RƏSMİ XRONİKA


Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər üzrə Dövlət nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib VİDEO

Bakı, 23 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər üzrə Dövlət naziri Ənvər Qarqaşın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, qonaq Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyanın salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. O, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyanın Prezident İlham Əliyevə dərin hörmət və ehtiram bəslədiyini qeyd etdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli inkişaf yolu ilə getdiyini deyən qonaq bütün bunlara dövlətimizin başçısının yüksək idarəçilik qabiliyyəti və yorulmaz fəaliyyəti nəticəsində nail olunduğunu diqqətə çatdırdı. O, 120 min nəfər BƏƏ vətəndaşının ölkəmizə turizm məqsədilə səfər etdiyini vurğulayaraq, Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları üçün mühüm turizm məkanlarından birinə çevrildiyini bildirdi.

Dövlətimizin başçısı Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin dost və tərəfdaş dövlətlər olduğunu qeyd etdi. Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri rəhbərliyinin ölkənin inkişafı istiqamətində böyük baxışa malik olduğunu, şəhər quruculuğu, infrastruktur və digər meyarlar baxımından BƏƏ-nin nümunəvi inkişafa nail olduğunu dedi.

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə çatdırmağı xahiş etdi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin