SİYASƏT


Prezident İlham Əliyev Ermənistanın regional təhlükəsizliyə yaratdığı təhdidi BMT-nin Yüksək Səviyyəli İclasında bir daha diqqətə çatdırdı

Bakı, 23 sentyabr, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının fəaliyyəti və missiyası onun təsis Nizamnaməsində yer alan məqsəd və prinsiplərə əsaslanır. BMT Nizamnaməsində götürülmüş öhdəliklərin üzv dövlətlər tərəfindən vicdanla yerinə yetirilməsi, beynəlxalq mübahisələrin sülh yolu ilə həlli, dövlətlərin ərazi bütövlüyünün qorunması əsas kimi qəbul olunur. Baş Assambleya BMT-nin ikinci ən böyük strukturudur. Bu il Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı baş qərargahında keçirilən BMT Baş Assambleyasının 75-ci yubiley sessiyasını xüsusi edən əsas məqamlardan biri ona məhz türk diplomat Volkan Bozkırın sədrlik etməsi olub. 1994-cü ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirakı ilə Azərbaycan Respublikası ilə BMT arasında məzmunlu tərəfdaşlığın əsası qoyulmuşdur. İldən-ilə daha da güclənən və dərinləşən BMT-Azərbaycan əlaqələrinin bariz nümunəsidir ki, Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda videoformatda çıxış edib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev söyləyib.

O deyib: “Dövlətimizin başçısı Qoşulmama Hərəkatının sədri və Azərbaycan Prezidenti kimi çıxış edərək Azərbaycanın multikultural dəyərlərindən, beynəlxalq əməkdaşlığın və mədəniyyətlərarası dialoqun təşviqi və gücləndirilməsi istiqamətində səylərindən bəhs edib. Dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmət edilməsinə və beynəlxalq əməkdaşlığa əsaslanan dayanıqlı inkişafa olan ehtiyacını xüsusi vurğulayan dövlətimizin başçısı Qoşulmama Hərəkatının beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsində olan fundamental rolunu da qeyd edib. Dövlətimizin başçısı İlham Əliyev Dağlıq Qarabağ məsələsinə toxunub. BMT Nizamnaməsinin öhdəliklərini və BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş dörd qətnaməni heçə sayaraq beynəlxalq hüquq normalarını kobud şəkildə pozan işğalçı Ermənistan dövlətinin Azərbaycanın suverenliyinə və regionun təhlükəsizliyinə qarşı yaratdığı təhdid sessiya iştirakçılarının nəzərinə bir daha çatdırılıb. ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin təcavüzkar Ermənistanın təxribat xarakteri daşıyan “Qarabağ Ermənistandır” bəyanatı vasitəsilə pozulması faktı da xüsusi qeyd olunub. Əlavə olaraq, dövlətimizin başçısı Azərbaycanın multikulturalizmin və beynəlxalq əməkdaşlığın simvolu olan BMT-yə açıq və güclü dəstək verəcəyini və hazırkı müzakirələrin fəal iştirakçısı olacağına əmin olduğunu söyləyib.

Son olaraq qeyd etmək istərdim ki, iqlim dəyişikliyi, iqtisadi inkişaf, koronavirus pandemiyası, biomüxtəliflik və Pekin Bəyannaməsinin 25-ci ildönümünün və bu fəaliyyət çərçivəsində məsələlərin müzakirəsi 75-ci Sessiyanın əsas gündəliyini təşkil edir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.