SİYASƏT
Prezident İlham Əliyevin Ağdam məscidinin qarşısında çıxışı Misir KİV-lərinin diqqət mərkəzində
Qahirə, 24 noyabr, AZƏRTAC
Misir mətbuatı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin noyabrın 23-də işğaldan azad edilmiş Ağdamın məscidinin qarşısında çıxışının əsas məqamlarını yayıb.
“Asiaelyoum” informasiya agentliyi, “Aldiplomasy”, “Elghad”, “Garbnews”, “Elwatnalkhabr”, “Əlxəbər-Əlmasrı” və “Əl-Vəsilə” portalları ölkəmizin Misirdəki səfirliyinin dəstəyi ilə və AZƏRTAC-a istinadən yaydıqları xəbərlərdə Prezident İlham Əliyevin Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışladığını qeyd ediblər.
Xəbərlərdə Prezident İlham Əliyevin bu sözləri sitat gətirilib: “Bu gün, müharibə başa çatandan sonra artıq Qərb dairələrindən bəzi Qərb liderləri məsələ qaldırırlar ki, bəs, Azərbaycanın nəzarətinə keçən azad edilmiş torpaqlarda xristian məbədləri necə olacaq? Həm mənimlə söhbət zamanı, həm rəsmi bəyanatlarda narahatlıq ifadə edirlər. Heç kim narahat olmasın, xüsusilə Qərb dövlətlərinin liderləri, hansılar ki, islamofob hissləri alovlandırırlar. Hansılar ki, İslam müqəddəslərinin təhqirlərinə göz yumurlar və hətta onları təhqir edənlərə bəraət qazandırırlar. Onların haqqı yoxdur bu barədə danışmağa, bu, birincisi. İkincisi, bizim ərazimizdə olan bütün məbədlər tarixi sərvətimizdir”.
Həmçinin qeyd olunub ki, Azərbaycanın dövlət başçısı bütün tarixi abidələrin dövlət tərəfindən qorunduğunu, onun göstərişi ilə və dövlət vəsaiti hesabına hazırda iki pravoslav kilsəsinin, habelə müharibə dövründə udi etnik azlığına məxsus kilsənin Heydər Əliyev Fondu tərəfindən təmir olunaraq istifadəyə verildiyini vurğulayıb. Prezident İlham Əliyev əlavə edib ki, bunun əksinə olaraq, ermənilər Ağdam və işğal olunmuş digər ərazilərdəki məscidlərdə inək, donuz saxlayıblar.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə