SİYASƏT


Prezident: Ermənistan boru xətlərinin sıradan çıxarılması planlarını həyata keçirərsə, onlara cavab çox ağır olacaq

Bakı, 14 oktyabr, AZƏRTAC

Ermənistandan hər şey gözləmək olar. Elə Tovuz bölgəsində iyul ayında baş vermiş toqquşmaların səbəblərindən biri də Türkiyəyə gedən boru xəttinə yaxınlaşmaq, ya da onu nəzarət altına almaq idi. Elə ona görə bizim torpaqlarımıza girib yeni torpaqları işğal etmək istəyirdilər. Ancaq bunun acı nəticəsini yaşadılar.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bunu Türkiyənin “Haber Türk” telekanalına müsahibəsində Ermənistanın Türkiyəyə gedən boru xətlərini, TANAP-ı hədəf alan hücumları və bununla bağlı təhlükəsizlik məsələləri barədə suala cavabında bildirib.

Bakı-Tbilisi-Ceyhan kəmərinin istismara verildiyi 2006-cı ildən bu günə qədər Azərbaycan ərazisində heç bir problem olmadığını qeyd edən dövlətimizin başçısı deyib ki, bizim kifayət qədər inkişaf etmiş müdafiə sistemimiz var.

“Monitorinq aparılır, fiziki müdafiə və elektron vasitələrlə. Boru xəttinin dərində yerləşməsi, yerin altında yerləşməsi təbii ki, bunu havadan da müəyyən dərəcədə mühafizə edir. Ancaq əgər Ermənistan bu çirkin planları, yəni ki, boru xətlərinin sıradan çıxarılması planlarını həyata keçirərsə, cavab çox ağır olacaq onlar üçün. Biz bununla bağlı artıq xəbərdarlıq etmişik. Hesab edirəm ki, Avropa ölkələri, hansılar ki, TANAP-dan artıq gələn il qazı almağa başlayacaqlar, onlar da onları xəbərdar etməlidir. Çünki TANAP təkcə bizim layihəmiz deyil. TANAP-ın başqa səhmdarları var, TAP-ın Avropa səhmdarları var. Bu, Avropa enerji təhlükəsizliyi üçün müstəsna əhəmiyyət daşıyan bir layihədir. Ona görə hamımız maraqlı olmalıyıq ki, bu layihəyə hər hansı bir ziyan dəyməsin”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.