RƏSMİ XRONİKA


Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini və İdarə Heyətinin üzvlərini qəbul edib VİDEO

Bakı, 15 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Prezident İlham Əliyevin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə verdiyi dəstək yüksək qiymətləndirildi.

Paytaxtımızda keçiriləcək IX Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulandı, bu tədbirdə dünyanın müxtəlif ölkələrindən xeyli sayda qonağın iştirak etdiyi qeyd olundu və Forumun beynəlxalq əməkdaşlığı genişləndirmək işinə töhfə verəcəyinə əminlik ifadə edildi.

Söhbət zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünyada nüfuzunun artdığı və aparıcı beynəlxalq təşkilatlarla əlaqələrinin genişləndiyi məmnunluqla qeyd olundu.

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin