RƏSMİ XRONİKA
Prezident İlham Əliyev Misirin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir
Bakı, 14 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tarek Hosni Ahmed Abu Sennanın etimadnaməsini qəbul etmişdir.
Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir Tarek Hosni Ahmed Abu Sennan etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.
Misir Ərəb Respublikasının qədim tarixə və zəngin mədəniyyətə malik olduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələri genişləndirmək üçün böyük potensialın olduğunu dedi. Xalqlarımız arasında tarixi dostluq əlaqələrinin mövcud olduğunu söyləyən dövlətimizin başçısı ikitərəfli münasibətləri siyasi, iqtisadi və digər sahələrdə genişləndirməyin zəruriliyini qeyd etdi və bu işdə misirli diplomata uğurlar arzuladı.
Səfir Tarek Hosni Ahmed Abu Sennan ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələri genişləndirməkdə maraqlı olduğunu bildirdi və bu işdə səylərini əsirgəməyəcəyini vurğuladı.