SİYASƏT


Prezident İlham Əliyev: Biz gərək ərzaq təhlükəsizliyinə düşünülmüş şəkildə yanaşaq

Bakı, 23 yanvar, AZƏRTAC

Ərzaq təhlükəsizliyinin təmin edilməsində önəmli addımlar atılır və bu məsələ ilə bağlı göstəriş verilib. Ərzaq təhlükəsizliyi o demək deyil ki, biz bütün ərzaq məhsullarını, yaxud da kənd təsərrüfatı məhsullarını Azərbaycanda tam həcmdə istehsal etməliyik. Biz gərək ərzaq təhlükəsizliyinə, necə deyərlər, düşünülmüş şəkildə yanaşaq. Bu ərzaq təhlükəsizliyinin böyük hissəsi, təbii ki, Azərbaycanda formalaşmalıdır və əgər indi buğda istehsalını istisna etsək, bütün digər əsas ərzaq-qida məhsulları ilə özümüzü böyük dərəcədə təmin edirik. Ancaq, eyni zamanda, bu, bizim ixrac imkanlarımıza da maneçilik törətməməlidir. İxrac bazarlarına çıxarıla biləcək məhsullara da diqqət yetirilməlidir.

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 104-cü kitabında yer alan bu fikirlər dövlətimizin başçısının Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş videoformatda iclası zamanı söylədiyi nitqindən götürülüb.

AZƏRTAC xəbər verir ki, çoxcildliyin növbəti kitabındakı materiallar 2020-ci ilin iyun-iyul aylarını əhatə edir.

Yeni kitabda Prezident İlham Əliyevin Dövlət Təhlükəsizlik Şurasının iclasında Ermənistan-Azərbaycan sərhədindəki mövcud vəziyyət haqqında çıxışının mətni, Ermənistanın təxribatları ilə bağlı həqiqətlərin dünyaya çatdırılması üçün müxtəlif ölkələrin başçılarına, habelə İslam Əməkdaşlıq Təşkilatının, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının rəhbərlərinə ünvanlandığı məktublar yer alıb.

Nəşrdə Prezident İlham Əliyevin BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili, Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə videokonfrans formatında, BMT-nin Baş katibi Antonio Quterreş, Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev ilə telefonla görüşlərinə dair materiallar toplanıb.

Oxucular Prezident İlham Əliyevin Gəncə şəhərinə və Samux rayonuna, Mingəçevirə səfərləri, istehsalat müəssisələrinin, xəstəxanaların və digər infrastruktur obyektlərinin açılışında iştirakı, ictimaiyyət nümayəndələri ilə görüşləri barədə materiallarla da tanış ola bilərlər.

Kitaba Azərbaycan Prezidentinin Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulmuş modul tipli hospitalının açılışında iştirakı haqqında informasiya, Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsinin, habelə Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışının, ölkədə su təsərrüfatının vəziyyətinə həsr olunmuş videomüşavirədə nitqinin mətnləri də daxil edilib.

“Azərnəşr” tərəfindən buraxılan çoxcildliyin 104-cü kitabının hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.