Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edib YENİLƏNİB 3 VİDEO

Moskva, 25 may, AZƏRTAC

Mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə qonaq qismində iştirak edib.

Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasını Rusiya Prezidenti Vladimir Putin açdı.

Azərbaycan Prezidentinin Ali Avrasiya İqtisadi Şurasının iclasında qonaq qismində iştirak etdiyini vurğulayan Rusiya Prezidenti dedi:

- Mənim üçün qeyd etmək xoşdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev bugünkü iclasda ilk dəfədir qonaq qismində iştirak edir. Mən onu və Azərbaycan nümayəndə heyətini salamlamaq istərdim.

Sonra Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edən üzv dövlətlərin başçıları çıxış etdilər.

Təşkilatda müşahidəçi ölkə olan Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev iclasda videobağlantı vasitəsilə çıxış etdi, daha sonra Kuba Prezidenti Migel Diaz-Kanelin iclas iştirakçılarına videomüraciəti nümayiş olundu.

Rusiya Prezidenti Vladimir Putin dedi: Mən məmnuniyyətlə sözü qonaqlarımıza verirəm. Bir daha təkrar etdiyim kimi, sözü belə tədbirlərdə ilk dəfə iştirak edən Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevə verirəm. İlham Heydər oğlu, söz Sizə verilir, buyurun.

Dövlətimizin başçısı iclasda çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı

- Hörmətli Vladimir Vladimiroviç.

Hörmətli dövlət başçıları, hörmətli iclas iştirakçıları.

İlk növbədə, Avrasiya İqtisadi Birliyinin üzv dövlətlərinin sammitinin işində qonaq qismində iştirak etməyə dəvətinə görə Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinə təşəkkürümü bildirmək istəyirəm.

Ermənistan istisna olmaqla, Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanlar var. Bu gün Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin üçtərəfli görüşü olacaq.

Həmkarlarıma məlumat vermək istəyirəm ki, ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Biz əmtəə dövriyyəsinin gələcək artımında böyük potensialın olduğunu görürük. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq. Son zamanlar Azərbaycan ərazisindən yükdaşımaların artmasını nəzərə alsaq, bu, xüsusilə vacibdir. Bakıda artıq bir neçə ildir bütün növ gəmilər hazırlaya bilən müasir gəmiqayırma tərsanəsi fəaliyyət göstərir. Bildirməyə şadam ki, Azərbaycanın gəmiqayırma imkanları bu gün, həmçinin bizim Xəzərdəki qonşularımıza da təqdim olunub. Bakı gəmiqayırma zavodunda bizim Xəzər üzrə qonşularımızın sifarişlərinin qəbul edilməsi üzrə danışıqlar və fəal iş aparılır.

Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir. Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır. Biz, həmçinin ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürmüşük. Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir. Onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda - Füzuli və Zəngilanda son iki ildə tikilib. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək. Ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir. Azərbaycan iqtisadiyyatı müstəqilliyin demək olar ki, bütün dövrü ərzində dayanıqlılıq və artım nümayiş etdirir.

Biz tam iqtisadi müstəqilliyə nail olmuşuq. Bu da bizim uğurla həyata keçirdiyimiz müstəqil xarici siyasət kursunu aparmaq imkanının mühüm amilidir. Təxminən dörd ildir Azərbaycan 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra sayca ikinci beynəlxalq təsisatdır. Azərbaycan iqtisadiyyatı özü-özünü təmin edir və kənardan dəstəyə ehtiyacı yoxdur. Son 20 il ərzində ölkəmizin ümumi daxili məhsulu (ÜDM) 3 dəfədən çox artıb. Yoxsulluğun səviyyəsi təxminən 50 faizdən 5 faizə enib. Xarici borc ÜDM-in demək olar ki, 9 faizindən aşağı səviyyəsindədir və ildən-ilə azalır. Azərbaycanın valyuta ehtiyatları xarici borcu 10 dəfə üstələyir. Hazırda qarşımızda duran başlıca məsələlərdən biri ixracın şaxələndirilməsidir. İqtisadiyyatın şaxələndirilməsinə gəlincə, bu məsələ uğurla həll olunur. Azərbaycan iqtisadiyyatının böyük hissəsi artıq qeyri-xammal sektorunda formalaşır. İxracata gəlincə, qeyri-xammal sektorunun ixracını artırmaqdan ötrü biz hələ fəal işləməliyik.

Baxmayaraq ki, işsizliyin səviyyəsi cəmi 5 faiz təşkil edir, demoqrafik artım, - son 30 il ərzində Azərbaycan əhalisinin sayı 7 milyondan 10 milyona qalxıb, - yeni iş yerlərinin yaradılması üzrə fəal səylər tələb edir. Biz, əlbəttə, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə fəal qarşılıqlı əlaqələri həm ikitərəfli formatda, - biz bunu uğurla edirik, - həm də çoxtərəfli formatda möhkəmləndirmək fikrindəyik.

Artıq qeyd olunduğu kimi, mən Avrasiya İqtisadi Birliyinin sammitində ilk dəfədir iştirak edirəm. Halbuki, biz Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərin başçıları ilə həm Müstəqil Dövlətlər Birliyinin sammitləri çərçivəsində, həm də ikitərəfli formatda müntəzəm görüşürük. Buna görə də, baxmayaraq mən ilk dəfədir qonaq qismində iştirak edirəm, lakin yəqin ki, burada qonaq deyiləm. Bu gün bizim ünsiyyət qurmaq imkanımız oldu, ünsiyyətimiz davam edəcək. Vladimir Vladimiroviç, sonda bir daha Sizə dəvət üçün, eləcə də bütün həmkarlarıma bu dəvəti dəstəklədiklərinə görə təşəkkür etmək istərdim. Sağ olun.

Prezident Vladimir Putin: Çox sağ olun. Həqiqətən, Azərbaycanın ikitərəfli formatda təşkilata üzv ölkələrimizlə iqtisadi münasibətləri müntəzəm artır və bizim hamımız üçün - həm Azərbaycan üçün, həm də təşkilatın hər bir iştirakçı ölkəsi üçün əhəmiyyət kəsb edir.

x x x

Sonra Tacikistan Prezidenti Emoməli Rəhmon iclasda videobağlantı vasitəsilə çıxış etdi.

Prezident Vladimir Putin: Artıq dediyim kimi, həm Azərbaycan, həm də Tacikistanla münasibətlərimiz ikitərəfli planda fəal şəkildə inkişaf edir. Ona görə də belə çoxtərəfli formatda müzakirələrə qoşulmaq şübhəsiz ki, yalnız faydalı ola bilər. Son nəticədə Tacikistan və Azərbaycan bizim təşkilatın işində necə fəal iştirakları ilə bağlı qərarlar qəbul edəcəklər. Bu, tam şəkildə Özbəkistana da aiddir. Bizim ümumi işimizdə və bugünkü tədbirimizdə iştiraklarına görə həmkarlarıma təşəkkürümü bildirirəm.

Sözü Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri...

Baş nazir Nikol Paşinyan: Üzr istəyirəm, Vladimir Vladimiroviç, olar? Mənim kiçik replikam var.

Prezident Vladimir Putin: Bəli, buyurun, xahiş edirəm.

Baş nazir Nikol Paşinyan: Azərbaycan Prezidenti çıxışında son illər Ermənistana qarşı ərazi iddialarının irəli sürülməsinə əsas verən ifadədən istifadə etdi. Demək istəyirəm ki, bu, 2020-ci il 9 noyabr tarixli üçtərəfli Bəyanatın 9-cu bəndinin yerinə yetirilməsi çərçivəsində istifadə olunur. Vurğulamaq istərdim ki, bu Bəyanatda təkcə bir dəhliz haqqında deyilir və bu, Laçın dəhlizidir. O, Rusiya sülhməramlılarının nəzarəti altında olmalı idi, lakin təəssüf ki, Azərbaycan tərəfindən qanunsuz olaraq bloklanıb. Digər tərəfdən, Ermənistan Respublikasının regionda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların və Ermənistan Respublikasının ərazisindən keçən kommunikasiyaların blokadadan çıxarılmasına hazır olduğunu vurğulamaq istəyirəm. Biz bunu erməni yolayrıcı adlandırırıq. Biz regional kommunikasiyaların onların keçdiyi ölkələrin suverenliyi və yurisdiksiyası çərçivəsində açılmasına hazırıq. Mən 2020-ci il 9 noyabr tarixli üçtərəfli Bəyanatın 9-cu bəndində və 2021-ci il 11 yanvar tarixli üçtərəfli Bəyanatda nəzərdə tutulan nəqliyyat, iqtisadi kommunikasiyaları nəzərdə tuturam. Sağ olun.

Prezident Vladimir Putin: Çox sağ olun. Lakin eşitdiyim kimi, Prezident Əliyev çıxışında məhz hələ 1991-ci ildə təsdiq olunmuş sazişlərlə uyğun şəkildə müvafiq sərhədlərin tanınması ilə bağlı şəraitin yaradılmasından danışdı. Bu şərtlər belə bir qənaət hasil etməyə əsas verir ki, Azərbaycanla Ermənistan arasında müvafiq, o cümlədən nəqliyyat kommunikasiyaları üzrə razılaşmalara nail oluna bilər.

Mənim üçün qeyd etmək çox xoşdur ki, Ermənistanın baş naziri ölkəsinin də bu cür düşündüyünü dedi. O hesab edir ki, bu, mümkündür və müsbət düşünür. Lakin mənə elə gəlir ki, bu gün biz üçtərəfli görüşdə bütün bunları müzakirə edə bilərik. Ümidvaram, tamamilə aydındır ki, həm Azərbaycanın, həm Ermənistanın, eləcə də bütün regionun iqtisadi inkişafına dair məsələlərlə bağlı razılıq əldə edə biləcəyik. Mənə elə gəlir ki, bizim bunu üçtərəfli formatda detallı şəkildə müzakirə etməyə vaxtımız olacaq.

Prezident İlham Əliyev: Mən, əlbəttə, diskussiya açmaq istəmirəm. Lakin Ermənistana qarşı ərazi iddialarımızın olması barədə ittihamlar səsləndiyinə görə demək istəyirəm ki, bizim belə iddialarımız yoxdur. Mənim sözlərimdə ərazi iddialarının olmasını görmək üçün xüsusi canfəşanlıq etmək və ya güclü fantaziyaya malik olmaq lazımdır. Mənim istifadə etdiyim “dəhliz” sözünə gəldikdə, o zaman mən bu kəlməni dəqiq olaraq “Şimal-Cənub” dəhlizinə münasibətdə də işlətmişəm, bu söz elə həmin dəqiqliklə “Şərq-Qərb” dəhlizinə münasibətdə də istifadə olunur. “Dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və düşünürəm, beynəlxalq terminologiya ilə tanış olan insanlar yəqin ki, ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər. Vladimir Vladimiroviçin dediyi kimi və Ermənistanın rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını nəzərə alsaq, hesab edirəm ki, sülh sazişinə nail olmaq üçün imkanlar var. Sağ olun.

Baş nazir Nikol Paşinyan: Vladimir Vladimiroviç, üzr istəyirəm. Demək istəyirəm ki, 2020-ci il 9 noyabr tarixli üçtərəfli Bəyanatın mətni ilə tanış olan hər kəs bilir ki, bu Bəyanatda “dəhliz” sözü yalnız bir halda işlənilib. Bu kontekstdə həmin söz xüsusi məna daşıyır. Bu da, təkrar edirəm, üçtərəfli Bəyanata uyğun olaraq Rusiya Federasiyasının nəzarəti altında olmalı olan və Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi haqqındadır. Lakin, təəssüf ki, Azərbaycan Rusiya sülhməramlılarının nəzarətində olan bu dəhlizi qanunsuz şəkildə bloklayıb. Digər tərəfdən, təsdiq etmək istəyirəm ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü qarşılıqlı surətdə tanımaqla bağlı razılaşıblar. Demək olar ki, biz bu əsasda münasibətlərimizin nizama salınması istiqamətində kifayət qədər yaxşı irəliləyirik.

Bu kontekstdə çox mühüm məsələni qeyd etmək istəyirəm. Ümidvaram ki, “Dağlıq Qarabağ” sakinlərinin hüquqları və təhlükəsizliyi məsələsinin beynəlxalq mexanizmlər çərçivəsində həlli üçün tezliklə Bakı və “Stepanakert” arasında normal, konstruktiv dialoq başlayacaq. Sağ olun.

Prezident Vladimir Putin: Çox sağ olun.

Prezident İlham Əliyev: Vladimir Vladimiroviç, bağışlayın, Ermənistanın baş nazirinin sözlərində yenə ittiham səsləndi. Əgər Siz diqqət etdinizsə, nə çıxış zamanı, nə də replika zamanı mənim sözlərimdə heç bir ittiham yox idi. Amma mən bunu, sadəcə, cavabsız qoya bilmərəm. Başa düşürəm, biz diskussiyanı bir az başqa istiqamətə aparırıq, hərçənd düşünürəm ki, bu, bir çoxları üçün maraqlıdır. İcazənizlə cavab verim və deyim ki, Azərbaycan heç bir dəhlizi bloklamayıb. Laçın-Xankəndi yoluna gəldikdə, o açıqdır. Sizin tanıdığınız Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir. Bu gün həmin nəzarət-buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları Ermənistan tərəfinə sərbəst keçirlər. O cümlədən Qırmızı Xaçın xətti ilə daşınan pasiyentlər, həmçinin Xankəndi şəhərindən təcili yardım maşınları ilə bağlı heç bir maneə yoxdur. Hər hansı qərəzsiz insan, təbii ki, bunu görməlidir. Zənnimcə, kürsüdən əsası olmayan ittihamlar üçün istifadə etmək lazım deyil. Dediyim Zəngəzur dəhlizinə gəlincə, əgər mənim çıxışıma diqqətlə qulaq asılsa, orada deyilir ki, “Azərbaycan Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb”. Hər hansı təşəbbüslə çıxış etmək bizim hüququmuzdur. Bizim doğru, legitim, ağlabatan hesab etdiklərimiz, yeri gəlmişkən, o cümlədən Rusiya Federasiyası, Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması prosesinə cəlb olunmuş digərləri tərəfindən də dəstəklənir.

Baş nazir Nikol Paşinyan: Çox maraqlıdır, sağ olun. Vladimir Vladimiroviç, üzr istəyirəm, mənə çox maraqlıdır bilim ki, Sizin dediyiniz həmin layihəni Rusiya dəstəkləyirmi. Düzünü desəm, mən bu barədə ilk dəfədir eşidirəm. Bilirəm ki, Rusiya bizim regionda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasını dəstəkləyir. Sizin dediyiniz Laçın yoluna gəlincə, bizim üçtərəfli Bəyanatımıza əsasən, Laçın yolu mövcud deyil, Laçın dəhlizi mövcuddur, biz üçümüzün imzaladığımız üçtərəfli Bəyanata əsasən, Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olmalıdır. Yaxud, başqa heç kim həmin dəhlizdə heç bir nəzarət həyata keçirə bilməz. Orada baş verənlər - üçtərəfli Bəyanatın birbaşa pozulmasıdır. Siz dediniz ki, dəhliz açıqdır. Biz bunu görmürük. Biz belə hesab etmirik, buna görə də vacib hesab edirik ki, həm Laçın dəhlizinə, həm də Dağlıq Qarabağa beynəlxalq missiya göndərilsin və bu missiya Dağlıq Qarabağda humanitar vəziyyəti dəyərləndirsin. Deməliyəm ki, orada təəssüflər olsun, dekabr ayından bəri humanitar böhran yaşayırıq. Çünki Laçın dəhlizinin bağlanması səbəbindən ərzaq və zəruri məhsulların tədarükü üçün maneələr yaradılır. Bu, olduqca ciddi vəziyyətdir, Azərbaycan tərəfindən qaz, elektrik kəsilib. Mən Dağlıq Qarabağa gedən qaz və elektriki nəzərdə tuturam. Vladimir Vladimiroviç, Siz bu barədə çox yaxşı bilirsiniz, çünki biz bu barədə dəfələrlə danışmışıq. Mən üzr istəyirəm, lakin belə çıxır ki, ...

Prezident Vladimir Putin: Mən sizin siqnalları gördüm və buna reaksiya verim. Həmkarlar öz mövqelərini söylədilər, qısaca, dürüst ifadə etdilər, bu, onlar üçün vacibdir. Bax, bunu demək istəyirəm. Bu hissənin sonunda mənə elə gəlir ki, biz sizinlə üçümüz hər halda yaxşı bilirik, terminologiya başqa sözlə hüquqi texnikadır, dəhliz, digərləri, digərləri - bu, vacibdir və burada müəyyən ziddiyyət var. Lakin daha vacib olanı indi Sizin - həm Azərbaycan Prezidentinin, həm Ermənistan baş nazirinin dediyi kimi prinsipial məsələ ərazi bütövlüyü məsələsidir. Bu razılaşma prinsipial xarakterlidir. Bu, digər, hər halda ikinci dərəcəli məsələlər üzrə razılığa gəlmək üçün həqiqətən bazadır. Halbuki onlar da mühüm əhəmiyyətə malikdir. Lakin bizim indi imkanımız olacaq ki, razılaşdığımız kimi üçtərəfli formatda bütün bunlar barədə sakit və işgüzar şəraitdə danışaq. Mən ümidvaram ki, təkcə Ermənistan və Azərbaycan arasında deyil, həm də bütövlükdə regionda vəziyyəti belə konstruktiv yola çıxaracaq hansısa razılaşmaya nail olacağıq. Sizi inandırmaq istərdim ki, buraya toplaşanların hamısı bunda maraqlıdır. Tam hamısı. Bax, Aleksandr Qriqoryeviç bu gün bu barədə qapalı formatda kifayət qədər inandırıcı danışdı.

Çünki hər halda, burada nə deyəsən, burada Sovet İttifaqının keçmiş respublikalarıdır. Biz vahid xalqlar ailəsində yaşamışıq və əfsuslar olsun ki, burada bizim xeyli ziddiyyətlərimiz var, silahlı münaqişələrə gedib çıxır. Rusiyada da məlum istiqamətdə eynisi baş verir. Buna görə də bütün bunlar olduqca həssasdır, bütün bunlar insan faciələri ilə bağlıdır. Biz hamımız maraqlıyıq ki, bütün bu problemlər həll olunsun. Bu vəziyyətə gəlincə, bir daha təkrar edirəm, bizim üçtərəfli formatda danışmaq fürsətimiz olacaq. Buna görə də Ermənistanın baş nazirinə və Azərbaycan Prezidentinə gəldiklərinə görə minnətdaram. Ermənistanın baş nazirinə minnətdaram ki, o, bu səfərə mane olmayıb. Biz hamımız buraya toplaşmışıq ki, bu həssas mövzular barədə danışaq.

x x x

Sonra Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Mixail Myasnikoviç çıxış etdi.

Üzv dövlətlərin başçıları iclasın yekun sənədlərini imzaladılar.

Rusiya Prezidenti Vladimir Putin iclasın işinə yekun vurdu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edib YENİLƏNİB 3 VİDEO

Azərbaycan Mərakeşdə “Kral VI Məhəmməd Kuboku” V beynəlxalq polo turnirində təmsil olunur

Bayden xərçəng xəstəliyinin ağır formasına yoluxub

Polşada prezident seçkilərinin birinci turunda qalib müəyyənləşməyib

Hikmət Hacıyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının sədri ilə görüşüb

Göyçayda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib

Parisdə caz festivalında azərbaycanlı pianoçunun ifası alqışlarla qarşılanıb

Rumıniyada prezident seçkilərinin ikinci turunun “exit-poll” nəticələri açıqlanıb

“Qalatasaray” Türkiyə çempionu olub

Milli Məclisin sədri Sahibə Qafarova Roma Papasının taxtaçıxma mərasimində iştirak edib

Hikmət Hacıyev: Azərbaycan və İran iqtisadi əməkdaşlığı davam etdirməli, ikitərəfli əlaqələri gücləndirməlidir

Futbol üzrə Azərbaycan çempionatının qalibi olan “Qarabağ” klubu mükafatlandırılıb VİDEO

Futbol üzrə Azərbaycan çempionatının qalibi olan “Qarabağ” klubu mükafatlandırılıb VİDEO

“DOST Evi”nin benefisiar və əməkdaşları Qəbələ Dövlət Tarix Bədii Qoruğunda olublar

Milli Qəhrəman İqor Kşnyakinin xatirəsi “Ümid yeri” uşaq sığınacağında anılıb VİDEO

Milli Qəhrəman İqor Kşnyakinin xatirəsi “Ümid yeri” uşaq sığınacağında anılıb VİDEO

Qurban Qurbanov: Sanki meydana çempion komanda çıxmamışdı

Baş məşqçi: Birinci hissədə meydanda yaxşı "Kəpəz" gördük

Şəki Dövlət Dram Teatrı məktəblilərə yeni tamaşa təqdim edib

Misli Premyer Liqasında XXXV tura yekun vurulub

Ədəbiyyat Muzeyi bu gün 3500-ə yaxın ziyarətçini qəbul edib

Zelenski: Müqəddəs Taxt-Tacın nüfuzu bu müharibənin sona çatmasında mühüm rol oynaya bilər

Cavanşir Feyziyev: Xoşbəxtik ki, Bəxtiyar Vahabzadənin ömrü boyu arzuladığı bütün ideyalar artıq həyata keçib

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə əhəmiyyətli beynəlxalq platformadır

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

AMEA-nın prezidenti: Bəxtiyar Vahabzadənin sənətinə, şəxsiyyətinə, xidmətlərinə böyük ehtiram var

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

“Azərbaycan tarının sehrli gecəsi” Romada

Sudanda silahlıların hücumu nəticəsində 18-dən çox insan qətlə yetirilib

Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd olunub

Quba Soyqırımı Memorial Kompleksində "Açıq qapı" günü təşkil olunub

Mil-Muğan regionu üzrə 7 mindən çox VI sinif şagirdi monitorinqə cəlb olunub

Gürcüstanda bu il 212 nəfər İİV-ə yoluxub

AAF sürət avtomobillərinin sərgisini təşkil edib

Filarmoniyada “Milli opera incilərimiz” layihəsi çərçivəsində konsert olub

Əminə Əliyeva dünya çempionu olub

İsveçdə Saami parlamentinə seçkilər keçirilir

Bakıda “Qalxanabənzər vəzi xərçəngi və metabolik xəstəliklər: müasir yanaşma” mövzusunda konfrans keçirilib YENİLƏNİB VİDEO

Bakıda “Qalxanabənzər vəzi xərçəngi və metabolik xəstəliklər: müasir yanaşma” mövzusunda konfrans keçirilib YENİLƏNİB VİDEO

Moqadişoda intiharçının hücumu nəticəsində azı 10 nəfər ölüb, çoxlu sayda yaralılar var

Bakıda Türk Dünyası Ürək-damar Cərrahiyyəsi Birliyinin zirvə toplantısı keçirilib VİDEO

Bakıda Türk Dünyası Ürək-damar Cərrahiyyəsi Birliyinin zirvə toplantısı keçirilib VİDEO

Azərbaycan Prezidentinin köməkçisi Tehranda Dialoq Forumunda iştirak edir

Abituriyentlər BANM-in tədris prosesi barədə məlumatlandırılıb

Ömer Bolat: TDT ölkələri ilə iqtisadi əlaqələr Türkiyə üçün əhəmiyyətlidir

Hindistanda binada baş verən yanğın 17 nəfərin ölümünə səbəb olub

Dillər Universitetində "Terrakota ordusu. Çinin ölməz döyüşçüləri" virtual sərgisi təşkil olunub

Naxçıvanda VI siniflər üzrə monitorinq keçirilib

Ümumdünya Səhiyyə Assambleyası növbəti qlobal pandemiyaya hazırlıq sazişini müzakirə edəcək

FHN bəzi bölgələrdə gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“İnklüziv harmoniyalar - muzeydə rənglər və səslər” adlı tədbir-sərgi təşkil olunub

“Biz muzeyin insanlar üçün sirli qalan hissəsində çalışan arxa cəbhə əsgərləri kimiyik” - Milli Xalça Muzeyinin pərdə arxası

Ombudsman “İnsan hüquqları aylığı”nın elan olunması ilə bağlı müraciət ünvanlayıb

Putin: Rusiya ABŞ-ın maraqlarına hörmətlə yanaşır və eyni münasibəti də özünə qarşı gözləyir

Naxçıvanda “Yüksəliş” müsabiqəsinin Analitik təhlil imtahanı keçirilib VİDEO

Naxçıvanda “Yüksəliş” müsabiqəsinin Analitik təhlil imtahanı keçirilib VİDEO

Paytaxtda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak edib

QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini: Ölkədə rəsmi qeydiyyata alınan İİV-ə yoluxmuş şəxslərin sayı 10 min 324 nəfərdir

Vatikanda Papa XIV Leonun andiçmə mərasimi keçirilir

Sabah ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti müşahidə ediləcək

Milli Kitabxanada “Xalq şairi Rəsul Rza–115” adlı kitab sərgisi açılıb

Suriya hakimiyyəti silahlı qrupların vahid komandanlıq altında birləşdiyini elan edib

Türkiyəli nazir: Zəlzələlər nəticəsində evinin itirmiş vətəndaşların heç biri bu ilin sonunadək mənzilsiz qalmayacaq

Şabranda minik avtomobili yük maşını ilə toqquşub, iki nəfər ölüb

Ukraynaya rekord sayda dronla hücum edilib, ölən və xəsarət alanlar var

Bu xəstəlik cavanlaşır - Respublika QİÇS-lə Mübarizə Mərkəzindən REPORTAJ VİDEO

Azərbaycanda "Araz-2025" birgə təlimi keçirilir VİDEO

Azərbaycanda "Araz-2025" birgə təlimi keçirilir VİDEO

Əziz Əliyev: Son illərdə Seçenov Universitetinin Bakı filialı böyük inkişaf yolu keçib

Köçkün gənc ABŞ universitetinin siması seçildi – Ayan Hüseynlinin uğur hekayəsi

Polşada prezident seçkiləri keçirilir

Rumıniyada prezident seçkilərinin ikinci turu başlayıb

18 May - Beynəlxalq Muzeylər Günüdür

Vüqar Rəhimzadə: Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak Azərbaycanın təşəbbüskar mövqeyini təsdiqləyir

Britaniya Aİ ilə yeni saziş imzalamağı planlaşdırır

Meksikaya məxsus hərbi gəmi Nyu-Yorkda Bruklin körpüsünə çırpılıb

Ciorcia Meloni Aİ-nin ekologiya siyasətini tənqid edib

Avstriya “Avroviziya“ beynəlxalq mahnı müsabiqəsinin qalibi olub

ABŞ-da Altsheymer xəstəliyinin diaqnozu ilə bağlı yeni testə icazə verilib

Media: Fransa Çex Respublikasında AES tikintisinə mane olur

İƏİT: Dünyada saxta mal dövriyyəsi 467 milyard dolları ötüb

Mərkəzi Avropa ölkələrində uşaqlar arasında zəhərlənmə halları artır

Kreml Putin və Zelenski arasında görüşün mümkünlüyünü istisna etmir

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu olub

Salyanda “Mirzə Qədim İrəvani – 200” rəsm müsabiqəsinin qalibləri müəyyənləşib

Finlandiyada helikopterlərin toqquşması nəticəsində beş nəfər həlak olub

"Kristal Pelas" Federasiya Kubokunun qalibi olub

Azərbaycan idmançısı dünya çempionatında finala yüksəlib

Xəzər dənizində zəlzələ qeydə alınıb

Bülbülün memorial muzeyində beynəlxalq muzeylər günü qeyd olunub

Füzulidə “Molla Nəsrəddin” tamaşası nümayiş olunub

Azərbaycan Türkiyənin Qara dəniz bölgəsində keçirilən kitab sərgisində təmsil olunur

Almaniya 2024-cü il üzrə iqlim hədəflərinə formal olaraq çatıb

Bundesliqa: “Borussiya Dortmund” Çempionlar Liqasına vəsiqəni sonuncu turda təmin edib

Azərbaycanın Aİ ilə münasibətlərində nəzərəçarpan inkişaf ölkənin dünya siyasətindəki rolunun artdığını göstərir ŞƏRH

Azərbaycan Ordusunda psixoloqlarla təlim keçirilib

Dəmir yollarının “şah damarı”nda VİDEO

Bakıdan Düşənbəyə sənət körpüsü: Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

İrakli Kobaxidze: Regionda həyata keçirilən layihələr Avropa İttifaqı üçün də çox vacibdir

Gürcüstanda Ailə Müqəddəsliyi Günü ilə əlaqədar yürüş keçirilib

Milli Məclisin sədri Sahibə Qafarova Vatikana səfər edib

Papa XIV Leonun andiçmə mərasimində 200-dən çox nümayəndə heyəti iştirak edəcək

Rubio ilə Lavrov arasında telefon danışığı olub

İşğaldan azad olunmuş Ağdam, Ağdərə və Xankəndidəki məktəblərdə ilk dəfə IV siniflərin monitorinqi keçirilib

Misli Premyer Liqası: “Araz-Naxçıvan” üçüncü yeri təmin edib

Tramp bazar ertəsi Putinlə danışacaq

Pedaqoji Universitetdə Xüsusi Təhsil İşçilərinin I Beynəlxalq Forumu keçirilib