SİYASƏT
Prezident İlham Əliyev: Azərbaycanda mətbuat azadlığı tam şəkildə təmin olunub
Bakı, 17 noyabr, AZƏRTAC
Biz çox zaman belə bir ifadəyə rast gəlirik ki, beynəlxalq birlik hansısa bir məsələdən narahatdır. O zaman müəyyənləşdirmək lazımdır, beynəlxalq birlik dedikdə nə nəzərdə tutulmalıdır? Beynəlxalq birlik BMT-yə üzv olan 200 ölkə deməkdir. Dünən mən öz çıxışımda da qeyd etdim ki, bu ölkələrin üçdə ikisi Azərbaycanı BMT-nin Təhlükəsizlik Şurasına üzvlük məsələsində dəstəkləyib. Mən dünənki çıxışımda onu da qeyd etmişdim ki, Azərbaycanda mətbuat azadlığı tam şəkildə təmin olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu fikirləri Bakıda keçirilən Dünya Xəbər Agentlikləri Konqresinin iştirakçılarından bir qrupu ilə görüşündə Associated Press agentliyinin vitse-prezidenti Con Danişevskinin sualını cavablandırarkən səsləndirib.
Prezident mətbuat azadlığı məsələsinin mahiyyətinə diqqət yetirməyin kifayət etdiyini vurğulayaq deyib: “Ölkəmizdə əgər azad internet fəaliyyət göstərirsə, senzura yoxdursa, əhalinin 75 faizi internet istifadəçisidirsə, mətbuat azadlığının məhdudlaşdırılmasından necə danışmaq olar?! Əgər sosial şəbəkədə - “Feysbuk”da və “Tvitter”də 2 milyon insanımız varsa, mətbuat azadlığını necə məhdudlaşdırmaq olar?! Biz qarşımıza bu cür siyasi məqsəd qoymamışıq. Bizim məqsədimiz bütün azadlıqların təmin olunduğu, müasir, inkişaf edən, demokratik cəmiyyət quruluşunu davam etdirməkdən ibarətdir. Bu, bütün digər azadlıqlara da şamil olunur”.
Azərbaycanda mətbuat azadlığının tam şəkildə təmin olunduğunu bir daha diqqətə çatdıran dövlətimizin başçısı deyib ki, ayrı-ayrı jurnalistlərlə bağlı məsələlərə kontekstdən kənar baxılmamalıdır. Ölkələrin çoxunda jurnalistlərin cinayət törətməsi halları baş verir və onlar istintaqa cəlb olunurlar.
“Biz bu məsələdə obyektiv olmalıyıq, məsələlərə obyektivlik mövqeyindən yanaşmalıyıq. Mən də sizə belə bir sual vermək istərdim: Azərbaycanı qeyd etdiyim məsələlərlə bağlı tez-tez tənqid edirlər, bəs siz mənə deyə bilərsinizmi ki, nəyə görə Culian Asanj hələ də Ekvadorun Londondakı səfirliyindədir? Culian Asanj bir neçə il bundan qabaq hansısa qadınla hansısa əlaqələrə görə ekstradisiya və ölüm cəzası təhlükəsi ilə üzləşib. O, iki ildən artıqdır ki, səfirlikdədir və çölə çıxmaqdan qorxur. Bunu necə izah edə bilərsiniz? Jurnalistlə bu cür rəftar etmək demokratikdirmi? Bu rəftara nə ad vermək olar?”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.
Bu cür halların baş verdiyini və belə məsələlərə kontekstdə yanaşmaq lazım gəldiyini bildirən Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, hansısa ayrı bir ölkə hücumlara hədəf seçilməməlidir. Heç kim mükəmməl deyil və bütün bu məsələlərə reallıq kontekstində baxılmalıdır.