RƏSMİ XRONİKA
Prezident İlham Əliyev Türkmənistanın Baş nazirinin müavinini qəbul edib VİDEO
Bakı, 5 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul edib.
AZƏRTAC xəbər verir ki, Rəşid Meredov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Sərdar Berdiməhəmmədova və Qurbanqulu Berdiməhəmmədova çatdırmağı xahiş etdi.
Söhbət zamanı Azərbaycanla Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən iqtisadi, nəqliyyat, humanitar sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu. Dövlətimizin başçısının bu il Türkmənistana səfərinin və səfər çərçivəsində Türkmənistan Prezidenti və Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri ilə keçirdiyi görüşlərin əlaqələrimizin inkişafında rolu vurğulandı.
Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.