SİYASƏT


Prezident İlham Əliyev: Tbilisi və Bakı şəhərlərinin qardaşlaşması çox düzgün və təbii addımdır

Bakı, 14 iyul, AZƏRTAC

Dünən Tbilisi və Bakı şəhərlərinin tarixində əlamətdar hadisə baş verib, qardaşlaşma haqqında saziş imzalanıb. Mən bunu alqışlayıram, çox düzgün addımdır və düşünürəm ki, təbii addımdır. Çünki ölkələrimiz də qardaş ölkələrdir, xalqlarımız da qardaş xalqlardır və təbii ki, paytaxtlar da qardaş paytaxtlar olmalıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Tbilisi şəhərinin meri Kaxa Kaladzeni qəbul edərkən söyləyib.

Həm Bakının, həm də Tbilisinin tarixi şəhərlər olduğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Hər iki şəhərdə köhnə kvartal var – İçərişəhər və köhnə Tbilisi. Siz də yaxşı bilirsiniz, heç də bütün ölkələrdə belə şəhərlər yoxdur ki, köhnə kvartallar olsun və o kvartalların siması qorunsun. Tarixboyu Cənubi Qafqazda həm Bakı, həm də Tbilisi həmişə öz gözəlliyi ilə fərqlənirdi və həm siyasi, həm iqtisadi, həm də mədəni mərkəz rolunu oynayırdılar. Əlbəttə ki, dünən imzalanmış sazişdən sonra iki şəhər arasındakı təmaslar daha da sıx olacaq və olmalıdır. Yəqin ki, birgə fəaliyyət planı da hazırlanacaq. Mən istəyirəm ki, çoxlu qarşılıqlı səfərlər olsun, ictimaiyyət nümayəndələri, media nümayəndələri, tanınmış şəxslər müntəzəm olaraq qarşılıqlı səfərlər etsinlər”.

Kaxa Kaladzeni Azərbaycanın dostu adlandıran Prezident merin fəaliyyətini çox yüksək qiymətləndirib, həmçinin Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafında böyük səylər göstərdiyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.