SİYASƏT
Prezident: Ermənistanın Azərbaycana qarşı yeni hərbi təxribatı onun işğalçı siyasətinin davamıdır
Bakı, 29 sentyabr, AZƏRTAC
Pakistanın Xarici İşlər naziri bu yaxınlarda Ermənistanın ölkəmizə qarşı təxribatı ilə bağlı bəyanat verib. Bu bəyanat bizim haqq işimizi tam dəstəkləyir. Sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı yeni hərbi təxribata başladı. Bu da onların işğalçı siyasətinin davamıdır.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin etimadnaməsini qəbul edərkən Ermənistanın ölkəmizə qarşı təxribatları barədə danışıb.
Son aylar Ermənistan tərəfindən çox kəskin təcavüz aktlarının müşahidə olunduğunu diqqətə çatdıran Azərbaycan Prezidenti deyib: “İyul ayında baş verənlər beynəlxalq ictimaiyyətə yaxşı məlumdur və hər kəs bilir ki, Tovuz rayonunda Ermənistan-Azərbaycan dövlət sərhədində bizim kəndlərimizi və hərbi mövqelərimizi atəşə tutan Ermənistan olmuşdur. Bunun nəticəsində bir mülki şəxs öldürülmüşdür. Azərbaycan Ordusu cavab tədbiri görməli idi. Biz onlara adekvat cavab verdik. Onların müdafiə nazirinin əvvəl bəyan etdiyi kimi, yeni əraziləri işğal etmək planları uğursuzluğa düçar oldu. Azərbaycan Ordusu bir daha öz gücünü nümayiş etdirdi və erməni ordusu təxribatı dayandırmaq və etdiklərindən peşmançılıq keçirmək məcburiyyətində qaldı. Lakin əfsuslar ki, onların işğalçı və Azərbaycanofobiya siyasəti davam edir”.