SİYASƏT


Prezident İlham Əliyev Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Bakı, 3 yanvar, AZƏRTAC

Prezident İlham Əliyev müqəddəs Milad bayramı münasibətilə Azərbaycanın bütün pravoslav xristianlarını təbrik edib.

AZƏRTAC xəbər verir ki, təbrikdə müasir dünyada multikulturalizmin ünvanlarından birinə çevrilən Azərbaycan Respublikasının yüksək humanizm və dözümlülük prinsiplərinə əsaslanan mütərəqqi ictimai dəyərlərin demokratik birgəyaşayış norması kimi qəbul edildiyi nümunəvi cəmiyyətə malik olduğu bildirilir. Vurğulanır ki, tarixən müxtəlif dinlərin və millətlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində vahid ailə kimi yaşadığı Azərbaycanda pravoslavlıq say etibarilə ən böyük xristian konfessiyasıdır.

“Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, bu gün cəmiyyətimizin ayrılmaz hissəsi olan pravoslav xristian icması digər dini etiqadların mənsubları ilə birgə respublikamızın tərəqqisi naminə həyata keçirilən böyük quruculuq işlərində, vətəndaş həmrəyliyinin daha da möhkəmləndirilməsində fəal iştirak edir, dinlərarası əməkdaşlıq və etimad mühitinin inkişafına öz layiqli töhfələrini verir. İnanıram ki, pravoslav xristian icması bundan sonra da ümumi evimiz olan Azərbaycanın daha da güclənməsi naminə əlindən gələni əsirgəməyəcəkdir”, - deyə dövlətimizin başçısı təbrikdə bildirir.

Hər il Azərbaycanda təntənə ilə qeyd edilən Milad bayramının yeniliyi, paklığı, mərhəmət və xeyirxahlıq kimi ülvi hissləri özündə təcəssüm etdirdiyini vurğulayan dövlətimizin başçısı təbriki bu sözlərlə bitirir: “Bu əziz gün münasibətilə bir daha hamınıza bayram təbriklərimi yetirir, ailələrinizə səadət, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.