MƏDƏNİYYƏT


Prezident İlham Əliyev görkəmli qazax şairi Oljas Süleymenovu “Şərəf” ordeni ilə təltif edib

Bakı, 18 may, AZƏRTAC

Prezident İlham Əliyev mayın 18-də görkəmli qazax şairi və ictimai xadim Oljas Süleymenovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Oljas Süleymenov Azərbaycan və Qazaxıstan respublikaları arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfələrə görə təltif edilib.

Qeyd edək ki, məşhur qazax yazıçısı, alimi və ictimai adimi Oljas Süleymenov 1936-cı ildə Alma-Ata şəhərində anadan olub. Dünyanın 22 görkəmli mütəfəkkiri sırasında yer alan Oljas Süleymenov 2016-cı il aprelin 25-də Bakıda AMEA Elmi Şurasının qərarı ilə xalqlar arasındakı dostluğun möhkəmləndirilməsində əvəzsiz xidmətlərinə görə, Nizami adına Ədəbiyyat İnstitutunun Fəxri Doktoru adına layiq görülüb. O, 2011-ci ildə Azərbaycan Respublikasının “Dostluq” ordeni ilə təltif edilib.

O.Süleymenov 1990-cı ilin 20 Yanvar faciəsi ilə əlaqədar doğma türk soydaşlarına başsağlığı vermək üçün Bakıya gəlib və Kremlin Qurultaylar sarayında faciənin günahkarı olan ermənipərəst Qorbaçov rejimini tənqid edib. 1991-ci ildə Qazaxıstanda milli müstəqillik elan olunduqdan sonra O.Süleymenov ölkənin ictimai-siyasi, mədəni həyatında yaxından iştirak edib və etməkdə davam edir.

O.Süleymenov yaradıcılığında bu gündən keçmişə və gələcəyə körpü salan təəssübkeş sənətkardır. O. Süleymenov yaradıcılığında “Az-Ya” əsərinin xüsusi yeri var. Əsər türk xalqlarının tarixinə, dilinə, ictimai-siyasi tarixi nüfuzuna orijinal yanaşma baxımından müstəsna əhəmiyyət daşıyır. İki hissədən ibarət olan, bütün məsələlərə elmi və milli-tarixi prinsiplər daxilində obyektiv münasibət bildirən “Az-Ya” kitabı həm də qədim tarixə malik türklərin milli-estetik dəyərlərini, ədəbi-mədəni tarixini öyrənmək, eyni zamanda, Avro-Asiya məkanında yaşayan bir çox xalqların mədəni və siyasi tarixlərinin bəzi məqamlarına işıq salmaq baxımından maraq doğurur.

Oljas Süleymenov bir tarixçi alim, etnoqraf olmaqla yanaşı, həm də müasir qazax şeirinin görkəmli, məşhur nümayəndəsidir. Onun poeziya qüdrəti bir neçə cəhətinə görə fərqlənir və seçilir. O.Süleymenov yaradıcılığı həm mövzu, həm də forma baxımından orijinaldır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.