SİYASƏT


Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib

Bakı, 30 aprel, AZƏRTAC

Prezident İlham Əliyev Müqəddəs Pasxa bayramı münasibətilə Azərbaycanın pravoslav icmasına təbrik ünvanlayıb, ölkəmizdə yaşayan bütün xristianlara ən səmimi arzularını yetirib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı zəngin multikultural dəyərlərə, tolerantlıq ənənələrinə və nümunəvi dövlət-din münasibətləri modelinə malik olan ölkəmizdə ayrı-ayrı xalqların və konfessiyaların nümayəndələrinin yüz illərdir mehriban qonşuluq, dostluq və qardaşlıq mühitində vahid ailə kimi yaşadıqlarını vurğulayıb. Qeyd edib ki, cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması, qarşılıqlı hörmətə və etimada əsaslanan birgəyaşayış mədəniyyətinin təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin əsas prioritetlərindən biridir.

Təbrikdə daha sonra deyilir: “Müasir dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa mühüm töhfələr verən Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarımız, o cümlədən pravoslav xristianlar ölkədə gedən böyük quruculuq işlərində və respublikamızın sosial-mədəni həyatında fəal iştirak edirlər. Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunmasında xristian həmvətənlərimizin xidmətlərini yüksək qiymətləndirirəm. İnanıram ki, onlar Azərbaycanın tərəqqisi və çiçəklənməsi naminə qüvvələrini səfərbər edərək bundan sonra da əzmlə çalışacaqlar.

Pasxa bayramı paklığı, yeniliyi, dirçəlişi və xeyirxahlığı təcəssüm etdirir. Bu əziz gündə bir daha hər birinizə xoş bayram ovqatı, ailələrinizə əmin-amanlıq, xoşbəxtlik və rifah arzulayıram.

Bayramınız mübarək olsun!”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.