SİYASƏT


Prezident İlham Əliyev RİA Novosti agentliyinə müsahibə zamanı Ermənistanın baş nazirini bir daha ifşa etdi

Bakı, 16 oktyabr, AZƏRTAC

Hazırda dünya ictimaiyyətinin diqqəti sentyabrın 27–də başlanan hərbi əməliyyatlara yönəlib. Söz yox ki, bir sıra beynəlxalq qurumlar, inkişaf etmiş dövlətlərin rəsmiləri əməliyyatların dərhal dayandırılmasını, sülh danışıqlarının davam etdirilməsini tələb edirlər. Təəssüf ki, bütün bunlar yenə də birtərəfli şəkildə - Ermənistanın hərbi təcavüzünü nəzərə almadan tələb olunur. Dövlət başçımızın son vaxtlar dünyanın aparıcı televiziya kanallarına verdiyi müsahibələrdə də birmənalı şəkildə bildirilir ki, sentyabrın 27-də təxribat, sonra isə müharibə məhz Ermənistan tərəfindən başlanılıb.

Bu fikirləri AZƏRTAC-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

Ç.Qənizadə bildirib ki, dünyada baş alıb gedən ikili standartlar, həmçinin ayrı-seçkilik, işğalçı ölkəyə dəstək bu dəfə də özünü açıq şəkildə büruzə verir. Beynəlxalq təşkilatlar, xüsusilə ATƏT-in Minsk qrupu yenə də Ermənistanın hərbi təcavüzünü ört-basdır edir, nəyinsə xatirinə heç bir əhəmiyyət kəsb etməyən bəyanatlar verir, işğalçıya ciddi təsir göstərmirlər. Bu, Ermənistanı daha da quduzlaşdırır.

Prezident İlham Əliyev dünyanın aparıcı kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində həm Ermənistanın işğalçı siyasətini, həm bu ölkənin baş naziri Nikol Paşinyanın faşizm ideologiyasına rəğbətini, həm də təcavüzkar ölkəyə havadarlıq edənləri kəskin tənqid edir, onların iç üzünü açır və sentyabrın 27-dən indiyədək Ermənistan ordusunun vəhşiliyi, barbarlığı barədə faktlarla məlumat verir. Dövlətimizin başçısının oktyabrın 15-də Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsində də bunun şahidi olduq. Onu da qeyd edək ki, RİA Novosti agentliyi tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın baş naziri Nikol Paşinyana eyni suallar verilib və eyni cavab imkanı yaradılıb. Həmişə olduğu kimi, bu dəfə də Paşinyan ona verilmiş suallardan yayınmağa çalışıb, necə deyərlər, gah nala, gah mıxa vurub. Axı, bu adam işğalçı olduğunu, nasizmə rəğbətini, azərbaycanlı mülki əhalinin qətlə yetirilməsində günahkar olduğunu necə dana bilər? Bunların hamısı danılmaz faktlardır.

Jurnalistin “Sentyabrın 27-dən başlayan hərbi əməliyyatları necə qiymətləndirirsiniz, itkilər necədir, sizin qiymətləndirmənizə görə, əsir düşənlər çoxdur?” sualına cavab verən dövlətimizin başçısı Ermənistan ordusunun faşistlərdən də qəddar olduğunu faktlarla diqqətə çatdırdı. Dedi ki, sentyabrın 27-də Azərbaycan Ermənistan silahlı qüvvələrinin növbəti hücumuna məruz qalıb. Bu, son üç ay ərzində birinci hücum deyildi. İyul ayında dövlət sərhədində buna bənzər, lakin nisbətən kiçikmiqyaslı hadisə baş vermişdi. O vaxt həmin hücum dəf edildi. Sonra avqust ayında Azərbaycanın dinc əhalisinə və hərbi qulluqçularına qarşı terror aktları törətmək üçün Ermənistan tərəfindən təxribat qrupu göndərildi və bu qrupun başçısı saxlanıldı. Hazırda o, ifadə verir.

Dövlət başçımız sentyabrın sonunda yaşayış məntəqələrimizin yenidən artilleriya atəşlərinə məruz qaldığını diqqətə çatdırdı. Bildirdi ki, elə ilk saatlarda bizdə həm dinc əhali, həm də hərbi qulluqçular arasında tələfat oldu. Bu günə qədər bizdə dinc əhali arasında 43 nəfər həlak olan və 200-dən çox yaralı var, təmas xəttinə yaxın kəndlərdə və şəhərlərdə 2 minə yaxın ev ya tamamilə dağıdılıb, ya da zərər çəkib. Təəssüf ki, atəşkəs parametrləri razılaşdırıldıqdan sonra da Ermənistan tərəfindən artilleriya atəşləri davam edir, o cümlədən Gəncə şəhərinin vəhşicəsinə bombardman edilməsi nəticəsində 10 nəfər dinc sakin həlak olub və 40-a yaxın adam yaralanıb.

Baş nazir Nikol Paşinyan isə cavabdan yayınır. Jurnalist mahiyyəti üzrə cavab alınmadığına görə sual bir daha izah formasında verilir. Paşinyan baş verənləri təhlil etmək və auditoriyaya öz fikrini çatdırmaqda çətinlik çəkir. O, yenə də şantaja əl atır, ümumilikdə həlak olanların çox olduğunu deyir və sualdan yayınaraq, Türkiyə və Azərbaycanın qısa müddətdə Dağlıq Qarabağı nəzarətə götürmək planının baş tutmadığını bildirir. Halbuki bu gün dünya ictimaiyyətinə də bəllidir ki, Azərbaycan əsgəri öz ərazisində vuruşur, ölkəsinin ərazi bütövlüyünü təmin edir, işğal altında olan əraziləri azad edir. Paşinyan sualın cavabını bilməyən tələbə təəssüratı bağışlayır. O, mövcud vəziyyəti ayıq qiymətləndirmək imkanından məhrum olmuş şəxsə bənzəyir. Çünki dövlət başçımızın ortaya qoyduğu faktlar qarşısında acizdir. Axı, bütün vəhşiliklərin hamısını Ermənistan ordusu törədib. Bunu necə dana bilər? Bu gün Ermənistan ordusunda vuruşanlar arasında muzdluların və PKK təmsilçilərinin olması da ört- basdır edilə bilməz. Bunu hər iki dövlət başçısına ünvanlanmış “Müxtəlif istiqamətlərdən Suriya və Liviyadan Azərbaycan Ordusunun tərəfində muzdluların iştirak etdiyini eşidirik. Buna nə dərəcədə inanmaq olar” sualına verilən cavablar da təsdiqlədi.

Dövlətimizin başçısı Azərbaycanda hər hansı xarici hərbi iştirakçıya ehtiyac olmadığını bildirdi və bizim orduda 100 mindən çox döyüşçü olduğunu diqqətə çatdırdı. “Zərurət yaranarsa, səfərbərlik hesabına bu rəqəm bir neçə dəfə artırıla bilər”, – deyən ölkə Prezidenti bu gün malik olduğumuz silahlı dəstələrin onların qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə qadir olduğunu vurğuladı. Dövlətimizin başçısı bir daha bəyan etdi ki, Azərbaycan ərazisində indiki hərbi toqquşmalarda iştirak edən xarici silahlı dəstələrin mövcudluğu barədə heç kəs heç bir sübut təqdim etməyib. Bizim rəsmi mövqeyimiz belədir ki, bizdə heç bir əcnəbi muzdlu yoxdur.

Paşinyan isə bu sual qarşısında da aciz qaldı. Çünki işğalçı ölkənin ordusunun tərkibində muzdlu döyüşçülərin olması dəfələrlə sübut olunub. Siyasi savadı, dövlət idarəçiliyində təcrübəsi olmayan, məhdud dünyagörüşlü Paşinyan həqiqətən də hesab edir ki, daxildə istifadə etdiyi yalanları nöqtə-vergülünə dəymədən beynəlxalq auditoriya qarşısında da səsləndirə bilər. Bununla da guya Ermənistanın işğalçı siyasətini ört-basdır edəcək. Düşüncəsi bura qədərdir. Çünki hələ də dərk etmir ki, artıq dünya erməni terroru, vandal aktları barədə məlumatlıdır. Paşinyan Azərbaycanın 30 ildir Ermənistanın işğalçı siyasətindən əziyyət çəkdiyini yaxşı bilir. Bu müddət ərzində Ermənistan terrorçularının, yaraqlılarının törətmədikləri vəhşilik, soyqırımı qalmayıb. Bu, faşizm ideologiyasının məntiqi davamıdır.

Televiziya əməkdaşının digər sualları qarşısında da aciz qalan Paşinyanın faşist xisləti bir daha bəyan oldu. Azərbaycan Prezidenti isə özünəməxsus liderliyi ilə sualları faktlarla cavablandıraraq bir daha hər üç cəbhənin - döyüş, diplomatiya və informasiya cəbhələrinin müdrik sərkərdəsi olduğunu təsdiqlədi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.