Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev Bakı Ali Neft Məktəbinin yeni kampusunun açılışında iştirak edib YENİLƏNİB-2 VİDEO

Bakı, 1 may, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində inşa olunmuş SOCAR-ın Bakı Ali Neft Məktəbinin yeni kampusunun açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev yeni kampusda görülən işləri əks etdirən stendlərlə tanış oldu.

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verdilər. Bildirildi ki, 7 hektar ərazisi olan kampusun tikintisinə 2012-ci ildə başlanılıb və tədris üçün tam hazır vəziyyətə gətirilib. Təhsil kompleksi xüsusi dizaynla yüksək standartlar səviyyəsində, dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq ən son texnoloji nailiyyətlərlə inşa olunub. Bakı Ali Neft Məktəbinin kampusu əsas tədris korpusunu, kitabxana kompleksini, kütləvi tədbirlər üçün akt zalını, idarəetmə bölmələrinin yerləşdiyi binanı, yeməkxananı, uşaq bağçasını, ən müasir tələblərə cavab verən və qapalı idman zallarından, qapalı üzgüçülük hovuzundan, açıq tennis, voleybol, basketbol meydançalarından və stadiondan ibarət idman və 400 nəfərlik yataqxana kompleksini birləşdirir.

Prezident İlham Əliyev kampusun açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısı əsas korpusda yaradılan şəraitlə tanış oldu. Burada ümummilli lider Heydər Əliyevin büstü qoyulub, Ulu Öndərin və Prezident İlham Əliyevin təhsilə qayğısını əks etdirən fotoguşə yaradılıb. Kampusdakı 600 yerlik akt zalı kütləvi-mədəni tədbirlərin yüksək səviyyədə təşkili üçün modern tələblərə cavab verən infrastruktura malikdir. Əsas korpusdakı tədris binasında istismara verilən mühazirə zalları və məşğələ otaqları ən müasir avadanlıqla, o cümlədən multimedia vasitələri, internetlə təchiz olunub. Təhsil ocağının kitabxanasında 100 nəfərlik oxu və dövri mətbuat zalı, 40 nəfərlik kompüter zalı, təlim otaqları və elektron kitab verilişi zonası yaradılıb. Tədris laboratoriyalarındakı cihaz və avadanlıq Almaniyanın “Gunt” və “Lukas nulle” şirkətlərinin istehsalıdır. Tələbələr onların vasitəsilə tədris olunan fənlər üzrə tədqiqat işlərini yerinə yetirərək hesabatlar hazırlayırlar.

Bildirildi ki, Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərin bir çoxunun imkanları mütəxəssis hazırlığına cəlb edilib. Belə ki, “ABB” şirkəti kampusda inteqrasiya edilmiş idarəetmə və təhlükəsizlik laboratoriyasını, “Schneider Electric” şirkəti qəza hallarının idarəedilməsi və avtomatlaşdırılması laboratoriyasını, “AVANDSİS group” və “Schneider Electric” şirkətləri birlikdə avtomatik sistemlərin elementlərini və proqram təminatını, “Emerson process management” şirkəti isə nəzarət-ölçmə və idarəetmə laboratoriyasını Bakı Ali Neft Məktəbinə hədiyyə ediblər. Bundan başqa, neft-qaz mühəndisliyi, kimya və proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedralarının ərazisində laboratoriya işlərinin yerinə yetirilməsi üçün müasir avadanlıqlar, qurğular yerləşdirilib, bərpaolunan enerji mühəndisliyi və elmi-tədqiqat laboratoriyaları istismara verilib.

Qeyd edək ki, Bakı Ali Neft Məktəbi Prezident İlham Əliyevin Fərmanı ilə 2011-ci ildə SOCAR-ın strukturunda yaradılıb. Bu ali təhsil ocağının yaradılmasında məqsəd fəaliyyətini xaricdə genişləndirən SOCAR-ın, eləcə də ölkənin digər sənaye sahələrinin müasir tədris proqramları və təlim texnologiyaları əsasında təhsil almış ingilisdilli mütəxəssislərə olan ehtiyacını ödəməkdir. Bu məqsədə çatmaq üçün, ilk növbədə, Bakı Ali Neft Məktəbində müasir tələblərə cavab verən təhsil infrastrukturu yaradılıb, tədris prosesinə yüksəkixtisaslı professor-müəllim heyəti cəlb olunub, tədrisə dəstək məqsədilə zəngin kitabxana-informasiya fondu qurulub. Bundan başqa, orta məktəblərin və liseylərin məzunları olan, test imtahanlarında ən yüksək bal toplamış abituriyentlər tədris prosesinə cəlb edilib. Bununla da Bakı Ali Neft Məktəbi yüksək nüfuzlu ali təhsil müəssisəsindən birinə çevrilib. İndi bu təhsil ocağının tələbələri transmilli, beynəlxalq neft-qaz şirkətlərində, o cümlədən SOCAR-ın müəssisələrində istehsalat təcrübəsi keçirlər. Bu da onların gələcəkdə beynəlxalq standartlara uyğun kadrlar kimi yetişməsinə imkan yaradır. Tədris prosesini müasir tələblərə uyğun təşkil etmək üçün yüksəkixtisaslı ingilisdilli yerli və əcnəbi mütəxəssislər kafedraların fəaliyyətinə cəlb olunub. İdarəetmə bölmələrinin ştatları əsasən xarici ölkələrdə ingilis dilində təhsil almış mütəxəssislər hesabına formalaşdırılıb. SOCAR-ın dəstəyi hesabına təhsilin ödənişsiz olması və tədris prosesinin istehsalatla sıx əlaqədə həyata keçirilməsi perspektivləri ilk gündən Bakı Ali Neft Məktəbini abituriyentlər və valideynlər üçün cəlbedici edib. 2012-2016-cı illərdə keçirilən qəbul imtahanlarının nəticələrinə görə yüksək bal toplayan abituriyentlər Bakı Ali Neft Məktəbinin ixtisaslarını seçiblər. Bu illərdə qəbul olan abituriyentlərdən 76-sı Prezident təqaüdünə layiq görülüb. Tədrisin birinci ilində tələbələrə ingilis dili və İKT üzrə yüksək biliklər verilir, sonrakı illərdə peşə və ixtisas fənləri öyrədilir. 2012/2013-cü tədris ilindən Bakı Ali Neft Məktəbinə “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə, 2013/2014-cü tədris ilindən başlayaraq isə “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə tələbə qəbulu aparılır. İlk iki ixtisas üzrə mütəxəssis hazırlığı Böyük Britaniyanın Heriot-Vatt Universiteti tərəfindən təklif olunan tədris proqramları əsasında həyata keçirilir. Bu məqsədlə 2012-ci ildə həmin universitetlə Bakı Ali Neft Məktəbi arasında müqavilə imzalanıb. Müqavilənin şərtlərinə görə bu təhsil ocağındakı tədris prosesi Heriot-Vatt Universitetindəki proseslə paralel aparılır, yekun imtahanları və cavabların qiymətləndirilməsini həmin universitetin professor-müəllim heyəti keçirir. Son illərdə keçirilən semestr imtahanlarının nəticələrinin müqayisəsi göstərir ki, Bakı Ali Neft Məktəbinin tələbələrinin göstəriciləri Heriot-Vatt Universitetinin, onun Malayziyada və Dubayda fəaliyyət göstərən filiallarının tələbələrinin nailiyyətlərindən yüksəkdir. “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının tədris proqramı isə Avropa Kredit Transferi Sisteminin proqram paketindən götürülən ən mütərəqqi proqram olaraq tələbələrə bu sahədə müasir bilik və vərdişləri aşılamağa imkan verir.

Prezident İlham Əliyev lay mühəndisliyi laboratoriyasının fəaliyyəti ilə tanışlıq zamanı Böyük Britaniyanın Heriot-Vatt Universitetinin neft-qaz mühəndisliyi kafedrasının baş direktoru, professor Con Ford bildirdi ki, bir neçə ildir Heriot-Vatt Universiteti Bakı Ali Neft Məktəbi ilə sıx əməkdaşlıq edir. Bu laboratoriya da əməkdaşlıq çərçivəsində qurulub. Bundan başqa, bu təhsil ocaqları arasında neft və kimya mühəndisliyi ilə bağlı iki ali təhsil proqramı həyata keçirilir. Gələcəkdə isə iki yeni magistratura proqramı ilə bağlı əməkdaşlıq qurulacaq.

Con Ford Bakı Ali Neft Məktəbinə dəstəyinə və olduqca qısa zamanda bu cür möhtəşəm binanın inşasına görə dövlətimizin başçısına təşəkkür etdi. O, 10 il əvvəl Bakıda olduğunu, ötən müddətdə paytaxtımızın sürətlə inkişaf etdiyini vurğuladı. “Mən dəfələrlə Sizin neft kapitalının insan kapitalına çevrilməsi ilə bağlı fikirlərinizi eşitmişəm”, - deyən Con Ford bu fikri yüksək qiymətləndirdiklərini və mövcud əməkdaşlığın da bunun göstəricisi olduğunu bildirdi.

Prezident İlham Əliyev xoş sözlərə və əməkdaşlığa görə təşəkkür etdi. Dövlətimizin başçısı bildirdi ki, Ali Neft Məktəbinin laboratoriyalarında təqdimatı edənlər xaricdə təhsil alıb qayıdan şəxslərdir. Bu, sevindirici haldır. İndi onlar öyrəndiklərini tələbələrə tədris edəcəklər. Azərbaycan Prezidenti dedi ki, əvvəllər çox sayda gənclərimiz təhsil almaq üçün xarici ölkələrdəki aparıcı universitetlərə göndərilirdi. Bu gün belə ali təhsil ocaqları artıq ölkəmizdə fəaliyyət göstərir. Bakı Ali Neft Məktəbi də bu səviyyədədir. Prezident İlham Əliyev xüsusilə vurğuladı ki, dünyada neftin qiymətinin düşdüyü bir dövrdə insan kapitalına investisiyaların qoyulması dövlət siyasətimizin prioritet istiqamətlərindən biridir.

Məlumat verildi ki, kampusdakı 300 nəfərlik yeməkxana kompleksi iş günü ərzində tələbələrə və əməkdaşlara yüksək iaşə xidməti göstərmək üçün zəruri infrastruktura və işçi heyətinə malikdir. Şəhərcikdə beynəlxalq standartlara cavab verən iki idman zalı və hovuz yaradılıb. Zəruri inventarla təchiz olunan idman kompleksi gənclərin idmanla məşğul olmasına geniş imkanlar açır, burada yarışların keçirilməsi üçün də hər cür şərait var.

Bakı Ali Neft Məktəbinin nəzdində uşaq bağçası da fəaliyyət göstərir. Bağça azyaşlı sakinlərin zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün əlvan rəngli inventarla təchiz edilib. Burada müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, rəsm, idman və musiqi zalları, yeməkxana yaradılıb.

Sonra dövlətimizin başçısına Bakı Ali Neft Məktəbinin tələbələri tərəfindən ixtira edilən avtomatik günəş izləmə sistemi haqqında məlumat verildi. Bildirildi ki, bu sistem gün ərzində günəş şüalarını izləyir və panelləri Günəşə yönəlmiş vəziyyətdə saxlayır. Artıq məktəbin ərazisində bu sistemin istifadəsinə başlanılıb.

Kampusda açıq havada 2 tennis kortu, voleybol, basketbol, yüngül atletika meydançaları və fitnes zalı inşa edilib. Bundan başqa, 1000 tamaşaçı yeri olan süni örtüklü meydança da tələbələrin ixtiyarına veriləcək. Kampusda 400 yerlik yataqxana da yaradılıb. Burada 2, 3 və 4 nəfərlik otaqlar bütün şəraitə malikdir, mərtəbələrdə camaşırxanalar və mətbəxlər istifadəyə verilib.

Qeyd edək ki, bu il Bakı Ali Neft Məktəbində “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə məzunların ilk buraxılışı olacaq, onlara həm Bakı Ali Neft Məktəbinin, həm də Heriot-Vatt Universitetinin diplomları veriləcək. 2017/2018-ci tədris ilində isə bu ixtisaslar üzrə magistratura səviyyəsinə ilk qəbul keçiriləcək. Hər iki ixtisas üzrə magistr hazırlığı Heriot-Vatt Universitetinin təklif etdiyi tədris proqramları əsasında qurulacaq. Bakı Ali Neft Məktəbi tədrisin keyfiyyətini yüksəltmək və mütəxəssis hazırlığı sahəsində beynəlxalq əlaqələrinin genişləndirilməsinə böyük önəm verir. Bu məqsədlə bir çox ölkələrin müvafiq qurumları və iri şirkətlərlə əməkdaşlıq müqavilələri imzalanıb, Bakı Ali Neft Məktəbi keyfiyyətin idarəetmə sistemi, ekologiya idarəetmə sistemi və əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemləri üzrə beynəlxalq sertifikatlara layiq görülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Bakı Ali Neft Məktəbinin tələbə-müəllim heyəti ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı

-Əziz dostlar, tələbələr, müəllimlər, Neft Şirkətinin nümayəndələri.

Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bakı Ali Neft Məktəbinin şəhərciyinin açılışını qeyd edirik. Bu şəhərcik ən yüksək standartlara cavab verir. Bakı Ali Neft Məktəbi artıq 6 ildir ki, fəaliyyət göstərir. Bu fəaliyyət çox uğurludur. Bu illər ərzində bu məktəb Azərbaycanın təhsil məkanında artıq öz layiqli yerini tuta bilibdir. Bu gün məktəb yeni şəhərciyə, yeni binaya köçür. Burada oxumaq, biliklərə yiyələnmək üçün bütün şərait yaradılıb, ən müasir texnologiyalar tətbiq olunur. Bütün binalar çox gözəl, zövqlə tikilib, burada ən müasir laboratoriyalar fəaliyyət göstərir və bu gün mənə təqdimat da edildi. Burada təhsilin səviyyəsi ən yüksək standartlara cavab verəcək.

Şadam ki, artıq bu məktəbdə müəllim kimi işləyən bizim gənc mütəxəssislərimiz də öz dövlətinə, Vətəninə sədaqət nümayiş etdirirlər. Vaxtilə biz onları dövlət xətti ilə xaricdə oxumaq üçün dünyanın aparıcı ali məktəblərinə ezam etmişdik. Onlar oxuyub, yaxşı mütəxəssis olub, Vətənə qayıdıb və bu gün öz biliklərini tələbələrlə bölüşürlər.

Bu məktəbin yaradılması və artıq belə gözəl şəhərciyə köçməsi bir daha onu göstərir ki, Azərbaycan qara qızılı insan kapitalına sərmayə kimi qoyur. Bunu mən hələ 2003-cü ildə demişdim ki, neft bizim üçün məqsəd deyil, vasitədir. Biz neftin hesabına ölkəmizi gücləndirməliyik, inkişaf etdirməliyik, neftdən əldə olunan gəliri insan kapitalına sərmayə kimi qoymalıyıq. Biz bu gün bunu əyani şəkildə görürük. Azərbaycanın uğurlu neft siyasəti bu gün demək olar ki, bütün sahələrə öz müsbət təsirini göstərib, o cümlədən təhsil sahəsinə. Son illər ərzində ölkəmizdə yaradılmış yeni təhsil müəssisələri bu gün məhz bunun hesabına fəaliyyət göstərir. İnvestisiya, maddi imkanımız olmasa idi, istəyimiz olsa belə bütün bu işləri görmək çətin olardı. Biz neftdən əldə olunan gəlirlərdən çox səmərəli şəkildə istifadə etdik. Ölkəmizi gücləndirdik, yeni infrastruktur yaratdıq, bütün şəhərlərimiz abadlaşdı, Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrildi. Bütün bölgələrdə quruculuq-abadlıq işləri uğurla gedir. Bu gün Azərbaycan iqtisadiyyatı daha çox qeyri-neft sektoru hesabına inkişaf edir. Əgər son illərin statistikasına nəzər salsaq görərik ki, bu gün Azərbaycan iqtisadiyyatının əsas təkanverici qüvvəsi qeyri-neft iqtisadiyyatıdır.

Eyni zamanda, əlbəttə, neft sektoru bu gün ölkəmizin həyatında çox mühüm rol oynayır və gələcəkdə də oynayacaq. Bizim təşəbbüsümüzlə icra edilən layihələr artıq çoxdan ölkə hüdudlarından çıxıb, beynəlxalq məna daşıyır. “Əsrin kontraktı” artıq 20 ildən çoxdur ki, icra edilir. Biz bütün bu nailiyyətlərə “Əsrin kontraktı”nın nəticəsində çata bilmişik. Bu gün isə XXI əsrin kontraktı - “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir. Azərbaycan bu nəhəng, meqalayihənin icrasında liderlik rolunu oynayır. Bu liderlik rolumuz artıq üçüncü dəfə Bakıda keçirilmiş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının qətnaməsində də öz əksini tapmışdır. Bu layihədə iştirak edən bütün ölkələr, eyni zamanda, Avropa İttifaqının, Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniyanın nümayəndələri qəbul edilmiş qətnamədə ölkəmizin liderlik rolunu bir daha göstərirlər, bunu təsdiq edirlər. Bu, böyük şərəfdir və böyük məsuliyyətdir. Azərbaycan nəinki ölkə daxilində enerji məsələlərinin həllində nümunə göstərir, biz regional və qlobal əməkdaşlıq baxımından da bu gün xüsusi rol oynayırıq. Bu gün icra olunan Cənub Qaz Dəhlizi Avropada ən böyük infrastruktur layihəsidir, 40 milyard dollar səviyyəsində sərmayə qoyuluşu nəzərdə tutulur. Bütün işlər qrafik üzrə gedir. Əminəm ki, gələn il biz bu layihənin ən önəmli hissəsi olan “Şahdəniz-2” və TANAP layihələrinin icrasına nail olacağıq. Ümid edirəm ki, layihənin qalan bütün seqmentləri də vaxtında icra ediləcək.

Bax, bizim dinamikamız bundan ibarətdir. 2006-cı ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan layihəsi bundan sonra qaz layihələrinin icrasına gətirib çıxarıb. Bütün bu işlərin təməlini ulu öndər Heydər Əliyev 1994-cü ildə qoymuşdur. “Əsrin kontraktı”nın imzalanması tarixi hadisədir. Mən və Xoşbəxt müəllim yaxşı xatırlayırıq ki, bu kontraktın ərsəyə gəlməsi nə qədər çətin idi. Ulu Öndər o vaxt bizi Neft Şirkətinin nümayəndələri kimi, Hyustona ezam etmişdi. Biz orada bir aydan çox danışıqlar aparmışdıq və çalışırdıq ki, Azərbaycan dövlətinin maraqlarını tam müdafiə edək. Hesab edirəm ki, buna nail ola bildik. Gərgin, bəzi hallarda çox çətin şəraitdə keçən, bəzi hallarda qarşıdurmalara gətirib çıxaran danışıqlarda Azərbaycan çox böyük uğurlara nail ola bilibdir və bunun nəticəsində bu gün mənfəət neftinin 75 faizi Azərbaycana qalır. Baxmayaraq ki, “Əsrin kontraktı”nın bütün investisiyaları xarici şirkətlər tərəfindən qoyulur və digər bir çox önəmli məsələlər burada öz əksini tapmışdır. O cümlədən xüsusi qeyd etməliyəm ki, bizim təkidimizlə kontraktın şərtlərinə salındı ki, Azərbaycan mütəxəssislərinin sayı bütün bu kontrakt işlərində tədricən artacaq və bu gün biz bunu görürük. Əgər 1994-cü ildə mütəxəssislərimizin say nisbəti təqribən 5-10 faiz idisə, bu gün bu, 90 faizə çatıb və bütün ən çətin, ən mürəkkəb texnoloji proseslərdə bizim mütəxəssislərimiz iştirak edirlər. Ona görə “Əsrin kontraktı”nın əhəmiyyətini artıq Azərbaycan xalqı görür. Əgər o vaxt bu kontrakt imzalanmasaydı, Azərbaycana heç kim investisiya qoymazdı, biz nəhəng neft infrastrukturu yarada bilməzdik.

Bu yaxınlarda inşasına başladığımız böyük neft qazma qurğusu artıq hazırdır, yaxın vaxtlarda istifadəyə veriləcək. Oraya qoyulan sərmayənin həcmi 1 milyard dollardan çoxdur. Neft-qaz əməliyyatları üçün lazım olan bütün dayaq blokları, platformaların üst hissələri Azərbaycanda istehsal edilir. On minlərlə insan bu işlərə cəlb olunub, yaxşı maaş alır, öz peşəkarlığını nümayiş etdirir. Bir neçə il bundan əvvəl bizim təşəbbüsümüzlə Bakıda gəmiqayırma zavodu tikilmişdir. Nəyə görə? Əgər “Əsrin kontraktı” olmasaydı, bizə bu qədər gəmilər də lazım olmazdı və bu gün bizim gəmiqayırma zavodumuz həm SOCAR üçün, həm Xəzər Gəmiçiliyi üçün sifarişlər icra edir. Əminəm ki, Xəzəryanı ölkələr də zavodun imkanlarından istifadə edəcəklər. Yəni, “Əsrin kontraktı”nın imzalanması demək olar ki, bütün iqtisadiyyatımızı hərəkətə gətirdi. Yerli firmalar kontraktlar imzaladılar, maddi vəziyyətlərini yaxşılaşdırdılar. Hazırlıqlı kadrlar artıq Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərirlər və biz bu müsbət dinamikanı saxlayırıq.

“Əsrin kontraktı” bu gün də ölkəmizə xeyir gətirir və bildiyiniz kimi, indi SOCAR-la tərəfdaşlar arasında danışıqlar gedir ki, bu kontraktın müddəti uzadılsın və mən buna müsbət baxıram. Əlbəttə, bizim bütün şərtlərimiz yerinə yetirilməlidir ki, kontraktın müddəti daha da uzadılsın.

“Şahdəniz-2” bu gün dünyanın ən böyük qaz layihələrindən biridir. Artıq neçə ildir ki, “Şahdəniz” qazı dünya və region bazarlarına çıxarılır. Bu gün isə biz artıq Cənub Qaz Dəhlizinin icrasına çox yaxınlaşmışıq. Bu layihə Azərbaycanı bizim üçün əsas olan xarici bazarlarla, Avropa bazarları ilə birləşdirəcək. Bundan sonra onilliklər ərzində Azərbaycan Cənub Qaz Dəhlizinin icrasından iqtisadi maraqları təmin edəcəkdir.

Bugünkü hadisə dediyim bu dinamikanın məntiqi nəticəsidir. Yenə də qayıdıram 2003-cü ilə. O vaxt demişdim ki, biz qara qızılı insan kapitalına çevirməliyik. Bunu da etdik və insan kapitalının əsas mənbəyi təhsildir. Son illər ərzində Azərbaycanda 3 mindən çox məktəb təmir olundu, tikildi. Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Bundan yuxarı nəticə ola bilməz.

Bizim ali məktəblərimizdə tədris prosesi təkmilləşir. Biz vaxtilə gənclərimizi xaricə göndərirdik. Mənim təşəbbüsümlə minlərlə gənc Dövlət Neft Fondunun xətti ilə xaricə göndərildi. Həmçinin SOCAR da bu layihəyə qoşularaq gəncləri xaricə göndərdi. Biz bu məqsədlər üçün bəlkə də 100 milyonlarla dollar vəsait xərclədik. Yəni, bu, insan kapitalına qoyulan vəsaitdir. Ancaq sonra mən dedim ki, əlbəttə, bu proses davam etdirilməlidir. Eyni zamanda, biz Azərbaycanda müasir təhsil kompleksləri yaradaraq elə etməliyik ki, gənclər burada qalsınlar. Bax, bu gün biz bunu görürük. Bu məktəbdə həm Azərbaycan gəncləri oxuyur və yüksək biliklərə nail olur, eyni zamanda, tam əminəm ki, yaxın gələcəkdə xaricdən də buraya çox böyük axın başlayacaq. Çünki burada yaradılmış şərait inanmıram ki, hər hansı bir başqa yerdə olsun.

Buranın yeri də çox böyük rəmzi məna daşıyır. Mən 10 il bundan əvvəl Dövlət Neft Şirkətinə göstəriş vermişdim ki, onilliklər ərzində çirklənmiş Bibiheybət ərazisini, buruqların ətrafını təmizləsinlər, neft gölməçələrini qurutsunlar, bu zonada böyük yaşıllıq zolaqları salınsın və onlar bu işlərə başladılar. Bu yerlərin foto və videogörüntüləri əlbəttə ki, vaxtilə müxtəlif dərgilərdə, jurnallarda, qəzetlərdə dərc edilmişdi. Hətta məşhur Ceyms Bondun filmlərindən biri də burada çəkilmişdir. Əgər o filmə baxsanız görərsiniz ki, buradakı mənzərə nə gündə idi. Bura ekoloji fəlakət zonası idi. Ancaq bu gün bura şəhərimizin ən abad yerlərindən biridir.

Burada yaşıllıqlar salındı, ağaclar əkildi, eyni zamanda, neft buruqları da öz fəaliyyətini davam etdirir. Burada belə gözəl neft məktəbi, idman şəhərciyi, Su İdmanı Sarayı yaradıldı, bax, o binalar jurnalistlər üçün tikilmişdir. Hesab edirəm ki, bu da nadir təşəbbüsdür. Heç bir başqa ölkədə dövlət jurnalistlər üçün bina tikmir. Bu binalarda yaşayan və yaşayacaq jurnalistlər müxtəlif mətbu orqanların nümayəndələridir, burada mənzillərin bölgüsü də püşkatma yolu ilə aparılıb, yəni, ədalət və obyektivlik tam təmin edilib.

Bibiheybət ekoloji fəlakət zonasının abadlaşdırılması, təmizlənməsi bir daha onu göstərir ki, biz qara qızıl kapitalını insan kapitalına qoyuruq. Çünki siz gənclərin bəlkə də yadında deyil, on il bundan əvvəl Bakının havası tam fərqli idi. Bir tərəfdən bax, bu ərazidə buxarlanan neft, digər tərəfdən isə indiki “Ağ şəhər” ərazisindəki neft tullantıları havanı çirkləndirirdi. Həmin ərazidə təmizləmə işləri nəticəsində bir metrdən çox neft çöküntüləri çıxarıldı. İndi “Ağ şəhər” müasir ekoloji layihəyə çevrilib. Balaxanı zibilxanası da fəlakət zonası idi. Orada yandırılan zibil şəhərimizin səmasına zəhərli tüstü buraxırdı. Həmin ərazi də təmizləndi. Sonra Böyükşor gölü. Bu göldən İkinci Dünya müharibəsi zamanı açıq rezervuar kimi istifadə olunurdu, onun kənarında neft qoxusundan dayanmaq mümkün deyildi. İndi bu gölə quşlar qonur. Budur bugünkü Azərbaycan. Biz neftlə çirklənmiş bütün əraziləri təmizləyirik və təmizləyəcəyik. Bakı bu gün parklar, bağlar şəhəridir, təmiz hava şəhəridir. Eyni sözləri Sumqayıta da aid etmək olar.

Mən bu gün SOCAR-ın fəaliyyətini qeyd etmək istəyirəm. Həm ölkə daxilində xarici tərəfdaşlarla icra edilən layihələrdə, eyni zamanda, xaricdə böyük sərmayə qoyurlar. Türkiyədə təqribən 20 milyard dollara yaxın sərmayə qoyulur. Azərbaycanda polimer, azot gübrələri, neftayırma zavodları, müəssisələrin modernləşdirilməsi və digər layihələr artıq SOCAR-ı dünya miqyaslı enerji şirkətinə çeviribdir. Neft və qaz bundan sonra da ölkəmizin inkişafına xidmət göstərəcək, qeyri-neft sektoru isə ölkə iqtisadiyyatını şaxələndirəcək. Gənclər bizim uğurlu gələcəyimizi təmin edəcəklər. Beləliklə, Azərbaycan dövləti yaşayacaq, güclənəcək və xalqımız qürur hissi ilə bunu görərək daha da böyük həvəslə ümumi işimizə töhfə verəcək. Sizi bir daha bu gözəl hadisə münasibətilə təbrik edirəm və sizə uğurlar arzulayıram.

X X X

Sonra Bakı Ali Neft Məktəbinin IV kurs tələbəsi, Prezident təqaüdçüsü Şəmsi MUSAYEV çıxış edərək dedi:

- Cənab Prezident, mən 2013-cü ildə Bakı Ali Neft Məktəbinin neft-qaz mühəndisliyi ixtisasına qəbul olmuşam və Prezident təqaüdünə layiq görülmüşəm. Hazırda IV kurs tələbəsiyəm. Mən həm öz adımdan, həm də bütün tələbələrimiz adından Sizə göstərdiyiniz bu böyük diqqətə, qayğıya görə təşəkkürümüzü bildiririk.

Hazırda bizim ali məktəbdə 76 Prezident təqaüdçüsü təhsil alır. Bu, bizim üçün çox böyük bir şərəfdir ki, biz Prezident təqaüdçüsü adına layiq görülmüşük. Sizin ali məktəbimizi yaratmağınız, belə gözəl şəhərciyin tikilməsi, burada çox keyfiyyətli istehsalat təcrübəsinin təşkil edilməsi və təhsilimizin tamamilə ingilis dilində olması bizim bir mütəxəssis, bir şəxsiyyət kimi formalaşmağımızda çox böyük rol oynayıb.

Bildirmək istəyirəm ki, bizim məktəbdə imtahanlar Şotlandiyanın Heriot-Vatt Universiteti tərəfindən götürülür. Tədris işləri isə yerli müəllim və professor heyəti tərəfindən aparılır. Nəticələr isə onu göstərmişdir ki, son 3 ildə Heriot-Vattın bütün dünya üzrə tələbələri arasında birinci yeri məhz elə Bakı Ali Neft Məktəbinin tələbələri tutub.

Cənab Prezident, bildirmək istəyirəm ki, biz çox xoşbəxtik. Biz qürur duyuruq ki, belə yüksək səviyyədə təhsili hər hansı bir xarici ölkədə yox, məhz elə öz Vətənimizdə alırıq. Sizin də söylədiyiniz kimi, bizim ali məktəbimiz məhz Sizin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” şüarınızın bariz nümunəsidir. Mən öz adımdan və bütün tələbə yoldaşlarım adından söz verirəm ki, Sizin bu böyük etimadınıza cavab olaraq biz bu ali məktəbi yüksək səviyyəli mütəxəssis kimi bitirəcəyik və SOCAR-ın müəssisələrində və ya Azərbaycanın digər iqtisadi sahələrində peşəkar mütəxəssis kimi çalışacaq, daim Vətənimizə, dövlətimizə, Prezidentimizə sədaqətlə xidmət edəcəyik.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Bakı Ali Neft Məktəbinin yeni kampusunun açılışında iştirak edib YENİLƏNİB-2 VİDEO

“Məhşər Divanı: Yalanın 17 anı” kitabında yalançı erməni tarixindən bəhs edilir

Tərtərdə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb

COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb

XİN: Azərbaycan BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verir

Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir

DOST Agentliyində Keniya nümayəndə heyəti ilə görüş olub

“Neftçi”nin baş məşqçisi: Birinci oyundakı nəticə hər iki komandaya təsir etmişdi

Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb

Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib

Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub

Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb

Özbəkistan media nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır

Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları ŞƏRH

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB -2 VİDEO

Ali qonağın şərəfinə dövlət ziyafəti  YENİLƏNİB

Ərdoğan: Müdafiə sənayesinin inkişafı yolunda məhdudiyyətlər mövzusu gündəlikdən çıxarılmalıdır

ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub

Azərbaycanın diplomatik nümayəndəliyi “El País” qəzetində Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab verib

Qazaxın 4 kəndinin qaytarılması tariximizə növbəti Zəfər səhifəsi yazdı - RƏY

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə və 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı mütəxəssislər Beynəlxalq Kosmik Stansiyaya uçan ilk türk kosmonavtın elmi təcrübələri ilə maraqlanırlar

® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır

Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək VİDEO

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib

“Qarabağ” Abdullah Zubirin Fransa klubuna keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib

Mütəxəssis: Bəzi peyvəndlər ömürlük immunitet yaradır

Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb

AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub VİDEO

İşğaldan azad edilmiş ərazilərdə tələ tipli partlayıcı qurğularla bağlı yeni görüntülər VİDEO

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxanada 250-dən çox vətəndaşa xidmət göstərilib

Azərbaycanda rəqəmsallaşma və nəqliyyat sahəsində aktual məsələlər AYİB-lə müzakirə edilib

İordaniyanın Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun müsbət təcrübəsinin öyrənilməsində maraqlıdır