SİYASƏT


Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi bölgəyə sabitlik, sülh gətirir

Bakı, 14 oktyabr, AZƏRTAC

Müharibə başa çatandan sonra, əlbəttə ki, nəinki bölgə, dünya dəyişəcək. Artıq dəyişir. Hər kəs bizim gücümüzü gördü. Bizimlə hesablaşmaq səviyyəsi daha da artacaq. Onsuz da müəyyən regional məsələlərdə Azərbaycanın rolu çox önəmlidir, o daha da artacaq. Təbii ki, Türkiyə-Azərbaycan birliyi daha da möhkəm olacaq. Bu da həm Türkiyə, həm Azərbaycan üçün həyati əhəmiyyət, önəm daşıyır. Türkiyə-Azərbaycan birliyi bölgəyə sabitlik, sülh gətirir. Çünki bizim niyyətimiz öz maraqlarımızı təmin etməkdir.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Türkiyənin “Haber Türk” telekanalına müsahibəsində səsləndirib.

Dövlətimizin başçısı Türkiyənin bölgədə və yeni coğrafiyada çox önəmli sabitləşdirici rol oynadığını vurğulayaq deyib: “Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın bu toqquşmaların ilk saatlarında verdiyi dəstək sabitliyi qorudu. Bəziləri bəlkə bunu anlamırlar. Əgər o sözlər olmasaydı, əgər mənim qardaşım deməsəydi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır, bəlkə də burada vəziyyət qarışardı. Bəlkə də başqa kimsə burada, necə deyərlər, bulanıq suda balıq tutmağa çalışacaqdı. Ona görə bundan sonra bu bölgədə biz yeni bir strateji mənzərə, strateji baxış yaratmalıyıq. Artıq bu barədə düşünməyə başlayırıq, ancaq hadisələri qabaqlamaq istəmirik. Qoy, bunu həll edək, bu iş bitsin, ərazi bütövlüyümüz bərpa edilsin, ondan sonra Azərbaycanın yeni dövrü başlanacaq, bölgənin yeni dövrü başlanacaq, güclər nisbəti dəyişəcək və hesab edirəm ki, Türkiyə və Azərbaycanın gücü daha da möhkəm olacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.