Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni binasının açılışında iştirak edib YENİLƏNİB 2 VİDEO

Bakı, 15 sentyabr, AZƏRTAC

Sentyabrın 15-də - Bilik günündə Bakının Yasamal rayonundakı Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni inşa edilmiş binasının açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevə görülən işlər barədə ətraflı məlumat verdi. Qeyd edildi ki, 20 nömrəli məktəb-liseyin əsası 1958-ci ildə qoyulub. 1988-ci ildə məktəbin daha 4 korpusu tikilib istifadəyə verilib. 2007-ci ildə isə Prezident İlham Əliyevin Sərəncamı ilə məktəbin binası əsaslı şəkildə təmir edilib. Elə həmin il sentyabrın 15-də - Bilik günündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məktəbdə aparılan yenidənqurma işləri ilə tanış olublar. Sonradan ərazidə əhalinin çoxalması ilə əlaqədar məktəbə gələn şagirdlərin sayında da böyük artım olub. Bu da təbii ki, təhsilin keyfiyyətinə təsirsiz ötüşməyib və məktəb üçün yeni binanın tikintisi zərurətə çevrilib. Bunu nəzərə alan Prezident İlham Əliyev müvafiq göstəriş verib və bu təhsil ocağı üçün əvvəlkindən daha böyük, ən müasir və dünya standartlarına uyğun yeni bina inşa edilib. Ölkəmizin ən böyük təhsil müəssisəsi olan 20 nömrəli məktəb-liseyin binası indi paytaxtın müasir və memarlıq baxımından zövq oxşayan ən yaraşıqlı binalarından biridir.

Dövlətimizin başçısı məktəb-liseyin binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Məktəbdə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, ən müasir avadanlıqla təchiz olunan funksional bina tədrisin yüksək keyfiyyətdə təşkili üçün hər cür şəraitə malikdir. Təhsil ocağında məktəbəqədər hazırlıq sinifləri də nəzərdə tutulub. Bununla yanaşı, burada 8 sinifdən ibarət olan Məktəbəqədər Təhsil Mərkəzi də fəaliyyət göstərəcək. Hazırda məktəb 4000 şagird yerlikdir. Yenidənqurmadan əvvəl isə bu təhsil ocağı cəmi 2500 yerlik olub. Burada 145 sinif otağı və fənn kabinetləri, həmçinin 7 laboratoriya var. Azərbaycan və rus bölmələri ilə birlikdə ümumilikdə 119 sinifdə 3300 şagird təhsil alır. Təhsil ocağında 260 müəllimdən ibarət pedaqoji heyət çalışır.

Məktəbdəki Heydər Əliyev Muzeyi də eksponatlarının zənginliyi ilə seçilir. Burada Ulu Öndərin həyatı və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən maraqlı fotolar, sənədlər və kitablar toplanıb. Muzeydə yaradılan müxtəlif fotostendlər, nümayiş etdirilən əyani vəsaitlər Heydər Əliyev irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılmasında müstəsna rol oynayacaq.

Qeyd edək ki, paytaxtın bəzi təhsil müəssisələrində olduğu kimi, bu məktəbdə də “Məktəblinin dostu” layihəsi icra olunacaq. Təhsil Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkil etdiyi layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilkin tibbi və psixoloji yardım göstərmək, şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə mütəmadi olaraq maarifləndirmə və diaqnostik işlər aparmaqdır.

Müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür. Təhsildəki nailiyyətlər hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan da bu ölkələr sırasındadır. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca hədəf seçib. Buna görə də neft gəlirləri Azərbaycanda həm də təhsilin, elmin inkişafına yönəlib.

İyirmi nömrəli məktəb-lisey üçün yeni binanın inşası bir daha təsdiqləyir ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqəti sayəsində təhsil islahatları uğurla davam edir. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət proqramında məktəblərin əsaslı təmiri və yenidən qurulması ilə bağlı nəzərdə tutulmuş tədbirlər plana uyğun həyata keçirilir. Bütün bunlar, ilk növbədə, şagirdlərin ən yüksək səviyyədə təhsil almaları, onların elmin sirlərinə daha dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar açır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilk dəfə məktəbə qədəm qoyan birinci sinif şagirdləri ilə görüşdülər, onları Bilik günü münasibətilə təbrik etdilər. Bildirildi ki, builki tədris ilində ilk dərs məşğələsi “Cocuq Mərcanlı - tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunub. Məqsəd uşaq və gənclərə Azərbaycan Ordusunun 2016-cı il aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqlar və işğaldan azad olunan torpaqlarımıza qayıdışın rəmzinə çevrilən Cocuq Mərcanlı kəndi haqqında daha dolğun məlumatların verilməsidir.

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şagirdlərlə xatirə şəkli çəkdirdilər.

Ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun da müstəsna xidmətləri var. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları və digər layihələri bu sahənin inkişafında mühüm rol oynayıb. Həmin proqram və layihələrin uğurlu olmasını şərtləndirən əsas amillərdən biri də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu məsələləri daim diqqətdə saxlamasıdır.

İyirmi nömrəli məktəb-liseydə yaradılan şərait həm də onu göstərir ki, Azərbaycanda təhsilin və elmin inkişafına ən yüksək səviyyədə dövlət qayğısı var. Çünki dövlətin yürütdüyü siyasətin prioritetlərindən biri də insan kapitalının daha da inkişaf etdirilməsidir. Bu baxımdan təhsil sahəsinə qoyulan investisiyalar mühüm əhəmiyyət kəsb edir.

Sonra Prezident İlham Əliyev məktəbin müəllim və şagird kollektivi ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin 
çıxışı

- Sabahınız xeyir olsun. Mən, ilk növbədə, sizi yeni dərs ili münasibətilə təbrik etmək istəyirəm. Bu dərs ilində siz yeni məktəbdə oxuyacaqsınız, işləyəcəksiniz. Bütün şagirdləri, müəllimləri bu gözəl hadisə münasibətilə təbrik edirəm.

İyirmi nömrəli məktəb indi dünyanın ən yüksək standartlarına cavab verir. Bəlkə də biz özümüz yeni standartları müəyyən edirik. Bu məktəbin çox böyük tarixi var, həmişə ölkəmizin ən böyük məktəbi olmuşdur və bu gün də ölkəmizin ən böyük məktəbi kimi öz fəaliyyətini yeni binada davam etdirir.

Təxminən 10 il bundan əvvəl məktəbin təmiri ilə bağlı müəyyən tədbirlər görülmüşdü, mən bu məktəbdə olmuşdum. Təmir işləri aparılmışdı, o vaxt üçün bəlkə də pis aparılmamışdı, ancaq bizim bugünkü inkişafımızın səviyyəsinə uyğun gəlmirdi. Ona görə də qərar qəbul olundu ki, məktəbin binası sökülsün və yeni məktəb tikilsin. Xatırlayıram, o vaxt da valideynlər, müəllimlər tərəfindən müxtəlif fikirlər, narahatlıqlar var idi ki, bu məktəb söküləcək və yerində başqa bir bina tikiləcək. Bəzən olur, şəhərimizdə belə şayiələr gəzir, ancaq əlbəttə ki, onların heç bir əsası yox idi. Bizim planlarımız elə bəri başdan ondan ibarət idi ki, bu yerdə, 20 saylı məktəbin tarixi yerində yeni gözəl məktəb tikilsin və biz bunu da etdik. İki il yarım ərzində möhtəşəm bir bina tikildi. Tam əminliklə demək mümkündür ki, bu gün ölkəmizin ən böyük və ən gözəl məktəbi 20 saylı məktəbdir. Bu adı qazanmaq hazırda o qədər də asan deyil. Çünki son illərdə həm Bakıda, həm bölgələrdə bir çox gözəl məktəblər tikilib. Məktəblərin bəziləri memarlıq abidələridir. Bu gün 20 saylı məktəb doğrudan da bütün məktəblər arasında gözəlliyi, rahatlığı və təchizatı ilə fərqlənir. Əminəm ki, burada təhsilin keyfiyyəti də ən yüksək səviyyədə olacaqdır.

Son illər ərzində Bakı şəhərində demək olar ki, məktəblərin tam əksəriyyəti əsaslı təmir olunub, yeni korpuslar, yeni məktəblər tikilib. Bakıda 300-dən çox məktəb var. Son məlumata görə, təmirə ehtiyacı olan məktəblərin sayı təqribən 20-yə yaxındır. Əminəm ki, gələn il və əgər çatdıra bilməsək, 2019-cu ildə Bakının bütün məktəbləri ən yüksək standartlara cavab verəcək.

Bu il Bakı şəhərində 10 məktəb əsaslı təmir olunub, biri tikilib. Ölkə üzrə isə 70-dən çox məktəb əsaslı təmir olunub, tikilib. Tikinti işləri davam edir. Bilirsiniz ki, bölgələrdə, ucqar kəndlərdə indi modul tipli məktəblər tikilir. Onlardan 100-ü bu il və gələn il istifadəyə verilməlidir. Beləliklə, qəzalı məktəblərlə bağlı olan problem də əminəm ki, yaxın iki-üç il ərzində öz həllini tam tapacaq.

Azərbaycanda məktəb tikintisi sürətlə gedir. Bu prosesə ilk təkanı Heydər Əliyev Fondu vermişdir. “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin başlanması geniş bir hərəkata yol açdı. Ondan sonra dövlət xətti ilə bir çox məktəblər tikildi. 2004-cü ildən bu günə qədər 3 mindən çox məktəbdə əsaslı təmir işləri aparılmışdır, bir çox məktəblər yenidən tikilmişdir. Bu proses davam edir və davam edəcəkdir. Çünki hələ qəzalı vəziyyətdə məktəblər var və digər tərəfdən Azərbaycanın uğurlu iqtisadi inkişafı ona gətirib çıxarır ki, Azərbaycanda əhalinin sürətli artımı müşahidə olunur. Bu, çox müsbət haldır, ölkəmizin inkişafını göstərir. Əhalimiz nə qədər artsa, ölkəmiz o qədər də güclənəcək. Məktəblərə gedən uşaqların sayı hər il artır. Belə olan halda əlbəttə ki, məktəb tikintisi prosesi daim təmin edilməlidir.

Məktəblərin, təhsilin, ümumiyyətlə, maddi-texniki bazasının möhkəmləndirilməsi ilə yanaşı, təhsilin keyfiyyəti də artır. Biz bunu görürük və son illərdə bu, özünü artıq büruzə verir. Bu, ali məktəblərə qəbul imtahanlarında özünü göstərir. Bizim məktəblərimiz beynəlxalq fənn olimpiadalarında yaxşı nəticələr göstərirlər. Mənə verilən məlumata görə, 40 medal qazanmışlar, onların arasında qızıl medal da var. Yəni, təhsilin keyfiyyəti əlbəttə ki, bizim ən prioritet məsələmizdir. Ancaq şagirdlərdən və o cümlədən müəllimlərdən bu keyfiyyəti tələb etmək üçün gərək onların yaxşı şəraiti olsun. Müəllimlərin də iş şəraiti məktəblər istifadəyə verildikcə yaxşılaşır. Məktəb ancaq şagirdlər üçün deyil, müəllimlər üçün də iş yeridir. Müəllimlərin əməkhaqları da artır, xüsusilə diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin əməkhaqları əhəmiyyətli dərəcədə artmışdır. Mənə verilən son məlumata görə, Bakı şəhərində orta əməkhaqqı təxminən 500 manatdan çoxdur. Bu, çox yaxşı göstəricidir, daha da artmalıdır. Nə qədər çox artarsa, o qədər də yaxşıdır. Əlbəttə ki, imkan daxilində Azərbaycan dövləti bu işlərə də daim diqqət yetirəcəkdir.

Biz bütün bu işləri ona görə görürük ki, uşaqlarımız, gənclərimiz savadlı, bilikli olsunlar. Çox yaxşı haldır ki, biz müstəqillik dövründə savadlılıq səviyyəsini yüksək həddə saxlaya bilmişik və bu gün bu, təxminən 100 faiz səviyyəsindədir. Bizim üçün bu, adi haldır. Amma bir çox ölkələr üçün bu, əlçatmaz bir hədəfdir. Bu, bizim böyük üstünlüyümüzdür. Çünki savadlılıq əsasdır və uşaqlarımız bilikli, ağıllı olmalıdırlar, yaxşı oxumalıdırlar ki, gələcəkdə onlar özləri üçün cəmiyyətdə layiqli yer tuta bilsinlər. Çünki bugünkü dünyada savad, bilik hər şeyi müəyyən edir. Əgər hər hansı bir insan öz həyatını yaxşı qurmaq istəyirsə, gələcəkdə cəmiyyətdə yaxşı yer tutmaq istəyirsə, mütləq yaxşı oxumalıdır. Yaxşı oxumaq üçün bütün şərait var. Mən əminəm ki, Azərbaycan uşaqları, gənclər, yeniyetmələr bu işlərə çox böyük məsuliyyətlə yanaşacaqlar.

Hər bir ölkənin inkişafını ölkənin intellektual potensialı müəyyən edir. İnkişaf etmiş ölkələrin təcrübəsinə, onların uğurlarına baxmaq kifayətdir ki, biz bunu deyə bilək. O ölkələrdə ki, innovasiyalar, texnologiyalar inkişaf edir, o ölkələr dünya miqyasında da aparıcı mövqelərə malikdir.

Gələcək inkişafı təbii resurslar yox, bilik müəyyən edəcək. Biz görürük ki, iqtisadi sahədə, sənaye sahəsində, hərbi sahədə texnologiyalar nə qədər inkişaf edir. O texnologiyaların sahibləri bu gün dünyada da söz sahibləridir. Biz Azərbaycanda elmə, təhsilə, texnoloji inkişafa çox böyük əhəmiyyət veririk ki, gənclərimiz, cəmiyyətimiz bilikli olsun və Azərbaycan da texnoloji inkişaf baxımından geridə qalmasın. Maddi-texniki baza möhkəmlənir, təhsilin keyfiyyəti yaxşılaşır. Bu sahəyə investisiyalar qoyulur, insan kapitalına investisiyalar qoyulur. Beləliklə, əminəm ki, Azərbaycanda cəmiyyətin intellektual potensialı həmişə yüksək həddə olacaqdır. Bu, həm inkişaf üçün, həm bu gün ölkəmizdə yaşanan sabitlik, əmin-amanlıq üçün lazımdır. Çünki savadlılıq olmayan yerlərdə kənardan mənfi təsirlər də özünü büruzə verir. Biz ölkəmizin təhlükəsizliyini qoruyuruq - həm sərhədlərimizi, təhlükəsizliyimizi qoruyuruq, eyni zamanda, özümüzü yad təsirdən də qorumalıyıq. Çünki bu gün dünyada ideoloji sahədə mübarizə gedir, müharibə gedir. Bu, sonrakı qanlı müharibələrin elə bil ki, əsasını təşkil edir. İnsanların beyinləri, xüsusilə gənc nəslin beyinləri zəhərlənir. Onlar müxtəlif xoşagəlməz addımlara təhrik olunur, sonra da onlardan istifadə edilir ki, bəzi xarici dairələrin çirkin niyyətləri bu və ya digər ölkədə özünü göstərsin. Ona görə, biz özümüzü, o cümlədən bu mənfi və təhlükəli təsirdən də qorumalıyıq. Necə qorumalıyıq? Bax bunu siz müəllimlər, təhsil işçiləri etməlisiniz ki, uşaqlar bilikli, savadlı olsunlar. Belə olan halda heç bir kənar mənfi niyyət, ya təsir bizim uşaqlarımızın şüuruna təsir edə bilməz. Eyni zamanda, bununla bərabər olaraq, həm müəllimlər, həm valideynlər uşaqları vətənpərvərlik ruhunda tərbiyə etməlidirlər ki, onlar Vətənə bağlı olsunlar, milli ruhda böyüsünlər, milli dəyərlərimizi hər şeydən üstün tutsunlar. Çünki əgər milli dəyərlərimizdə hər hansı bir sarsıntı yaşanarsa, bu, cəmiyyətimizin əsaslarını, sütunlarını sarsıdar. Ona görə, mən həmişə deyirəm ki, milli dəyərlərimiz, mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Biz onları qorumalıyıq, milli ruhumuzu saxlamalıyıq. Çünki bu, bizim gələcəyimiz üçün əsasdır.

Biz 25 il ildən çoxdur ki, müstəqil ölkə kimi yaşayırıq, öz hesabımıza yaşayırıq, heç kimdən asılı deyilik. Baxmayaraq ki, bizə qarşı müntəzəm olaraq müxtəlif kampaniyalar - qarayaxma, böhtan, şər kampaniyaları aparılır. Onların da məqsədi aydındır - Azərbaycanı ləkələmək, Azərbaycanı öz iradəsinə ram etmək və ondan sonra güclənən Azərbaycan potensialından öz maraqları üçün istifadə etmək. Biz isə buna imkan vermirik və möhkəm dayanmışıq, milli maraqlarımızı qoruyuruq. Ona görə də müntəzəm olaraq müxtəlif xarici dairələrin atəşinə məruz qalırıq. Amma bu, bizi yolumuzdan heç vaxt döndərə bilməz. Biz haqq yolundayıq. Bugünkü Azərbaycan, bugünkü Azərbaycan reallıqları, ölkəmizdə hökm sürən sabitlik, əmin-amanlıq, inkişaf, tərəqqi, vətəndaş həmrəyliyi, bax, bizim böyük dəyərimizdir və bunu Azərbaycan xalqı öz zəhməti, istedadı hesabına əldə edib. Əlbəttə, ölkəmizdə kifayət qədər güclü siyasi iradə var ki, xalqımızı kənardan bizə tuşlanan bütün atəşlərdən qoruyaq. Gənclər də, uşaqlar da, bax, bu ruhda - müstəqillik ruhunda böyüməlidirlər. Azərbaycan müstəqil ölkə kimi əbədi yaşamalıdır və müstəqil siyasəti bundan sonra da aparmalıdır. Biz bunu aparırıq, aparacağıq. Ancaq gələcək sizin əlinizdə olacaqdır. Ona görə, müəllimlər, valideynlər, uşaqların özləri də həmişə bu amili yadda saxlasınlar. Təhsil, vətənpərvərlik, milli dəyərlər, güclü Azərbaycan - budur bizim əsas prinsiplərimiz. Əminəm ki, belə gözəl məktəbdə mənim bütün tövsiyələrim öz yerini tapacaq.

Sizi bir daha təbrik edirəm, sizə uğurlar arzu edirəm.

x x x

Ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür edən valideyn Jalə SEYİDLİ dedi:

-Mənim övladım 20 nömrəli məktəbdə təhsil alır. Bir qədər həyəcanlıyam. Çünki Prezident, Ali Baş Komandan qarşısında və Birinci vitse-prezident qarşısında həyəcansız danışmaq olmur. Bu cür gözəl məktəbə, ümumiyyətlə, Azərbaycan təhsilinin inkişafında gördüyünüz işlərə görə Sizə və Mehriban xanıma təşəkkür etmək istəyirəm. Nazirlik məlumat verib ki, bu il ölkəmizdə təhsilin inkişafı üçün yeni layihələr həyata keçiriləcək. Bir valideyn olaraq çox sevinirəm ki, bu qədər problemlərə, qayğılara, dünyada gedən gərgin siyasi proseslərə baxmayaraq, Prezidentimiz və onun xanımı təhsilə, məktəblərə hərtərəfli dəstək olurlar. Çox sağ olun.

Prezident İlham ƏLİYEV: Təşəkkür edirəm, çox sağ olun. Valideynləri də, müəllimləri də təbrik edirəm, yeni-yeni uğurlar arzulayıram.

x x x

Sonda xatirə şəkli çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni binasının açılışında iştirak edib YENİLƏNİB 2 VİDEO

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir