SİYASƏT


Prezident İlham Əliyev qlobal ümidləri doğrulda bilən platforma formalaşdıra bilib - RƏY

Prezident İlham Əliyev qlobal ümidləri doğrulda bilən platforma formalaşdıra bilib -  RƏY

Bakı, 10 mart, AZƏRTAC

Əslində 10-cu Qlobal Bakı Forumunun əhəmiyyəti elə adında ifadə olunub - “Dünya bu gün: çağırışlar və ümidlər”. Bu gün dünyada müasir çağırışları cavablayan və müasir ümidləri doğrultmağa istiqamətlənən nə qədər belə beynəlxalq platforma mövcuddur? Məsələn, qısa müddət öncə Münxendə və Davosda nəhəng və uğurlu siyasi müstəviyə şahidlik etdik, amma bu platformalar sülh və təhlükəsizliyə yönəlmiş fəaliyyət ortaya qoya bilirmi, yaxud belə niyyət, ümumiyyətlə, mövcuddurmu? Təəssüf ki, bu gün qlobal müstəvidə dialoq platformalarının hamısı qütbləşmə siyasətinə qurban gedib və Münxendə də, Davosda da konkret olaraq bir qütbün müdafiəsi və digər tərəfə doğru ittiham ritorikası hakim idi. Həmçinin təşəbbüslər daha çox sülhə yox, qarşı tərəfin məğlub edilməsi üçün səylərin birləşdirilməsinə yönəlmişdi. Bu mənada 2012-ci ildən etibarən fəaliyyət statistikasına diqqət etsək, tədbirə olan marağın və iştirakçıların sayının ildən-ilə artması fonunda əminliklə demək olar ki, Prezident İlham Əliyev Bakı Qlobal Forumunun timsalında dünyada çağırışları cavablaya bilən, qlobal ümidləri doğruldan, ehtiyac duyulan platforma formalaşdıra bilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib.

O bildirib ki, digər tərəfdən, Bakı Forumunda özünü doğrultmuş, qlobal müstəvidə qəbul edilən insanların - dövlət və hökumət idarə etmiş, eləcə də hazırda dövlət və hökumət idarəçiliyində olan, xarici siyasətə, parlamentə rəhbərlik edən şəxslərin bir araya gəlməsi, əslində, bu müstəvini çağırış və ümidləri təhlil etmək üçün ən doğru beyin mərkəzinə çevirir.

“Prosesə Azərbaycanın öncüllük etməsinə gəlincə, bu məqam heç kimdə sual doğurmur. Reallıqdır ki, Azərbaycan dövləti özü bir nümunə yaratmış beynəlxalq subyektdir. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini Prezident İlham Əliyevin rəhbərliyi altında özümüz hərbi-siyasi yolla icra etmişik. Habelə, İlham Əliyev Qoşulmama Hərəkatını sıfır nöqtəsindən, ətalətdən qlobal təşkilatlanmaya doğru aparan ciddi və nüfuzlu liderdir. Sirr deyil ki, Prezident İlham Əliyevin rəhbərlik dönəminə qədər dünyanın ikinci böyük təsisatı olmasına baxmayaraq, Qoşulmama Hərəkatının fəaliyyətində hansısa fövqəladə, çevik qərarların şahidi olmamışıq. Amma Prezident İlham Əliyev Qoşulmama Hərəkatını faktiki olaraq işlək bir mexanizmə çevirib. Hərəkat pandemiya ilə mübarizədə qlobal səyləri birləşdirdi, postpandemiya və qütblərin toqquşması dövründə yeni çağırışlara isə liderlik edən və təşkilatlanmaya doğru gedən təsisata çevrildi. Təbii ki, ortaya belə bir siyasi-diplomatik performans qoyan təcrübəli liderin ev sahibliyi etdiyi Bakı Qlobal Forumuna marağın artması, gözləntilərin olması başa düşüləndir”, - deyə deputat qeyd edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.