SİYASƏT
Prezident İlham Əliyev informasiya cəbhəsində də ölkəmizin maraqlarını qətiyyətlə müdafiə edir
Bakı, 12 oktyabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla informasiya müharibəsinin aparılmasında da mühüm rol oynayır. Dövlətimizin başçısı bu istiqamətdə aparılan siyasətə də şəxsən özü rəhbərlik edir. Azərbaycan Prezidenti həm beynəlxalq tribunalardakı çıxışları, həm də dünyanın aparıcı media orqanlarına verdiyi müsahibələr zamanı tutarlı faktlarla Ermənistanın xaricdəki havadarlarının və erməni lobbisinin köməyi ilə yenidən özü üçün münbit informasiya mühitinin yarada biləcəyi xülyasını iflasa uğratdı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Şahin İsmayılov bildirib.
Deputat qeyd edib ki, Ali Baş Komandan həm döyüş cəbhəsində, həm də informasiya cəbhəsində ölkəmizin maraqlarını müdafiə edir. Gərgin iş qrafikinə baxmayaraq, Prezident İlham Əliyev bu günlərdə etdiyi çıxışlarında, verdiyi müsahibələrdə ölkəmizin ədalətli mövqeyini bütün dünya ictimaiyyətinə çatdırır. Buna görə də bütün istiqamətlərdə olduğu kimi, bu istiqamətdə də Azərbaycanın ciddi uğurlar qazandığını deyə bilərik.
Şahin İsmayılov qeyd edib ki, Ermənistan əvvəlki dövrdə olduğu kimi, bu günlərdə də münaqişə haqqında həqiqəti əks etdirməyən informasiyaları beynəlxalq ictimaiyyətə sırımağa uğursuz cəhdlər edir. Paşinyan hökumətinin əli hər yerdən üzülüb, dünyadakı erməni lobbisinə müraciət edir ki, mitinqlərə başlasınlar, öz yaşadıqları ölkələrdə hakimiyyətdən qondarma “Dağlıq Qarabağ respublikası”nın müstəqilliyini tanımağı tələb etsinlər, Ermənistana hərbi yardımlar göndərsinlər. Lakin sentyabrın 27-də Ermənistanın növbəti təxribatı nəticəsində bərpa olunan hərbi əməliyyatlar dövründə Prezident İlham Əliyev dünyanın nüfuzlu televiziya kanallarına müsahibələr verərək, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, səbəbləri, hazırkı vəziyyəti, habelə Azərbaycanın mövqeyini əsaslandıran tarixi, hüquqi, siyasi, mənəvi və digər amilləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırır. Ali Baş Komandan kimi Prezident İlham Əliyev eyni vaxtda həm döyüş cəbhəsində, həm də informasiya cəbhəsində məharətli sərkərdə kimi ölkəsinin maraqlarını inamla və qətiyyətlə müdafiə edir.