RƏSMİ XRONİKA


Prezident İlham Əliyev Kubanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

Bakı, 10 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Kuba Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Omar Senon Medina Kinteronun etimadnaməsini qəbul etmişdir.

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səfir Omar Senon Medina Kinteron etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Azərbaycan ilə Kuba arasında ikitərəfli əlaqələrin yaxşı səviyyədə olduğunu deyən dövlətimizin başçısı bu əlaqələri daha da genişləndirməyin zəruriliyini vurğuladı. Ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirən Prezident İlham Əliyev iqtisadi və digər sahələrdə fəal əməkdaşlıq əlaqələri yaratmağın önəmini qeyd etdi.

Kuba Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş səfiri Omar Senon Medina Kinteron ölkəmizdə gedən çox böyük inkişaf proseslərinin onda xoş təəssürat yaratdığını dedi. Səfir Azərbaycan ilə Kuba arasında əlaqələrin möhkəmləndirilməsi işində səylərini əsirgəməyəcəyini bildirdi.

Görüşdə birgə layihələr, sərmayə qoyuluşu, səhiyyə, idman, enerji və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin