SİYASƏT


Prezident İlham Əliyev: Əminəm ki, erməni xalqı da öz cinayətkar xunta rejimi başçılarını məsuliyyətə cəlb edəcək VİDEO

Bakı, 17 oktyabr, AZƏRTAC

Azərbaycan xalqını təhqir etmək Ermənistan rəhbərliyinə çox baha başa gəlir. Ermənistan əhalisi, nəhayət, bu kriminal rejimin başçılarını məsuliyyətə cəlb etməlidir. Artıq Ermənistanda hərbi komissarlıqlarda mitinqlər təşkil edilir, analar yolları kəsir, qoymurlar ki, uşaqları getsin başqa ölkənin torpağında ölsün.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bunu xalqımıza müraciətində erməni əhalisinə də səslənərək deyib.

“Mən də erməni xalqına müraciət etmişdim və bir daha müraciət edirəm: Qoymayın uşaqlarınızı! Nə işi var onların bizim torpağımızda? Öz ölkənizdə yaşayın. Bizim sizinlə heç bir işimiz yoxdur. Gedin yaşayın öz ölkənizdə, nə edirsiniz edin, amma bizim torpaqdan çıxın. Əminəm ki, erməni xalqı da öz cinayətkar xunta rejimi başçılarını məsuliyyətə cəlb edəcək”, - deyə dövlətimizin başçısı vurğulayıb.

“Bizim savaşımız müqəddəs savaşdır! Biz döyüş meydanında gücümüzü göstərdik,

həm düşmənə, həm də bütün dünyaya”

Azərbaycanın haqq, ədalət yolunda olduğunu bildirən Prezident İlham Əliyev deyib: “Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır! Biz döyüş meydanında gücümüzü göstərdik, həm düşmənə, həm də bütün dünyaya. Döyüş meydanında göstərdiyimiz güc və onun mənbəyi Azərbaycan xalqının iradəsidir, Azərbaycan xalqının istedadıdır və bizim əldə etdiyimiz uğurlardır.

Bir daha demək istəyirəm ki, biz xoşbəxt insanıq, bizim nəslimiz xoşbəxtdir ki, bu sevincli günləri görə bilirik. Mən özümü xoşbəxt insan hesab edirəm ki, bu sevincli xəbərləri doğma xalqıma çatdırıram. Ali Baş Komandan kimi bütün işlərə rəhbərlik edirəm və Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da öz fəaliyyətimdə ölkəmizin, xalqımızın milli maraqlarını qorumaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz. Bizim işimiz haqq işidir. Biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik.

Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.