Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib [YENİLƏNİB] VİDEO

Bakı, 19 mart, AZƏRTAC

Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva hər il olduğu kimi, bu il də Novruz şənliyində iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəldilər.

Milli geyimli oğlanlar və qızlar Azərbaycan Prezidentinə bayram xonçası təqdim etdilər, dövlətimizin başçısına və xanımına Novruz bayramı münasibətilə təbriklərini çatdırdılar.

İçərişəhərin qala divarları üstündə və meydanda qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanmışdılar.

Ulu Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı.

Milli geyimli uşaqlar meydanda rəqs edirdilər. İncəsənət ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnıları ətrafa yayılır, bayram şənliyinin iştirakçılarında xoş ovqat doğururdu.

Prezident İlham Əliyev Novruz tonqalını alovlandırdı.

Dövlətimizin başçısı bayram şənliyində nitq söylədi.

Prezident İlham Əliyevin

nitqi

-Əziz dostlar, mən sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Bütün Azərbaycan xalqına xoşbəxtlik, yeni uğurlar arzulayıram. 

Azərbaycan xalqı öz milli mənəvi dəyərlərinə həmişə sadiq olmuşdur. Bu gün Azərbaycan dövləti milli dəyərlərimizin qorunması üçün ardıcıl siyasət aparır.

Novruz bayramı bizim milli sərvətimizdir. Müstəqil Azərbaycan dövləti də milli mənəvi dəyərlər üzərində qurulmuşdur. Bu il biz müstəqilliyimizin bərpasının 25-ci ildönümünü qeyd edəcəyik. Bu illər ərzində Azərbaycan sürətlə inkişaf edib.

Müstəqilliyimizin ilk illərində ölkəmizdə gedən proseslər bütün Azərbaycan xalqını çox narahat edirdi. Vətəndaş müharibəsi, iqtisadi və siyasi böhran, torpaqlarımızın işğal altına düşməsi nəticəsində Azərbaycanın gələcəyi sual altında idi. Xalqın tələbi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra vəziyyət dəyişdi, sabitlik, asayiş bərpa edildi və Azərbaycan inkişaf yoluna qədəm qoydu. O vaxtdan bu günə qədər biz bu inkişaf yolundan dönməmişik.

Son illər sürətli inkişaf dövrüdür. Azərbaycan bütün sahələrdə böyük uğurlara imza atıb və bu gün, sözün əsl mənasında, müstəqil siyasət aparan ölkədir.

Azərbaycanda təhlükəsizlik yüksək səviyyədə təmin edilir. Bu gün Azərbaycan xalqı yaxşı görür ki, müxtəlif regionlarda, bölgələrdə vəziyyət gərginləşir, yeni münaqişə, müharibə ocaqları yaranır. Keçən il burada, Novruz şənliyində çıxış edərkən, əlbəttə, biz təsəvvür edə bilmirdik ki, bir il ərzində bu qədər dəyişikliklər olacaq. Bu dəyişikliklər müsbətə doğru dəyişikliklər deyil, yeni münaqişə, qarşıdurma ocaqları, yeni müharibələr, miqrant böhranı. Azərbaycan isə sabitlik, təhlükəsizlik məkanıdır. Biz çalışırıq və çalışacağıq ki, ölkəmizi bütün mümkün risklərdən qoruyaq, xalqımızın rahat yaşamasını, təhlükəsiz həyatını təmin edək və ölkəmizi inkişaf yolu ilə irəliyə aparaq.

Bugünkü dünyada bir çox ölkələr üçün təhlükəsizlik məsələləri ön plana çıxır. Azərbaycan bu sahədə nümunəvi ölkədir. Azərbaycan xalqı rahat, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Azərbaycanda kriminogen durum çox yaxşıdır. Bu göstəriciyə görə biz dünya miqyasında liderlər sırasındayıq. Bir sözlə, hər bir ölkənin inkişafı üçün ictimai-siyasi sabitlik, iqtisadi inkişaf, təhlükəsizlik əsas şərtlərdir. Biz qürur hissi ilə deyə bilərik ki, müstəqillik illərində, xüsusilə son illər ərzində Azərbaycanda təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə təmin edilir. Biz heç bir ölkənin daxili işinə qarışmırıq, heç bir avantüraya qoşulmuruq, öz işimizlə məşğuluq, öz ölkəmizi inkişaf etdiririk, xalqımızın rifahını təmin edirik. Əlbəttə, heç vaxt imkan verməmişik və verməyəcəyik ki, kimsə bizim daxili işimizə qarışsın. Çünki Azərbaycan xalqı öz taleyinin sahibidir. Biz ölkəmizin inkişafı, çiçəklənməsi üçün əlimizdən gələni edirik. Bütün Azərbaycan cəmiyyəti vahid ideya, amal uğrunda birləşibdir - ölkəmizi gücləndirək, iqtisadiyyatı inkişaf etdirək, xalqımızın rifah halını daha da yüksəklərə qaldıraq.

Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan bir ölkədir. Bu ilin ilk ayları bunu bir daha göstərir. Bütün beynəlxalq məsələlərlə bağlı bizim prinsipial mövqeyimiz var və bu mövqeyə heç bir kənar qüvvə təsir edə bilməz. Biz ədalətin, beynəlxalq hüququn, əməkdaşlığın tərəfdarıyıq. Biz heç vaxt imkan verməmişik, vermirik və verməyəcəyik ki, Azərbaycan başqa dövlətlərin maraqlarını təmin etmək üçün qarşıdurma məkanına çevrilsin. Əksinə, Azərbaycan əməkdaşlıq məkanıdır. Biz bölgədə sabitləşdirici, barışdırıcı rol oynayırıq. Bizə olan hörmət getdikcə artır. Çünki bizim sözümüzlə əməlimiz birdir. Biz prinsipial mövqe nümayiş etdiririk. Bəzi ölkələrin bu mövqedən xoşu gəlməyə bilər, ancaq bu, bizim problemimiz deyil. Belə olan halda, əlbəttə ki, təzyiqlər də olacaq, bizi müxtəlif səmtlərə çəkmək üçün səylər göstəriləcək. Amma, eyni zamanda, bizə olan hörmət daha da artacaq. Biz öz siyasətimizlə dünya miqyasında böyük hörmət qazanmışıq və bu hörmət getdikcə artır.

Son iki ay ərzində - yanvarın sonlarından bu günə qədər səkkiz dövlət və hökumət başçısı Azərbaycana səfər etmişdir. Mən son iki ay ərzində bir çox beynəlxalq tədbirlərdə iştirak etmişəm, həmçinin Davos Dünya İqtisadi Forumunda. Bu Forum dünya miqyasında bir nömrəli iqtisadi və siyasi Forumdur. Azərbaycan bu Forumda fəal iştirak edir, öz sözünü deyir. Azərbaycana olan maraq getdikcə artır. Münxen Təhlükəsizlik Konfransı, hesab edirəm ki, dünya miqyasında əhəmiyyət baxımından Davosdan sonra ikinci beynəlxalq tədbirdir. Orada da Azərbaycan hər il iştirak edir, öz sözünü deyir. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçı siyasəti ilə bağlı öz sözünü deyir və bütün arqumentlərlə erməni təbliğatını darmadağın edir.

Bu il mən London konfransında iştirak etmişəm. Bu konfrans da çox önəmli idi. O konfransda iştirak Azərbaycanın önəmini, dünyada oynadığı rolu və əlbəttə ki, bizə olan rəğbəti göstərir.

Mənim Birləşmiş Ərəb Əmirliklərinə, İran İslam Respublikasına, Türkiyəyə rəsmi və işgüzar səfərlərim olub. Yəni, yanvar ayının sonundan bu günə qədər Azərbaycan çox fəal xarici siyasət aparmışdır. Sadaladıqlarım ancaq mənim iştirak etdiyim tədbirlərdir. Bundan başqa digər böyük tədbirlər də keçirilmişdir. Bakıda IV Qlobal Forum keçirilmişdir. Bu Forumda 50-dən çox fəaliyyətdə olan və keçmiş dövlət, hökumət başçısı iştirak etmişdir. Bütün bu amillər onu göstərir ki, Azərbaycan dünya miqyasında çox böyük rol oynayır və bu rol xüsusilə indiki zəmanədə daha da artır. Dünya ictimaiyyəti görür ki, bizim bölgədə sabit olan, prinsipial siyasət aparan ölkələrin sayı o qədər də çox deyil.

Beynəlxalq əlaqələr daha da genişlənəcək. İl ərzində bir çox başqa tədbirlər də gözlənilir, xüsusilə gələn ay Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçiriləcəkdir. Bu Forumun Bakıda keçirilməsi Azərbaycana olan hörmətin təzahürüdür.

Beynəlxalq məsələlərə gəldikdə, bizim üçün əsas məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Əfsuslar olsun ki, bu istiqamətdə heç bir irəliləyiş yoxdur. Bunun başlıca səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi, bu məsələ ilə bilavasitə məşğul olanların biganəliyi və bəzi hallarda təxribatıdır. Mən bunu açıq deməliyəm. Azərbaycan xalqı bunu bilir, bilməlidir. Onsuz da Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə Azərbaycan xalqının o qədər də böyük inamı olmamışdır. Amma yanvar ayında onların törətdikləri əməllər bu inamı tamamilə dağıtmışdır. Bildiyiniz kimi, Avropa Şurası Parlament Assambleyasında iki qətnamə irəli sürülmüşdür. Bu qətnamələr çox dərin təhlil üzərində tərtib edilmişdir. Böyük iş görülmüşdür və bir qətnamə səs çoxluğu ilə qəbul edildi. Orada erməni işğalı pislənildi, erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərlə bağlı Avropa deputatları öz səslərini ucaltdılar. Əfsuslar olsun ki, digər qətnamə qəbul edilmədi. Lehimizə cəmi dörd səs çatmamışdır. Bizim bütün təhlillərimiz göstərirdi ki, hər iki qətnamə rahatlıqla keçəcək. Çünki bizdə bununla bağlı kifayət qədər məlumatlar var idi. Avropa Şurası Parlament Assambleyasının deputatları, bir çox ölkələrin Xarici İşlər nazirlikləri bu əminliyi bizdə yaratmışdılar. Ancaq Minsk qrupunun həmsədrlərinin Avropa Şurasının işinə kobudcasına müdaxiləsi bu xoşagəlməz vəziyyətə gətirib çıxarıb. Onlar Avropa Şurasına səfər etmişlər. Orada Avropa Şurasının rəhbərliyinə bu qətnamənin qəbul olunmaması üçün təzyiq göstərmişlər ki, guya bu qətnamə münaqişənin həllinə problem yaradır. Biz bunu təxribat kimi qəbul edirik. Onu da qeyd etməliyəm ki, nəinki Strasburqda, eyni zamanda, bir çox Avropa ölkələrinin Xarici İşlər nazirliklərinə də onlar oxşar siqnalları, mesajları vermişlər ki, bu qətnamə qəbul edilməsin. Bunun nəticəsində, bir daha demək istəyirəm ki, bizə cəmi dörd səs çatmadı. Əlbəttə, bu qətnamə qəbul olunsaydı daha yaxşı olardı. Nəzərə alsaq ki, birinci qətnamə qəbul edilmişdir və orada bizə lazım olan bütün müddəalar öz əksini tapmışdır, ikinci qətnamənin qəbul edilməməsi böyük faciə deyil. Mən bunu sadəcə ona görə deyirəm ki, Azərbaycan xalqı bir daha bilsin, münaqişənin həll olunmaması təkcə Ermənistanın mövqeyi ilə bağlı deyil. Bu məsələ ilə bilavasitə məşğul olmağa mandat alan Minsk qrupunun həmsədrləri pozucu fəaliyyətləri ilə münaqişənin dondurulmasına xidmət edirlər. Onlar öz səlahiyyətlərini aşaraq beynəlxalq təşkilatların işinə müdaxilə edirlər. Ermənistana təzyiq etmək əvəzinə ermənilərə himayədarlıq edirlər, onları qoruyurlar. Münaqişənin həlli əvəzinə qəribə təkliflər verirlər ki, təmas xəttində təhlükəsizlik tədbirləri möhkəmləndirilsin. Yəni, bu, nə deməkdir? O deməkdir ki, işğalçı dövlət özünü daha rahat hiss etsin və işğalı, status-kvonu daha da möhkəmləndirsin. Biz burada, əlbəttə, həm Azərbaycana qeyri-dost, qeyri-səmimi münasibət, eyni zamanda, riyakarlıq görürük və bunu açıq deyirik, onların üzünə deyirik. Mən burada artıq ictimaiyyətə də bunu deyirəm, bir tərəfdən onların dövlət başçıları dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Digər tərəfdən, Minsk qrupunun həmsədrlərinin pozucu fəaliyyəti status-kvonun möhkəmlənməsinə xidmət edir. Bax, budur münaqişənin uzadılmasının əsas səbəbi və hesab edirəm ki, bu siyasətin arxasında hansı amillərin dayandığını Azərbaycan xalqı çoxdan bilir. Bu, ədalətsizlikdir. Bu, ikili standartlar siyasətidir. Biz bu siyasəti rədd edirik və bundan sonra bütün kürsülərdə öz sözümüzü deyəcəyik. Ancaq istəyirəm Azərbaycan ictimaiyyəti onu da bilsin ki, bu, reallıqdır, real siyasətdir. Bunu etiraf etmək nə qədər acı olsa da bu, real siyasətdir və biz bu siyasəti qəbul etmirik. Azərbaycan dövlətinin siyasəti beynəlxalq hüquqa, ədalətə, əməkdaşlığa əsaslanır. Ancaq bizə qarşı belə təxribatçı addımların atılması, əlbəttə ki, cavabsız qalmır və qalmayacaqdır.

Münaqişənin həlli üçün ilk növbədə ölkəmiz, ordumuz daha da güclü olmalıdır. Bu istiqamətdə böyük işlər görülür. Bu gün biz təmas xəttində tam üstünlüyü əldə etmişik. Düşmənə sarsıdıcı zərbələr vurulur, qarşı tərəf panikaya qapılır və anlayır ki, xaricdən siyasi, iqtisadi və hərbi dəstək olmasa işğal edilmiş torpaqları bir həftə belə işğal altında saxlaya bilməyəcək. Biz isə güclənirik, güclənməliyik. Bu məsələni Azərbaycan xalqı həll edəcək. Mən buna əminəm.

2016-cı ildə siyasi və iqtisadi islahatlar daha da dərinləşir. Azərbaycan demokratiya yolu ilə gedir. Azərbaycanda bütün azadlıqlar təmin edilir, insan haqları yüksək səviyyədə qorunur. Səmimi deyə bilərəm ki, Azərbaycan demokratik inkişafa görə bu gün bir çox ölkələr üçün nümunə ola bilər.

İqtisadi sahədə aparılan dərin islahatlar əminəm ki, neft amilindən asılılığımızı tamamilə aradan götürəcək. Bu, bizim məqsədimizdir. Biz bu məqsədə doğru gedirik. Keçən ilin sonlarından başlayaraq bu il də davam edən islahatlar siyasəti artıq gözəl nəticələr verir. Qanunvericilikdə dəyişikliklər edilmişdir. Mənim tərəfimdən müvafiq sərəncamlar imzalanmışdır. Azərbaycanın uzunmüddətli, dayanıqlı iqtisadi inkişafının təmin edilməsi üçün konkret addımlar atılır. Əminəm, ilin sonuna qədər davam edən əsas islahatlar, yəni, qəbul ediləcək qərarlar ondan sonra elə şərait yaradacaq ki, Azərbaycan iqtisadiyyatı neft amilindən asılılığını azaldacaq və dediyim kimi, tam aradan götürəcəkdir. Dayanıqlı inkişaf bizim hədəfimizdir. Onu da qeyd etmək istəyirəm ki, biz ancaq öz resurslarımıza əsaslanırıq. Düzdür, bəzi kütləvi informasiya vasitələrində yazılıb ki, Azərbaycan xarici dəstək, xarici maliyyə yardımı istəyib. Bu, tamamilə yalan və mötəbər mətbu orqanlara yaraşmayan təxribatdır. Biz öz hesabımıza yaşamışıq, yaşayacağıq. İndi bizim nə qədər imkanımız varsa, iqtisadi inkişafı o qədər də təmin edəcəyik. Ancaq qeyd etməliyəm ki, mötəbər beynəlxalq qurumlar, xüsusilə Beynəlxalq Valyuta Fondu bizim siyasətimizi, iqtisadi islahatlarımızı dəstəkləyir və bu siyasətimizə çox yüksək qiymət verir. Onu da qeyd etməliyəm ki, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə dünya miqyasında 40-cı yerə layiq görübdür. Bu da çox böyük göstəricidir. İslahatlar dərinləşəcək, bütün sahələrdə şəffaflıq tam təmin ediləcək. Biz gələcək iqtisadi fəaliyyətimizi, siyasətimizi yeni iqtisadi model üzərində aparacağıq və əminəm ki, yaxın zamanlarda daha da böyük nəticələrə nail olacağıq.

Onu da qeyd etmək istəyirəm ki, dövlət tərəfindən qəbul edilmiş təcili tədbirlər nəticəsində təkcə ilin birinci rübündə, - hələ ki rüb başa çatmayıb, - dövlət sektorunda 30 minə yaxın yeni iş yeri açılmışdır. Bu, mənim göstərişimlə həyata keçirilən tədbirlərdir. Əlbəttə, biz yaxşı başa düşürük, hər bir ölkə çalışmalıdır ki, özəl sektorda iş yerləri açılsın. Bu istiqamətdə də işlər gedir. Biznes qurumlarına müvafiq tövsiyələr verildi. Onlara maliyyə dəstəyi də veriləcək. Xüsusilə bu il icrası nəzərdə tutulan layihələrin həcmi təxminən 1,5-2 milyard manat ətrafındadır. Yəni, bu, on minlərlə yeni iş yerinin yaradılmasına gətirib çıxaracaq. Ancaq təcili tədbirlərin görülməsi də labüd idi. Yenə də deyirəm, dövlət sektorunda, dövlət şirkətləri və dövlət qurumları tərəfindən 30 minə yaxın iş yeri açılmışdır. Bax, budur bizim sosial siyasətimiz. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Baxmayaraq ki, gəlirlərimiz azalıb, neftin qiyməti kəskin şəkildə aşağı düşüb, biz maaşların, pensiyaların artırılması ilə bağlı qərar qəbul etmişik, 10 faiz artıbdır. Hələlik bizim buna imkanımız çatır. Ancaq onu da qeyd etmək istəyirəm ki, əgər ətrafa baxsaq görərik ki, bu da nadir bir haldır, çünki xüsusilə dünya böhranı zamanı maaşlar artırılmır, kəsilir, verilmir. Biz isə sosial siyasətimizi bir daha göstəririk. Göstəririk ki, Azərbaycan inamla inkişaf edəcək. Bu əminlik var. Heç bir böhran, neftin qiymətinin ucuzlaşması bizim siyasətimizə təsir etməyəcək. Bizim kifayət qədər resurslarımız, valyuta ehtiyatlarımız var, iqtisadi göstəricilərimiz çox müsbətdir. Əlbəttə ki, aparılan islahatlar bizi daha da gücləndirəcəkdir.

Biz yeni sahələri işə salırıq ki, o sahələr ölkəmizə böyük siyasi və iqtisadi mənfəət gətirəcək. Nəqliyyat sektorunu xüsusilə qeyd etmək istərdim. Biz indi Şərq-Qərb və Şimal–Cənub dəhlizlərinin yaradılması üzərində işləyirik, ilkin nəticələr var. Apardığımız siyasət, irəli sürdüyümüz təşəbbüslər nəticə verir. Biz Şərq-Qərb nəqliyyat dəhlizinin cəlbediciliyini artırmaq üçün qonşu ölkələr olan Gürcüstan və Türkiyə ilə vahid tarif siyasəti aparmaq barədə təşəbbüs irəli sürmüşük. Bu təşəbbüs müsbət qarşılanıb. Artıq işlər görülür. Keçən ilin sonlarında mənim Gürcüstana, Çinə və bu yaxınlarda Türkiyəyə səfərlərim çərçivəsində həmin məsələlər müzakirə edilmişdir. Biz yeni dəhliz yaradırıq. Asiyadan Avropaya ən qısa yol Azərbaycan ərazisindən keçəcək. Buna nail olmaq üçün biz lazımi infrastrukturu yaratmışıq və yaradırıq, eyni zamanda, qonşu ölkələrlə vahid tarif siyasəti aparılmalıdır ki, burada xərclər daha da azalsın.

Şimal-Cənub nəqliyyat dəhlizinin bu yaxınlarda icrasının sürətlənməsi yenə də bizim təşəbbüsümüzlə bağlıdır. İndi həm İran, həm Rusiya ilə danışıqlar aparılır və yenə də Azərbaycan burada öz önəmli rolunu oynayır. Əminəm ki, bu dəhlizi də biz yaradacağıq. Beləliklə, bu dəhlizlər yaranandan sonra onilliklər ərzində Azərbaycan böyük siyasi və iqtisadi mənfəət götürəcək. Nəqliyyat sektorunun gəlirləri neftdən fərqli olaraq tükənən sərvət deyil.

Neft-qaz sektoru ilə bağlı bu ilin fevral ayında Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci toplantısı keçirilmişdir. Çox böyük uğurla keçirilmişdir. Azərbaycan bir daha öz liderlik rolunu göstərmişdir. Məşvərət Şurası toplantısının yekunları ilə bağlı Birgə Bəyannamə imzalanmışdır. Bu Bəyannaməni 11 ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, Xorvatiya, Monteneqro, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Avropa Komissiyası imzalamışdır. Yəni, bu Bəyannaməni 12 tərəf imzalayıb. Bəyannamənin əsas mahiyyəti ondan ibarətdir ki, əlaqələndirmə işləri bundan sonra da davam etdiriləcək. Sənəddə Azərbaycanın bu işlərdə aparıcı, strateji, liderlik rolu qeyd edilib. Yəni, bu, artıq bütün beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilir və bilinir, tanınır ki, əgər biz təşəbbüs göstərməsəydik, əgər biz maliyyə vəsaiti ayırmasaydıq, “Cənub” qaz dəhlizi gözəl ideya kimi hələ qalacaqdı, bunu onilliklər bundan sonra da müzakirə edəcəkdik. Biz bu ideyanı reallığa çeviririk. “Cənub Qaz Dəhlizi” bizim üçün çox böyük əhəmiyyətə malik olan bir layihədir və imkan verəcək ki, zəngin qaz resurslarımızı ixrac edək. Əgər bu layihə icra edilməsəydi bu ehtiyatlar dənizin dibində qalacaqdı. Biz onları çıxarırıq, minlərlə, on minlərlə iş yeri yaradılmaqdadır. Azərbaycanın ixrac potensialı güclənəcək. Bizim önəmimiz daha da artacaq. Azərbaycan Avropa üçün əvəzolunmaz ölkəyə çevrilir. Bizim maraqlarımız təmin ediləcək, gücümüz daha da artacaq.

Bildiyiniz kimi, bu il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Təkcə ona görə yox ki, bu il Azərbaycanda Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçiriləcəkdir. Ona görə ki, indiki şəraitdə dünyada gedən toqquşmalar, o cümlədən milli, dini zəmində toqquşmalar bizi çox narahat edir. Biz yol göstəririk, nümunə göstəririk. Göstəririk ki, multikulturalizm yaşayır. Multikulturalizmin iflasa uğradığını deyənlər elə multikulturalizmin məhv edilməsinə çalışanlardır. Onlar bəlkə də başa düşmürlər ki, necə böyük səhv buraxırlar. Biz göstəririk ki, bu, mümkündür. Biz göstəririk ki, belə olmalıdır. Biz göstəririk ki, bütün millətlər, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar, yaşayacaqlar. Azərbaycan dövləti onları, onların maraqlarını, milli duyğularını, ləyaqətini qoruyur. Onlar bizim qardaşlarımızdır. Bizim gücümüz birliyimizdədir. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bu, bizim sərvətimizdir. Biz bunu qorumalıyıq, qoruyacağıq və bir daha demək istəyirəm ki, dünyaya yol göstəririk. Bir çox məsələlərlə bağlı yol göstəririk - inkişaf, müstəqillik, ləyaqət, prinsipial siyasət, xalqlararası, millətlərarası münasibətlər, din–dövlət münasibətləri, energetika siyasəti, nəqliyyat siyasəti. Budur bugünkü Azərbaycanın reallıqları.

Əminəm ki, biz 2016-cı ili də uğurla başa vuracağıq. Azərbaycanın uğurlu inkişafı təmin ediləcəkdir.

Bir daha sizi və bütün Azərbaycan xalqını gözəl bayram münasibətilə təbrik edirəm. Sağ olun.

X  X  X

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parka gəldilər.

Dövlətimizin başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşıladılar.

Kosa və Keçəl Prezidenti və xanımını bayram münasibətilə təbrik etdilər, dövlətimizin başçısı ilə yumurta döyüşdürdülər.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva bayram konsertinə baxdılar.

Dövlətimizin başçısı və xanımı Kənd Təsərrüfatı Nazirliyinin bayram münasibətilə təşkil etdiyi “Novruz” yarmarkası ilə tanış oldular. Burada bərəkətli Azərbaycan torpağında yetişdirilmiş məhsullar nümayiş etdirilir. Yarmarkada ölkəmizin 10 iqtisadi rayonundan 42 şirkət məhsullarını təqdim edir. Son dövrlərdə Azərbaycanda həyata keçirilən islahatlar nəticəsində digər sahələrdə olduğu kimi, kənd təsərrüfatında da mühüm nailiyyətlər əldə olunub. Bu gün Azərbaycan özünü keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin edir. Azərbaycanın ekoloji cəhətdən təmizliyi ilə seçilən kənd təsərrüfatı məhsullarına dünyada da tələbat artır.

Novruz xalqımızın tarixi yaddaşından süzülüb gələn ənənələri yaşadan, keçmişimizi və gələcəyimizi bir-biri ilə bağlayan bayramdır. Elə bu səbəbdəndir ki, sovet hakimiyyəti illərində qoyulan qadağalar digər milli mənəvi dəyərlərimiz kimi, Novruzu da Azərbaycan xalqının şüurundan silə bilmədi. Hər bir xalqın milli mənəvi dəyərlərinin qorunmasında və inkişafında tarixi şəxsiyyətlərin də üzərinə böyük vəzifələr düşür. Ulu öndər Heydər Əliyevin tariximiz qarşısındakı xidmətləri sırasına Novruzun yenidən xalqımıza qaytarılması kimi ümummilli məsələ də var. Çünki məhz Heydər Əliyevin sayəsində ümumi mədəni hərəkatın tərkib hissəsi kimi, milli bayramımız olan Novruz ötən əsrin 70-80-ci illərində əvvəlki dövrlərlə müqayisədə kütləvi qeyd olunmağa başladı. Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə isə Novruz təntənələri xalqımızın həyatına birdəfəlik daxil oldu. Bu gün Prezident İlham Əliyev də mədəni-mənəvi irsimizə xüsusi diqqətlə yanaşır. Novruzun gəlişi ilə bağlı dövlətimizin başçısının hər il xalqa ünvanladığı təbriklər də onun milli mənəvi dəyərlərimizə böyük ehtiramla yanaşdığını göstərir.

Qeyd edək ki, 2010-cu ildə BMT-nin qərarı ilə martın 21-i Beynəlxalq Novruz Günü elan olundu. Bu, böyük bir arealda yaşayan 200 milyondan çox insanın milli mənəvi yaddaşına dünyanın ən mötəbər qurumu səviyyəsində verilən dəyərin təzahürü idi. Qədim tarixə malik Novruz həm də əcdadlarımızın bizə töhfəsi, onlardan qalan mirasdır. Tarixən milli düşüncə tərzinin və məfkurəsinin formalaşmasında, insanların yüksək əxlaqi dəyər və normalar çərçivəsində yaşamasında böyük rol oynayan Novruz bayramı özündə paklığı, mühüm insani dəyərləri təcəssüm etdirir. Varlığın yenidən canlanmasını müjdələyən Novruz əsrlər boyu həm də insanlarımızı işıqlı sabaha, xoşbəxt gələcəyə səsləyir. Bu bayram insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaradıb.

Prezident İlham Əliyev və Mehriban Əliyeva “Natiq” ritm qrupunun və aşıqların ifalarını dinlədilər, Azərbaycan xalçalarının nümunələri ilə tanış oldular.

Milli Parkda təşkil edilən “Şərq bazarı” bayram şənliyinin iştirakçılarında xüsusi maraq doğururdu. Burada ölkəmizin müxtəlif bölgələrini təmsil edən özfəaliyyət kollektivlərinin çıxışları və sənətkarlıq nümunələri maraqla qarşılandı. Bir tərəfdə isə gənc pəhləvanlar xalça üzərində qurşaq tutur, idmançılar məharətlərini göstərirdilər.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və şənliyin digər iştirakçıları bu səhnələri maraqla izlədilər, qədim el sənətlərinin nümunələrinə baxdılar.

Ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətlərinin nümayiş olunduğu mərasimdə, həmçinin Novruz bayramının rəmzi olan müxtəlif şirniyyat nümunələri də təqdim edilirdi. Müxtəlif rayonlardan gətirilmiş Novruz mətbəxinin nümunələri də şənlik iştirakçılarında maraq doğurdu.

Prezident və xanımı mayın 5-dən 21-dək Bakıda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsi ilə bağlı yaradılan guşəyə baxdılar. Burada dövlətimizin başçısına və xanımına çempionatın açılış mərasiminin biletləri təqdim olundu.

Qeyd edək ki, çempionatın ölkəmizdə keçirilməsi ilə bağlı qərar 2012-ci ilin martında İstanbulda UEFA İcraiyyə Komitəsinin iclasında qəbul edilib. Çempionatın 16 komandanın qatılacağı final mərhələsinin bütün oyunları Bakıda keçiriləcək. Bu mötəbər yarışların təşkilinə 800 könüllünün cəlb edilməsi nəzərdə tutulub. Könüllülərin fəaliyyət sahələrinə biletlərin yoxlanılması, media, protokol, marketinq, qeydiyyat, qonaqpərvərlik, tibb, nəqliyyat və digər məsələlər daxildir.

İyunun 19-da Bakıda keçiriləcək “Formula-1” üzrə Avropa Qran-prisinin başlanmasına bu gün düz üç ay vaxt qalır. Bununla bağlı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti Novruz bayramı günlərində dənizkənarı bulvarda “Formula-1” əyləncə zonası yaradıb. Simulyasiya oyunlarına, azyaşlı uşaqlar üçün əyləncə məkanına, könüllülərin və marşalların fəaliyyətini işıqlandıran xüsusi guşələrə yer veriləcək bu zonada konsert proqramlarının təşkili də nəzərdə tutulub.

Burada da Prezident İlham Əliyevə və Mehriban Əliyevaya yarışları izləmək üçün biletlər təqdim olundu.

Azərbaycan Prezidenti onun pişvazına və bayram gəzintisinə çıxmış Bakı sakinlərinə və paytaxtımızın qonaqlarına Novruz münasibətilə bir daha xoş arzularını yetirdi.

Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak edirdilər.

Bayram şənliyi incəsənət ustalarının, el sənətkarlarının ifasında rəngarəng konsert proqramı ilə davam etdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib [YENİLƏNİB] VİDEO

Nəsib Quliyevin intihar etməsilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır

Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb

Washington Post: ATACMS döyüş meydanında vəziyyəti Ukraynanın xeyrinə dəyişə bilər

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq

Bu il Çində satılacaq avtomobillərin 45 faizi elektromobillərin payına düşəcək

“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq

Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub YENİLƏNİB-2

BDU-nun Fizika fakültəsi ilə “Azərbaycan British College” əməkdaşlıq edəcək

Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər

Prezident İlham Əliyev: Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir

Beynəlxalq elmi-praktik konfrans: “Yaşıl iqtisadiyyat - davamlı inkişafın modeli kimi”

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib YENİLƏNİB-2

“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq

Qırğızıstan Qarabağda məktəb tikintisində iştirak edən üçüncü ölkə olacaq

Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a dəvət edib

Azərbaycan-Başqırdıstan biznes-forumunda əməkdaşlıq haqqında 2 sənəd imzalanıb

Prezident İlham Əliyev: Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək

İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək

Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb

Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev: Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk

Pakistanlı alim Nizami Gəncəvi məqbərəsini ziyarət edib

Şuşada həyata keçirilən və planlaşdırılan işlər açıqlanıb

Azərbaycan-Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib ŞƏRH

Hərbi Dəniz Qüvvələri və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib

İdarə direktoru: Azərbaycanın istehsal sahələri və ixrac potensialı bizdə maraq doğurur

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb

Məsim Məmmədov: Laçın aeroportu istifadəyə verildikdən sonra buraya turist axını çox olacaq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

ABŞ nümayəndələri “ASAN xidmət”də olub

A.İ.İsmayılovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

® “Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı

Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu

Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir

Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar

Otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə Laçında konfrans işə başlayıb

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib

® Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub VİDEO

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb