REGİONLAR
Prezident İlham Əliyev: Badam və qoz emalı fabriklərinin tikintisi mütləq nəzərdə tutulmalıdır
Bakı, 30 yanvar, AZƏRTAC
Son vaxtlar fındıqçılığa çox böyük diqqət yetirilir. Biz fındıq bağlarının sahəsini qısa müddətdə böyük dərəcədə artırmışıq. 2016-cı ildə bizim 40 min hektar fındıq bağlarımız olub, bu gün artıq 75 min hektara çatıb və bu il 9 min hektar da əkiləcək. Beləliklə, biz 84 min hektarda fındıq yetişdirəcəyik.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu sözləri "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunan konfransda deyib.
Dövlətimizin başçısı qeyd edib ki, əlbəttə, yeni salınan bağlar bar gətirənə qədər bir neçə il keçəcək. Amma ondan sonra fındıq ixracının həcmi iki dəfədən çox artacaq və fermerlərə indikindən iki dəfə çox vəsait gələcək. Hazırda fındıqçılıqda 20 min nəfər işləyir.
Son vaxtlar badam və qoz bağlarının salınmasının geniş vüsət aldığını deyən Prezident bildirib ki, bu sahələr də çox gəlirli və ixracyönümlüdür: “Azərbaycanda badam və qoz emalı fabriklərinin tikintisi mütləq nəzərdə tutulmalıdır. Sahibkarlara məsləhət görürəm ki, bu işlə məşğul olsunlar. Eyni zamanda, xüsusilə Bakı, Abşeron və digər bölgələr üçün ənənəvi olan zeytunçuluğun inkişafı da sürətlə gedir. Yeni zeytun bağlarının salınması geniş vüsət almışdır”.