“Prezident İlham Əliyevin Almaniyaya səfəri Azərbaycanın beynəlxalq mövqelərini gücləndirəcək” - siyasi şərhçi
AzerTAg.az

Bakı, 14 mart, AZƏRTAC
Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Almaniya-Azərbaycan münasibətləri hər zaman praqmatikliyi, qarşılıqlı faydalılığı ilə fərqlənib.
Bunu AZƏRTAC-a açıqlamasında “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov deyib.
O bildirib ki, Azərbaycanın müstəqil xarici siyasət yürütmək imkanları, etibarlı tərəfdaş kimi qəbul edilməsi, Avropa İttifaqı və ona üzv ölkələrlə artan işbirliyi Berlin-Bakı əməkdaşlığının genişləndirilməsinə real zəmin yaradıb. Keçən il iyulun 18-də “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması Azərbaycanla əməkdaşlığın İttifaq üçün əhəmiyyətini bir daha diqqət mərkəzinə gətirdi. Eyni zamanda, nəzərə almaq lazımdır ki, rəsmi Bakı Avropa İttifaqına üzv olan doqquz ölkə arasında strateji tərəfdaşlığa dair memorandumlar imzalayıb. Hazırda Avropa İttifaqının enerji təhlükəsizliyinin etibarlı təmin edilməsində Azərbaycanla əməkdaşlıq əsas amillərdən biri kimi çıxış edir: "Digər vacib məsələ dünyada müşahidə olunan qlobal logistika marşrutlarının şaxələndirilməsi prosesində Azərbaycanın əhəmiyyətinin artmasıdır. Azərbaycan ən əlverişli alternativ Şərq-Qərb marşrutunun mərkəzi ölkəsidir və geniş tranzit imkanlarına malikdir. Bütün bunlar və xarici siyasət qərarlarını müstəqil şəkildə verən ölkə, etibarlı tərəfdaş olması Azərbaycanın strateji önəmini artırır. Avropa İttifaqının aparıcı ölkəsi kimi Almaniya-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçirilməsi üçün Berlinin təşəbbüskar olacağı gözlənilən idi. Rusiya-Ukrayna müharibəsi Almaniyanın xarici siyasətində əhəmiyyətli dəyişikliklərə səbəb olub və ətrafda baş verən proseslərə daha həssas yanaşmasını şərtləndirib".
Z.İbrahimov qeyd edib ki, Azərbaycan Almaniyanın çox əhəmiyyət verdiyi “yaşıl enerji” layihələrinə böyük diqqət ayırır və sərmayə qoyur. Prezident İlham Əliyev həm ölkəmiz, həm də Aİ üçün vacib olan Azərbaycandan Avropaya “yaşıl enerji” ixracı təşəbbüsü ilə çıxış etdi və bu istiqamətdə praktik addımlar atılır. Cənubi Qafqazda sülh və sabitlik məsələləri ilə bağlı Azərbaycan xüsusi rola malikdir və Avropa İttifaqı regionda sabitliyin qorunmasında maraqlıdır. Bütün bunlar Azərbaycan-Almaniya müzakirələrinin bünövrəsini təşkil edəcək. Güman etmək olar ki, enerji təhlükəsizliyi, yaşıl enerji, nəqliyyat, İKT və digər sahələrdə yeni birgə təşəbbüslər planlaşdırılacaq.
“Siyasi məsələlərə gəldikdə, əməkdaşlığın inkişafı baxımdan qeyd etmək olar ki, Azərbaycanın birmənalı şəkildə və qəti surətdə ölkələrin ərazi bütövlüyünün qorunması prinsipini rəhbər tutması, Aİ ilə əməkdaşlığın dərinləşdirilməsi, sülh gündəliyinə sadiq qalması Almaniya ilə əlaqələrin möhkəmləndirilməsi üçün yaxşı zəmin yaradır. Prezident İlham Əliyevin Almaniyaya səfəri Azərbaycanın beynəlxalq mövqelərini gücləndirəcək, Almaniya və Aİ ilə əməkdaşlığın genişləndirilməsinə yeni imkanlar yaradacaq. Eyni zamanda, Avropa Parlamentinin və Fransa kimi ölkələrin ölkəmizə qarşı qərəzli münasibəti daha aydın nümayiş olunacaq”, - deyə o qeyd edib.
Xəbərin mətnində orfoqrafik səhv var