MƏDƏNİYYƏT


Prezident İlham Əliyev: Müslümün öz doğma torpağına bağlılığı onun yaradıcılığında da özünü göstərib

Bakı, 17 avqust, AZƏRTAC

Müslümün öz doğma torpağına bağlı olması onun yaradıcılığında da özünü göstərib. Azərbaycana, Odlar Yurduna, Xəzər dənizinə həsr edilmiş onun bəstələdiyi mahnılar nə qədər əzəmətlidirsə, o qədər də Vətənə sevgi ilə dolu olan mahnılardır. O mahnılar bu gün də yaşayır və əbədi yaşayacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakının Dənizkənarı Milli Parkında Müslüm Maqomayevin abidəsinın açılış mərasimindəki çıxışında səsləndirib.

Müslümün bəstələdiyi son mahnı barədə danışan dövlətimizin başçısı deyib: “Biz bu mahnını Bakıda Filarmoniya zalında Müslümlə vida mərasimində eşitdik və çox təsirləndik, çox duyğulandıq. Çünki bilmirdik ki, bu mahnı yazılıb, Müslim özü onu bəstələyib. O mahnının adı “Əlvida, Bakı” idi və o anlayırdı ki, artıq Bakıya gələ bilməyəcək, ən sevimli şəhərə gələ bilməyəcək, bu küçələrdən keçə bilməyəcək, Bakıdakı dostları ilə görüşə bilməyəcək. Təsəvvür etmək çətindir ki, onun kimi həyatı sevən, onun kimi, necə deyərlər, dostlarla bir yerdə olmaq həvəsində olan adam, bax, bu vida mahnısını bəstələyir və bizimlə, şəhərlə vidalaşır. Eyni zamanda, bu, onu göstərir ki, hətta sağlamlığı o qədər də yaxşı olmayan vəziyyətdə onun istedadı, onun böyük sənətkar olması yenə də yerində idi”.

Prezident qeyd edib ki, Müslüm bizimlədir, bu gün Bakıdadır, onun gözəl abidəsi bu gün açılacaq və Bakı heç vaxt onu unutmayacaq. Azərbaycan xalqı heç vaxt onu unutmayacaq. Onun xatirəsi onu tanıyanların qəlbində yaşayacaq, onun möhtəşəm səsi, onun sənəti əbədi yaşayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.