SİYASƏT
Prezident İlham Əliyevin Füzuli və Cəbrayıla səfəri gələcəyə baxışımızın ifadəsi, Böyük Qayıdışın təntənəsidir
Bakı, 18 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıla səfəri əbədi yaddaşlara keçəcək. Bu səfər 44 günlük müzəffər hərbi və siyasi-diplomatik yürüşümüzün, qələbə “twit”lərinin, xalqa müraciətlərin məntiqi davamıdır. Bu səfər gələcəyə baxışımızın ifadəsi, Böyük Qayıdışın təntənəsidir. Müzəffər Ali Baş Komandan vurğuladığı kimi, 44 günlük Vətən müharibəsi həm də Xeyirin Şər üzərində qələbəsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.
Mədəniyyət komitəsinin sədri vurğulayıb ki, dövlətimizin başçısının hərbi geyimdə işğaldan azad edilmiş torpaqlarımıza səfəri və səfər zamanı yayılan görüntülər, verilən mesajlar dosta da, düşmənə də yetər. Deputat deyib: “Dost sevinir, düşmən xar olur. O düşmən ki, bu gün xaos, nifrət, qeyri-müəyyənlik girdabında yuvarlanır. Bu gün Azərbaycan qalibdir! Müzəffər Ali Baş Komandanın işğaldan azad edilmiş torpaqlarımızda müqəddəs bayrağımızı dalğalandırması Milli Dirçəliş Günümüzə ən gözəl töhfə oldu”.
Qənirə Paşayeva qeyd edib ki, Füzuliyə səfər zamanı yolboyu yerli sakinləri salamlamaq üçün avtomobildən enən Prezident İlham Əliyevin əhali tərəfindən necə coşqu və izdihamla qarşılandığını gördük. Dövlətimizin başçısının respublikamızın bölgələrinə səfərləri həmişə izdihamla müşayiət olunub, xalq coşqusunun şahidi olmuşuq. Ancaq bu coşqu qalib xalqın duyğu-düşüncəsinin, hiss-həyəcanının, keçmiş kədərdən sıyrılmağın və bugünkü sevincin tərənnümü idi.
Deputatın sözlərinə görə, qalib Azərbaycan Ordusunun şanlı Ali Baş Komandanını izdihamla qarşılayan vətəndaşların sevincinin məzmunu, dərinliyi və üfüqü bir başqa idi. Qalib Prezidentə xalqın ehtiramı hər birimizin köksünü qabartdı, qürurdan gözümüz yaşardı.
“Vətəndaşlarımıza, bütün dünya azərbaycanlılarına tarixi Qələbə hissi yaşadan Prezident İlham Əliyevə vətəndaş öz sevgisini səmimi şəkildə nümayiş etdirdi. Bu, Müzəffər Ali Baş Komandanın tarixi Qələbədən sonra bölgələrə ilk səfəri idi. Dövlətimizin başçısının Qələbədən sonra Bakıda getdiyi ilk ünvan yaralı hərbçilərimizin müalicə aldığı 1 saylı Kliniki Tibbi Mərkəz oldu. Bu, Azərbaycan xalqına neçə-neçə ilklər yaşatmış Liderin xalq və Vətən sevgisinin göstəricisidir. Beləliklə, Prezident sevincini öz əsgəri və öz xalqı ilə bölüşdü. Məhz xalqın dəstəyinə arxalanan Prezident İlham Əliyev hər zaman ümumxalq məhəbbəti ilə əhatə olunub. Rəhbər öz xalqına, xalq öz rəhbərinə bağlı olanda xarüqələr yaranır. Prezident İlham Əliyevin Füzuli və Cəbrayıla səfəri Böyük Qələbəmizin nidasıdır. “Qarabağ Azərbaycandır və nida” bəyanatı səsləndirildiyi vaxtdan milli şüara çevrildi, dillər əzbəri oldu, nəhayət, hökmə çevrildi, Azərbaycanın “dəmir” yumruğu ilə təsdiq və təsbit olundu”.
Qənirə Paşayeva bildirib ki, Xudafərin körpüsünün ziyarəti öz rəmziliyi və mahiyyəti ilə qəlbimizə fərəh bəxş etdi. Müzəffər Ali Baş Komandan Qarabağda hansı bayrağın dalğalanmalı olduğunu nümayiş etdirdi. İşğalçıya diz çökdürən Müzəffər Ali Baş Komandan “şəhidimin son örtüyü” olan müqəddəs bayrağımız önündə diz çökdü, öpüb gözlərinin üstünə qoyaraq göyə ucaltdı.
“Milli dirçəlişimiz, qurtuluşumuz mübarək olsun! Tanrıdan Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizə rəhmət diləyirəm. Dövlətimiz var olsun!”, - deyə, deputat fikirlərini yekunlaşdırıb.