SİYASƏT


Prezident İlham Əliyev: Azərbaycan və İtaliya, sadəcə, kağız üzərində deyil, reallıqda strateji tərəfdaşlardır

Bakı, 12 iyun, AZƏRTAC

Azərbaycan xalqı İtaliyanın dost ölkə olduğunu bilir. Strateji tərəfdaşlıq haqqında sənədlərin imzalanması, əslində, bizim əməkdaşlığın məğzini əks etdirir,tərəfdaşlığımızı çox yüksək səviyyəyə qaldırır. Biz bu çox mühüm siyasi inkişafın praktiki icrasını da görürük.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Klaudio Taffurinin etimadnaməsini qəbul edərkən söyləyib.

Dövlətimizin başçısı qeyd edib ki, bir çox italyan şirkəti Azərbaycanda aktiv fəaliyyət göstərir, ölkəmiz üçün önəmli layihələri həyata keçirir. Bunlar dəyəri milyardlarla dollar olan böyük həcmli layihələrdir. Gələcəkdə də daha çox fürsət olacaq.

Cənub Qaz Dəhlizinin uzunmüddətli əməkdaşlığın tamamilə yeni formatını yaratdığını vurğulayan Prezident İlham Əliyev deyib: “İtaliya bizim təbii qaz üçün əsas bazarlardan birinə çevrilir, neftimiz üçün əsas bazardır. Bunlar bizim ikitərəfli əməkdaşlığımızda həqiqətən də mühüm nailiyyətlərdir və Cənub Qaz Dəhlizi həqiqətən də tarixi bir layihədir, tarixi əhəmiyyətə və böyük mürəkkəbliyə malik olan layihədir. Lakin indi düşünürəm ki, bütün bunlara nail olduqdan sonra biz gələcəyə baxmalıyıq və dost ölkələr praktiki əməkdaşlıq üçün yeni sahələr tapmalıdır. Əminəm ki, bu, baş verəcək. Çünki İtaliya şirkətləri azad edilmiş ərazilərin yenidən qurulması ilə bağlı işləməyə başlayan ilk xarici şirkətlər sırasındadır. Siz bilirsiniz ki, layihələr - Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən, rəmzi əhəmiyyət kəsb edən, eləcə də iqtisadi inkişaf və infrastruktur layihələri var. Enerji sektorunda, elektrik enerjisi istehsalında artıq İtaliya şirkətləri dağıdılmış su elektrik stansiyalarının yenidən qurulması prosesinə, digər sahələrdə emal və istehsal prosesinə cəlb olunub. Beləliklə, bu, həqiqətən də onu göstərir ki, biz, sadəcə, kağız, sənəd üzərində deyil, reallıqda strateji tərəfdaşıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.