RƏSMİ XRONİKA


Prezident İlham Əliyev Gədəbəy rayonunun içməli su təchizatı layihəsinin açılışında iştirak edib YENİLƏNİB VİDEO

Gədəbəy, 20 avqust, AZƏRTAC

Avqustun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gədəbəy şəhərinin içməli su təchizatı layihəsinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Gədəbəy rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı

-Sabahınız xeyir, sizi ürəkdən salamlayıram. Bu gün Gədəbəy rayonunda çox əlamətdar bir gündür. Həm Ulu Öndərin adını daşıyan gözəl mərkəz açılır, həm də Gədəbəy şəhərinin içməli su problemi həll olunur. Bu iki hadisə bir-biri ilə sıx bağlıdır. Çünki Ulu Öndərin fəaliyyəti nəticəsində bu gün Azərbaycan uğurla inkişaf edir. Məhz onun siyasəti nəticəsində Azərbaycan 1993-cü ildən bu günə qədər sürətli inkişaf dövrünü yaşayır. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın banisidir, onun qurucusudur. Onun səyləri, fəaliyyəti nəticəsində 1993-cü ildə Azərbaycan inkişaf yoluna qədəm qoymuşdur. 2003-cü ildən isə bu siyasət davam etdirilir və bugünkü Azərbaycan əslində bu siyasətin gözəl nümunəsidir. 

Ölkəmizdə bütün istiqamətlər üzrə sürətli inkişaf gedir, sosial-iqtisadi məsələlər öz həllini tapır. Azərbaycan beynəlxalq arenada çox ləyaqətli ölkə kimi tanınır. Ölkəmizin bütün regionlarında sürətli inkişaf gedir. Beləliklə, ölkəmizin bu günü və gələcəyi üçün heç bir problem görmürəm, heç bir risk, təhlükə yoxdur. Azərbaycan çox təhlükəsiz ölkədir, əhalimiz sülh, əmin-amanlıq şəraitində yaşayır və gələcək inkişaf üçün də yaxşı perspektivlər var.

Bu gün Gədəbəy şəhərinin su probleminin həlli də bu siyasətin bir təzahürüdür. Çünki siz - burada yaşayan insanlar yaxşı bilirsiniz ki, su həmişə insanları narahat edən bir problem olub. Əvvəlki illərdə şəhərin bir hissəsi, özü də gündə bir neçə saat ərzində su ilə təmin olunurdusa, bu gün bu problem əsaslı şəkildə öz həllini tapıbdır və Gədəbəyə təmiz içməli su gətirilib. Hesab edirəm ki, bu layihə tarixi layihədir. Çünki tarixdə bu günə qədər bu problem heç vaxt öz həllini tapmamışdı. Bu layihənin həyata keçirilməsi üçün, əlbəttə, böyük vəsait tələb olunurdu. Azərbaycan dövləti bu vəsaiti ayırdı ki, insanlar təmiz içməli su ilə təmin olunsunlar. Su həyat deməkdir. Təmiz su isə sağlam həyat deməkdir. İndi Azərbaycanda içməli su layihələrinin icrası geniş vüsət alıb. Bir çox rayonda bu layihələr artıq istifadəyə verilib. İndi icra edilməkdə olan layihələr kifayət qədər çoxdur. Bir sözlə, qarşıya vəzifə qoyulmuşdur ki, bu problem Azərbaycanın bütün bölgələrində öz həllini tapsın və Azərbaycan əhalisi Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə təmin olunsun. Hesab edirəm ki, bu, infrastruktur layihələri arasında ən önəmli layihələrdən biridir.

Gədəbəy rayonunda ekoloji vəziyyət çox yaxşıdır. Təmiz hava, təmiz ekologiya. Bura əslində kurort zonasıdır. Gədəbəy təbii bulaqlarla zəngin bir rayondur. Bu gün biz mineral sular zavodunda yeni xəttin açılışını da qeyd etdik və mənə deyildi ki, Gədəbəy rayonunda bir çox bulaqlar var. Belə olan halda, su xətləri çəkilməli, su şəbəkəsi yaradılmalı idi ki, əhali bu imkanlardan istifadə etsin. Biz buna nail olduq.

İnsanların sağlamlığı üçün əlbəttə ki, ikinci mühüm amil tibb xidmətidir. Bu məsələ də Gədəbəydə həll olunubdur. Mənim bir neçə il bundan əvvəlki səfərimdə gözəl xəstəxana açılıbdır. İndi 120 çarpayılıq xəstəxana fəaliyyət göstərir.

Digər infrastruktur layihələri uğurla icra edilir. Bu gün elektrik yarımstansiyasının açılışını qeyd etdik. Bu problem də Gədəbəy şəhərində və rayonunda öz həllini tapır. Siz yaxşı bilirsiniz ki, əvvəlki dövrdə hava şəraitindən asılı olaraq işıqlar kəsilirdi, köhnə, çürümüş taxta dirəklər sıradan çıxırdı, - onların şəkilləri indi mənə təqdim olundu, - əlbəttə ki, bu, bizə yaraşmırdı. İndi həm yarımstansiya tikilib, həm yeni ötürücü xətlər çəkilib ki, Gədəbəy rayonunda enerji təminatı dayanıqlı olsun. Biz artıq buna nail olmuşuq.

Əvvəlki səfərlərimdə, - bu, mənim Gədəbəyə dördüncü səfərimdir, - vətəndaşlar məsələ qaldırmışdılar ki, kənd yolları bərbad vəziyyətdədir. Biz bu məsələni də tədricən həll etdik. Gədəbəydə üç kənd yolu layihəsi icra olunmuşdur və bu üç layihə 100-dən çox kəndi əhatə etmişdir. Əslində Gədəbəydə 100-dən bir qədər çox kənd var. Gədəbəydə bütün kənd yolları demək olar ki, əsaslı təmir edildi. Hesab edirəm ki, bu da tarixi nailiyyətdir. Çünki yolların bərbad vəziyyətdə olması həm insanları narahat edirdi, gediş-gəliş çətinləşirdi, həm də bu, kənd təsərrüfatı üçün böyük problem idi. Gədəbəy rayonunun kənd təsərrüfatı, iqtisadi potensialı artır. Gözəl kənd yollarının mövcudluğu sizə imkan yaradacaq ki, öz məhsulunuzu bazarlara daha da tez bir zamanda çatdıra biləsiniz. Ümumiyyətlə, inkişaf üçün – turizmin, kənd təsərrüfatının inkişafı üçün yollar mühüm əhəmiyyət daşıyır.

Gədəbəy rayonunda qazlaşdırma 52 faiz səviyyəsindədir. Bu da rayonun relyefi ilə bağlıdır. Amma tədricən qazlaşdırma da artmalıdır. Beləliklə, rayonda bütün infrastruktur problemləri həll olunur. Eyni zamanda, sosial proqramlar da icra edilir, sənaye müəssisələri yaradılır. Mənə verilən məlumata görə, qızıl mədəni sahəsində 600-dən çox insan işlə təmin olunubdur. Gədəbəydə mineral sular zavodu çox yaxşı fəaliyyət göstərir. İndi yeni limonad zavodu da istifadəyə verilib. Bu, həm daxili bazarı təmin edir, eyni zamanda, ixrac potensialı da yaranır. Bu da rayonun iqtisadi inkişafına böyük dəstəkdir.

Gələcək illərdə emal sənayesinin, kənd təsərrüfatının inkişafı əlbəttə ki, rayon üçün prioritet olaraq qalacaq. Biz hamımız – siz də, fermerlər də, sahibkarlar da növbəti illərdə bu istiqamətdə çalışmalıyıq ki, məhsuldarlığı artıra bilək. Mən yolla gələndə gördüm ki, fermerlər artıq dağların yamaclarında da əkin işlərinə başlamışlar. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, artıq bütün yerlər əkilib. Bu da çox sevindirici haldır ki, indi fermerlər artıq dağlara da çıxıblar və orada da əkin işləri aparırlar. Biz gələcəkdə istehsalın artımına ancaq məhsuldarlığın artımı hesabına nail ola bilərik. Dünən Göygöl rayonunda açılan kənd təsərrüfatı laboratoriyasının fəaliyyəti nəticəsində biz buna nail ola bilərik. Ona görə, bütün fermerlərə, kəndlilərə məsləhət görürəm ki, məhsuldarlığın artımına böyük diqqət göstərsinlər. Bu, ilk növbədə, onlara və dövlətə lazımdır. Çünki biz özümüzü bütün ərzaq məhsulları ilə tam şəkildə təmin etməliyik.

Biz onu da bilməliyik ki, Azərbaycan əhalisi hər il 100 min nəfər artır. Yəni, bu, çox gözəl göstəricidir. Bu, onu göstərir ki, ölkəmizdə sürətli inkişaf var. Ancaq inkişaf olan ölkələrdə belə müsbət dinamika var. Çünki indi bəzi ölkələrdə əhali nəinki artır, azalır. Həm təbii azalma, həm miqrasiya var. Bizdə nə miqrasiya, nə təbii azalma var. Çünki ölkə iqtisadiyyatı sürətlə inkişaf edir, iş yerləri açılır, insanlar üçün şərait yaradılır, bax, belə gözəl infrastruktur obyektləri tikilir. Azərbaycan vətəndaşları öz torpağına çox bağlıdırlar. Ancaq biz bu amili mütləq həmişə yadda saxlamalıyıq ki, Azərbaycan əhalisi hər il yüz min nəfər artır. Əlbəttə ki, bu, bizim qarşımıza yeni tələblər qoyur. Yeni məktəblər, uşaq bağçaları, xəstəxanalar tikilməlidir, infrastruktur yaradılmalıdır və əlbəttə ki, ərzaq məsələləri həllini tapmalıdır. Biz bu gün özümüzü ərzaq məhsulları ilə tam təmin etmək üçün böyük işlər görürük. Ancaq bizim torpaq fondumuz məhduddur. Ona görə, bundan sonra kənd təsərrüfatı ancaq məhsuldarlığın artımı hesabına inkişaf etməlidir, o cümlədən Gədəbəy rayonunda.

Gədəbəydə bir gündə həm yarımstansiyanın, həm limonad zavodunun, həm Heydər Əliyev Mərkəzinin açılışı, həm də içməli su layihəsinin istifadəyə verilməsi göstərir ki, ölkəmizdə işlər yaxşı gedir. Gədəbəy rayonunda sosial-iqtisadi məsələlər öz həllini tapır. Rayonun gələcək inkişafı ilə bağlı əlavə tədbirlər görüləcək, yeni sərəncam imzalanacaq ki, bu günə qədər həll olunmamış məsələlər də öz həllini tapsın və rayonda işlər həmişə yaxşı getsin. Mən sizi bu gözəl hadisə - içməli su layihəsinin başa çatması münasibətilə ürəkdən təbrik edirəm.

x x x

Gədəbəyin inkişafına göstərdiyi diqqət və qayğıya görə rayon ictimaiyyəti adından Prezident İlham Əliyevə minnətdarlıq edən Məlahət ƏLİYEVA dedi:

-Möhtərəm cənab Prezident, icazə verin bütün gədəbəylilər adından Sizi salamlayım və Sizə “Xoş gəlmisiniz” deyim.

Cənab Prezident, bu gün gədəbəylilərin sevincinin həddi-hüdudu yoxdur. Sizin budəfəki səfəriniz şəhərimizin ən böyük probleminə son qoydu. Siz qeyd etdiyiniz kimi, uzun illər idi şəhər camaatı sudan çox böyük əziyyət çəkirdi. İnsanlarımız yollarda qalmışdı, müxtəlif vasitələrlə, müxtəlif mənbələrdən su daşıyırdılar. Artıq bu problem Sizin qayğı və diqqətiniz nəticəsində öz həllini tapdı. Şəhərimizin sakinlərinin canı bu əzab-əziyyətdən birdəfəlik qurtardı. Bütün bunlara görə Sizə gədəbəylilər adından minnətdarlığımızı bildiririk. Sizə və ailənizə cansağlığı arzulayırıq. Sağ olun.

x x x

Rayon sakini Tofiq MİRZƏYEV dedi:

-Cənab Prezident, bütün bölgələrdə olduğu kimi, Gədəbəy rayonunda da sürətli inkişaf gedir. Gündən-günə gözəlləşən rayonumuzun siması tamamilə dəyişib. Bu gün açılışını etdiyiniz Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı, onun ətrafı gözəl Gədəbəyə xüsusi yaraşıq gətirir.

Cənab Prezident, rayonumuzda yollar əsaslı təmir olunur, infrastruktur dəyişir, yenilənir. Yeni məktəb binaları, səhiyyə, turizm, mədəniyyət sahələrində yeni obyektlər tikilir, parklar, istirahət zonaları salınır. Bir sözlə, Sizin diqqət və qayğınız nəticəsində Gədəbəydə yaşamaq, istirahət etmək, qurub-yaratmaq daha gözəldir. Bütün bunlara görə Sizə təşəkkür edirik. Sizə, ailənizə cansağlığı arzu edirik. Mənfur düşmənlə üz-üzə olan mərd, qədirbilən gədəbəylilər Sizə həmişə dəstəkdir, arxadır. Allah Sizi qorusun, sağ olun.

x x x

Prezident İlham ƏLİYEV: Mənim yadımdadır, birinci layihə Şəmkir-Gədəbəy yolunun təmiri idi. O vaxt biz bu işə başlayanda yol çox bərbad vəziyyətdə idi. O yolun çəkilişi əslində Gədəbəyin həm Şəmkirlə, həm ölkəmizin digər bölgələri ilə əlaqəsini daha möhkəm, daha rahat etdi. Ondan sonra, siz də qeyd etdiniz, bir çox məktəblər tikilib. Mənə verilən məlumata görə, Gədəbəy rayonunda 60-dan çox məktəb tikilib və əsaslı təmir edilib.

Dörd il bundan əvvəl mən burada olarkən biz Aşıqlar Evinin açılışını etmişik. Bu gün mənə məlumat verildi ki, orada 100-dən çox uşaq dərs alır. Biz aşıq sənətini yaşadırıq və bu, bizim milli sərvətimizdir. Yəni, Gədəbəydə hərtərəfli inkişaf var. Əminəm ki, bu, gələcək illərdə davam etdiriləcək. Yenə də qeyd etməliyəm ki, bu günə qədər həll olunmamış məsələlər də öz həllini tapacaq.

SAKİNLƏR: Çox sağ olun.

x x x

Prezident İlham Əliyev “Gədəbəy şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi üzrə görülən işlərin texniki-iqtisadi göstəricilərini əks etdirən stendlərlə tanış oldu.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, layihə Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı layihəsi” çərçivəsində həyata keçirilir. Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Gədəbəy şəhərində 12 min nəfər əhalinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihəyə əsasən, Gədəbəy şəhərinin içməli su mənbəyi olaraq bulaqlar seçilib və bir suqəbuledici qurğu tikilib. Şəhərin dayanıqlı su təchizatını təmin etmək üçün ümumi həcmi 5500 kubmetr olan 7 su anbarı, 14,8 kilometr uzunluğunda magistral su kəməri və digər köməkçi infrastruktur inşa edilib. Bundan başqa, Gədəbəy şəhərində inşası planlaşdırılan 81 kilometr uzunluğunda paylayıcı su şəbəkəsinin, şəbəkədaxili iki nasos stansiyasının tikintisi başa çatıb, 2300 evə birləşmə verilib və sayğaclar quraşdırılıb. Yeni yaradılan su təchizatı sistemi ilə Gədəbəy şəhərinə fasiləsiz suyun verilməsi təmin edilib.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, Gədəbəy şəhərində ilk dəfə kanalizasiya sistemi də yaradılıb. Layihəyə uyğun olaraq, 47,5 kilometr kanalizasiya şəbəkəsi və 1,5 kilometr kanalizasiya kollektoru tikilib. Şəhərdə yaranacaq tullantı sularının təmizlənərək kənarlaşdırılması üçün məhsuldarlığı gündə 3500 kubmetr olan təmizləyici qurğunun inşası nəzərdə tutulur. Hazırda tullantı sutəmizləyici qurğunun tikintisi üzrə tender prosedurları davam etdirilir. Bundan başqa, şəhərin su mənbələri və su təchizatı qurğuları rayonun 11 min nəfər əhalisinin yaşadığı Düzyurd, Arıqdam, Yenikənd, Söyüdlü və Qaradağ kəndlərinin su tələbatı nəzərə alınmaqla layihələndirilib. Ümumilikdə bu layihədən gələcəkdə 23 min nəfər faydalanacaq.

Layihənin icrasına qədər olan vəziyyət barədə məlumat verilərkən bildirildi ki, Gədəbəy şəhərinin mərkəzləşdirilmiş içməli su təchizatı sistemi 1960-cı illərdə yaradılıb. “Azərsu” ASC hazırda şəhərin 10 min sakinindən 25 faizinə xidmət göstərir. Mərkəzləşdirilmiş qaydada su alan əhaliyə hər gün qrafik üzrə 4 saat su verilir. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyir. Gədəbəy şəhərində kanalizasiya sistemi isə indiyə qədər mövcud olmayıb.

Prezident İlham Əliyev Gədəbəy şəhərinə təmiz içməli suyun verilməsini bildirən düyməni basdı.

Sonda xatirə şəkli çəkdirildi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin