SİYASƏT


Prezident İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyimizdə heç bir dəyişiklik olmayacaq

Bakı, 14 noyabr, AZƏRTAC

Dağlıq Qarabağ münaqişəsinin həlli işində bizim prinsipial mövqeyimizdə heç bir dəyişiklik olmayacaq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimindəki nitqində bildirib.

Tarixi torpağımızda ikinci erməni dövləti yaradılmasına heç vaxt imkan verilməyəcəyini vurğulayan dövlətimizin başçısı deyib: “Beynəlxalq hüququn normaları tam tətbiq edilməlidir, BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra olunmalıdır, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa edilməlidir. Bu, prinsipial mövqedir. Bu mövqe tarixə və beynəlxalq hüquqa əsaslanır. Çünki Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Çünki bütün dünya, bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ona hörmətlə yanaşır. Dağlıq Qarabağ isə Azərbaycanın ayrılmaz hissəsidir”.

Prezident İlham Əliyev bu il bunu təsdiqləyən növbəti hadisənin baş verdiyini deyib: “Yenə də Ermənistanın ağılsızlığı nəticəsində Dağlıq Qarabağda keçirilmiş qanunsuz referendum bütün dünya ictimaiyyəti tərəfindən qəbul edilmədi. Həm qonşu ölkələr, Minsk qrupuna həmsədr olan ölkələr, Avropa İttifaqı və digər təşkilatlar bu referendumun nəticələrini tanımadılar. Tanımamaqla bir daha təsdiqlədilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.