SİYASƏT


Prezident İlham Əliyev: Biz həmişə öhdəliyimizə sadiqik, atəşkəs rejimini pozan Ermənistandır VİDEO

Bakı, 15 oktyabr, AZƏRTAC 

Biz həmişə öhdəliyimizə sadiq qalırıq. Bildiyiniz kimi, humanitar zəmində atəşkəsin elan olunması qərarı Rusiyadan gəlmişdir və biz bunu dəstəklədik. Çünki düşünürəm ki, ölmüş əsgərlərin cəsədlərini və girovları mübadilə etmək, fəaliyyəti danışıqlar masasında davam etdirmək üçün, bu, doğru qərar idi. Çünki Moskvada elan olunmuş bəyannamədə faktiki olaraq danışıqların əsas prinsiplər çərçivəsində aparılacağı təmin edilib. Bu, həmişə bizim mövqeyimiz olub.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu barədə “France 24” televiziya kanalına müsahibəsində atəşkəs rejiminin pozulması ilə bağlı suala cavabında bildirib.

Dövlətimizin başçısı Ermənistan tərəfinin həmişə prosesi pozmağa və danışıqlar masasına yeni yanaşmaları tətbiq etməyə çalışdığını vurğulayaq deyib: “Bunlar bizim tərəfimizdən və Minsk qrupunun həmsədrləri tərəfindən rədd edilmişdir. Digər məsələlərlə birlikdə bəyannamənin ən mühüm hissəsi ondan ibarətdir ki, danışıqların formatı dəyişməz olaraq qalacaq. Bu, çox önəmlidir. Ola bilsin, bunun geniş beynəlxalq auditoriya üçün nə anlam daşıması o qədər aydın deyil. Mən, əlbəttə, bu barədə daha ətraflı məlumat verəcəyəm. Çünki Ermənistanda yeni hökumət hakimiyyətə gələndən sonra son iki il ərzində fəaliyyətlərindən biri qondarma “Dağlıq Qarabağ respublikasının hökumətini” danışıqlar masasına cəlb etmək və beləliklə də danışıqların formatını dəyişmək idi. Çünki iyirmi ildən artıqdır ki, danışıqlar Minsk qrupu prosesi çərçivəsində Ermənistan və Azərbaycan arasında aparılır. Odur ki, qondarma “Dağlıq Qarabağ respublikası hökumətini” danışıqlara cəlb etmək səyləri formatı dəyişdirmək cəhdləri idi. Beləliklə, hər iki tərəf formatın dəyişməz olaraq qalmasına sadiq qaldıqda, bu, hər şeyin əvvəllər razılaşdırılmış çərçivədə olacağı deməkdir”.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan atəşkəs rejiminə əməl edir. “Lakin bildiyiniz kimi, Ermənistan atəşkəsi kobud şəkildə pozdu və bu, təkcə Gəncədə baş verməyib. Gəncədə mülki vətəndaşlara hücum onların təcavüzkar siyasətini əks etdirir. Həmçinin onlar atəşkəsi hər gün pozurlar. Bu gün mənə məlumat verilmişdir ki, bu səhər saat 7-dən 9-a qədər onlar Tərtər və Ağdam şəhərlərini 150 dəfədən çox artilleriya atəşinə tutublar”, - deyə Prezident əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.