq, əbədi etmək. Hesab edirdi ki, əgər 26-27 il ərzində buna nail olubsa, deməli, bundan sonra da nail olacaq”, -deyə dövlətimizin başçısı bildirib.

Prezident sözünə davam edərək deyib: “Hesab edirdilər ki, onların havadarları daim onları müdafiə edəcəklər, onların arxasında duracaqlar, onların əvəzinə müharibə aparacaqlar. Onlar, ümumiyyətlə, hesab edirlər ki, bütün dünya bunlara borcludur. Onlar bu ziyanlı və xəstə təfəkkürlə öz ölkəsini idarə etmək istəyirlər ki, kimsə gəlməlidir, bunlara mütləq kömək göstərməlidir. Bəs, siz özünüz nəyə qadirsiniz? Əgər hər zaman kiminsə ətəyindən yapışıb hansısa imtiyaz umursunuzsa, bəs, özünüz nəyə qadirsiniz? Bax, bu təfəkkür onların cəmiyyətini də demək olar ki, yanlış istiqamətə aparıb”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.