REGİONLAR
Prezident Göygöl şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə əlaqədar Sərəncam imzalayıb
Bakı, 21 avqust, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev Göygöl şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən Göygöl şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və fasad hissələrinin əsaslı təmiri üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Göygöl Rayon İcra Hakimiyyətinə 3 milyon manat, o cümlədən abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 2 milyon manat, 40 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və fasad hissəsinin əsaslı təmiri üçün 1 milyon manat ayrılıb.
Sərəncamda deyilir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Göygöl rayonunda bir sıra mühüm tədbirlər həyata keçirilib, o cümlədən Olimpiya İdman Kompleksi, Rayon Mərkəzi Xəstəxanası, Bayraq Meydanı və Bayraq Muzeyi Kompleksi, Gənclər Mərkəzi, Uşaq Yaradıcılıq və Texniki Yaradıcılıq mərkəzləri, əlil və şəhid ailələri üçün ümumilikdə 52 mənzilli 2 yaşayış binası inşa edilib, müasir tələblərə cavab verən digər sosialyönümlü obyektlər istifadəyə verilib, “Çiçəkli” Su-Elektrik Stansiyası və şəhərin içməli su təchizatı sistemi yenidən qurulub, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, iri istehsal müəssisələri yaradılıb, 9 mindən çox yeni iş yeri açılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.