SİYASƏT
Prezident İlham Əliyev: Azərbaycan 2016-cı ildə nəqliyyat təhlükəsizliyi istiqamətində tarixi addımlar atıb
Bakı, 1 yanvar, AZƏRTAC
2016-cı ildə biz nəqliyyat təhlükəsizliyi istiqamətində tarixi addımlar atmışıq. Uzun illər davam edən Şərq-Qərb nəqliyyat dəhlizinin icrası artıq başa çatır və Şimal-Cənub nəqliyyat dəhlizinin istifadəyə verilməsi istiqamətində Azərbaycan çox önəmli addımlar atıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində Prezident İlham Əliyev səsləndirib.
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin Azərbaycan tərəfinə düşən payı üzrə görüləcək işlərin başa çatdırıldığını qeyd edən dövlətimizin başçısı deyib: “Biz qısa müddət ərzində bütün işləri başa çatdırdıq və beləliklə, gələcəkdə əlavə səylər qoyaraq çalışacağıq ki, bu iki önəmli magistral tezliklə işə düşsün”.