İQTİSADİYYAT
Prezident İlham Əliyev: Hazırda qarşımızda duran əsas vəzifələrdən biri mövcud potensiala əsaslanaraq Azərbaycanı güclü sənaye dövlətinə çevirməkdir
Bakı, 15 may (AZƏRTAC). Prezident İlham Əliyev “The Business Year” jurnalına müsahibəsində demişdir ki, son 10 ildə Azərbaycanın qeyri-neft sektorunda orta hesabla 10 faiz illik artım müşahidə olunmuşdur. Milli sahibkarlığın hərtərəfli dəstəklənməsi, nəhəng investisiya proqramlarının icrası, sosial-iqtisadi infrastrukturların bərpası və yenidən qurulması, qabaqcıl texnologiyalara əsaslanan, rəqabət qabiliyyətli yeni istehsal müəssisələrinin tikintisi Azərbaycanda sənaye istehsalının həcmini 2,7 dəfə artırmışdır. Hazırda qarşımızda duran əsas vəzifələrdən biri mövcud potensiala əsaslanaraq Azərbaycanı güclü sənaye dövlətinə çevirməkdir.
Dövlətimizin başçısı bildirmişdir ki, artıq sənayenin şaxələndirilməsi və modernləşdirilməsi istiqamətində müəyyən işlər görülmüşdür. Biz mövcud təbii və iqtisadi resursları istehsalat dövriyyəsinə cəlb edirik, yeni istehsal sahələri və sənaye parkları yaradırıq, innovasiyaların tətbiqini sürətləndiririk. Buna görə də 2014-cü il “Sənaye ili” elan olunmuş, cari ildə həyata keçiriləcək tədbirlərin ümumi planı hazırlanmış və təsdiq edilmişdir. Eyni zamanda, “Sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın hazırlanması və təsdiq olunması nəzərdə tutulur.
“Hesab edirik ki, toplanmış təcrübə və ölkəmizin ümumi iqtisadi potensialı qarşıda duran vəzifələrin uğurla həll edilməsinə imkan verəcəkdir”, - deyə Azərbaycan Prezidenti vurğulamışdır.