İQTİSADİYYAT
Prezident İlham Əliyevin Hacıqabulda açılışını etdiyi müəssisələr Azərbaycanın qarşıdakı hədəflərə doğru inamla addımlamasının təsdiqidir
Bakı, 22 aprel, AZƏRTAC
Regionların sosial-iqtisadi inkişafı konsepsiyasının uğurlu icrası bölgələrimizin yeni inkişaf səviyyəsinə yüksəlməsini təmin edir. Artıq bütün bölgələrimizdə də müasir sosial, iqtisadi, mədəni, idman və s. infrastruktur formalaşdırılıb. Hacıqabul rayonunda da həm sənaye, həm kənd təsərrüfatının müasir üsullarla inkişaf etdirilməsi, rayon əhalisinin işlə təmin olunması istiqamətində mühüm işlər görülüb.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva bildirib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Hacıqabula son səfəri və mühüm obyektlərin açılışlarını etməsi güclü, qüdrətli Azərbaycanın öz yolu ilə qarşısına qoyduğu hədəflərə doğru inamla addımlamasının təsdiqi və təcəssümüdür. Prezidentin Hacıqabula səfəri zamanı Hacıqabul Sənaye Məhəlləsinin, “Azərsun Şamaxı Aqropark”ın, “Agro Dairy” MMC-nin aqroparkının, “Qarasu” yarımstansiyasının açılışı iqtisadiyyatımızın gücləndirilməsi, möhkəmləndirilməsi ilə yanaşı, həm də insanlarımızın, bölgə sakinlərinin yeni iş yerləri ilə təmin olunması, maddi rifah hallarının yaxşılaşdırılması ilə birbaşa bağlı olan addımlardır.
“Bunlar Azərbaycan dövlətinin, ölkə rəhbərinin bütün çətinliklərə, xüsusilə, bütün bəşəriyyət üçün bəlaya çevrilmiş koronavirus pandemiyası və onun iqtisadiyyata təsirlərinə rəğmən, öz vətəndaşının yanında olmasının, onun düşünməsinin göstəricisidir. Azərbaycan dövləti, ölkə rəhbəri hər zaman öz vətəndaşının, öz insanının yanında olub və bundan sonra da yanında olacaq”, - deyə deputat vurğulayıb.
Jalə Əliyeva qeyd edib ki, əhali baxımından o qədər də böyük olmayan Hacıqabul rayonunda sənayenin, kənd təsərrüfatının müasir üsullarla inkişaf etdirilməsi, məhsuldarlığın yüksəldilməsi, insanların işlə təmin edilməsi ölkəmizdə bu istiqamətlərdə görülən işlərin məntiqi nəticəsi olmaqla yanaşı, rayonun gələcək iqtisadi potensialını da əhəmiyyətli dərəcədə gücləndirəcək.