SİYASƏT


Prezident İlham Əliyev: Güləbird Su Elektrik Stansiyasının istismara verilməsinin çox böyük rəmzi mənası var VİDEO

Bakı, 15 fevral, AZƏRTAC

Kəlbəcər-Laçın zonasında su elektrik stansiyaları üçün təbii şərait çox əlverişlidir və vaxtilə burada bir çox stansiyalar olub. Mənfur düşmən də işğal dövründə bu stansiyalardan istifadə edib. Ancaq Ermənistan kapitulyasiyadan sonra 20 gün ərzində - dekabrın 1-nə qədər demək olar ki, bütün bu su elektrik stansiyalarını darmadağın edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev azad olunmuş ərazilərə növbəti səfəri zamanı Laçın rayonunun Güləbird kəndində çıxış edərkən bildirib.

Güləbird Su Elektrik Stansiyasının da düşmən tərəfindən dağıdıldığını qeyd edən dövlətimizin başçısı deyib ki, verilən tapşırıqlar qısa müddət ərzində yerinə yetirildi və bu gün biz 8 meqavat gücə malik bu stansiyasının açılışını edirik.

“Bu, azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyasıdır və bunun çox böyük əhəmiyyəti, böyük rəmzi mənası var. Biz qayıdırıq bu torpaqlara. Biz Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa edəcəyik. Düşmən təkcə Laçın rayonu ərazisində 5 su elektrik stansiyasını dağıdıb. Onların hamısı bərpa ediləcək. Kəlbəcər rayonunun ərazisində isə 12 su elektrik stansiyası yenidən qurulacaq. Beləliklə, yalnız Kəlbəcər və Laçın rayonlarında dağıdılmış və bərpa ediləcək stansiyaların generasiya gücü 120 meqavat olacaqdır. Bu, çox böyük generasiya gücüdür. Bu generasiya gücü ilə biz bu əraziləri bərpa edəcəyik, dayanıqlı enerji ilə təmin edəcəyik”, - deyə Prezident vurğulayıb.

Bölgədə bərpaolunan enerji növlərinin çox böyük potensialı olduğunu bildirən Prezident İlham Əliyev deyib: “Onların arasında ən böyük potensiala “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları malik olacaqdır. Bu stansiyaların tikintisi ilə bağlı İran İslam Respublikası ilə razılığa gəlmişik. Yaxın gələcəkdə bu su elektrik stansiyaları tikiləcək və beləliklə, Azərbaycan tərəfinə bu stansiyaların fəaliyyətindən düşən generasiya gücü 120 meqavat olacaqdır. Yəni, biz bir neçə ildən sonra 120 meqavat “Xudafərin” və “Qız Qalası” stansiyalarından, 120 meqavat isə Kəlbəcər və Laçın rayonlarındakı su elektrik stansiyalarından alacağıq. Bu, 240 meqavat generasiya gücü deməkdir və bunun üstünlüyü odur ki, bu, su elektrik stansiyalarıdır və enerjinin maya dəyəri çox aşağıdır. Bununla paralel olaraq, artıq göstəriş vermişəm ki, bizim azad edilmiş bütün digər torpaqlarda bərpaolunan enerji növlərinin və yerlərin müəyyənləşdirilməsi prosesinə start verilsin. Belə bir göstəriş verildi və bu gün Zəngilan rayonunda birinci pilot “ağıllı kənd” layihəsi də məhz bərpaolunan enerji ilə təchiz ediləcəkdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.