SİYASƏT


Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan işbirliyi o qədər güclüdür ki, biz istənilən anda bir-birimizin yanındayıq

Bakı, 15 oktyabr, AZƏRTAC

Bizim Türkiyə ilə çox geniş hüquqi sənədlər bazamız var. Yəni, bir çox sahələrdə bizim imzaladığımız müqavilələr qüvvədədir, o cümlədən bu müqavilələrdə hərbi sahədə işbirliyi və qarşılıqlı yardım haqqında da maddələr var. Bu, bizim haqqımızdır. Əgər belə bir vəziyyət, Azərbaycan üçün çox ciddi təhlükə yaranarsa, təbii ki, Türkiyə bizim müttəfiqimizdir və biz bu imkanlardan istifadə edə bilərik. Amma Türkiyənin hərbi bazasının Azərbaycanda yaradılması haqqında hər hansı bir müzakirə olmamışdır.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Türkiyənin NTV kanalına müsahibəsində aparıcının “Azərbaycanda Türkiyə hərbi bazasının qurulması fikrinə necə baxırsınız” sualına cavabında bildirib.

Azərbaycan və Türkiyənin hərbi sahədə işbirliyinin ildən-ilə gücləndiyini vurğulayan dövlətimizin başçısı deyib: “Təkcə keçən il 10 birgə hərbi təlim keçirilmişdir. Bu il koronavirusa görə bir az ara verildi. Yalnız iki dəfə təlim keçirilmişdir. Ancaq bu təlimlər də bizim bölgəmizdə böyük narahatlıq yaratdı. Hesab edirəm ki, bu narahatlığın heç bir səbəbi, heç bir əsası yoxdur. Çünki bu təlimlər hər hansı bir ölkəyə qarşı hazırlıq xarakterli təlimlər deyil. Bu təlimlər bizim hərbi sahədə işbirliyimizin möhkəmləndirilməsi, Azərbaycan Ordusunun təkmilləşdirilməsi, Türkiyə Ordusunun standartlarına yaxınlaşması və Türkiyənin hərbi quruculuq sahəsində müsbət təcrübəsinin öyrənilməsi mənasını daşıyır. Ona görə Türkiyənin hərbi bazası ilə bağlı sentyabrın sonundan bu günədək beynəlxalq mediada kifayət qədər çox məlumatlar gedir. Bunun heç bir əsası yoxdur. Türkiyə-Azərbaycan işbirliyi o qədər güclüdür, o qədər genişşaxəlidir ki, biz istənilən anda bir-birimizin yanındayıq. Baza olsa da, olmasa da, biz Türkiyəyə güvənirik, Türkiyə isə bizə güvənir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.