RƏSMİ XRONİKA


Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının yeni binasının açılışında iştirak etmişdir

Bakı, 7 oktyabr (AZƏRTAC). Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Bildirildi ki, Heydər Əliyev parkında yerləşən binanın tikintisinə cari ilin mayında başlanılmışdır. Sahəsi 451 kvadratmetr olan ikimərtəbəli yeni inzibati binanın ətrafında yaşıllıq zolağı salınmış, işıqlandırma sistemi qurulmuşdur. Binanın birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Büstün ətrafında ümummilli lider Heydər Əliyevin və Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin partiya qurultaylarında iştiraklarını və müxtəlif vaxtlarda Zərdab rayonuna səfərlərini əks etdirən fotolar yer almışdır. Ümumilikdə inzibati bina 6 otaqdan və konfrans zalından ibarətdir. Zalda respublika və rayon əhəmiyyətli mötəbər tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Buradakı bütün otaqlarda səmərəli fəaliyyət üçün hər cür şərait yaradılmışdır.

Vurğulandı ki, YAP Zərdab rayon təşkilatı 1993-cü il avqustun 14-də təsis olunmuşdur. Hazırda 5 min 400 üzvü olan qurum partiyanın 64 ərazi ilk təşkilatını birləşdirir.

Burada Prezident İlham Əliyev Zərdab-Yuxarı Seyidlər-Siləyli avtomobil yolunun yenidənqurmadan əvvəlki və sonrakı görüntülərini əks etdirən fotostendə baxdı.

Bildirildi ki, ümumi uzunluğu 47 kilometr olan və 8 kəndi birləşdirən yolun 10,5 kilometri yüksək keyfiyyətlə yenidən qurulmuşdur. Azərbaycan Prezidentinin Sərəncamı ilə əsaslı təmir olunan yol rayonun on min əhalisinin İpək Yoluna çıxışını xeyli asanlaşdıracaqdır.

Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin