SİYASƏT


Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri Azərbaycanın Avropada artan nüfuzundan xəbər verir

Bakı, 22 fevral, Səadət Hakıyeva, AZƏRTAC

Avropa İttifaqına üzv olan ölkələrlə müqayisədə İtaliya Azərbaycanın ən yaxın iqtisadi tərəfdaşıdır. Təkcə onu demək kifayətdir ki, 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 6 milyard dollardan çox olub ki, bu da Azərbaycanın xarici ticarət dövriyyəsinin 18 faizinə bərabərdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq İlqar Vəlizadə söyləyib.

Politoloq qeyd edib ki, bu il Cənub Qaz Dəhlizinin sonuncu mərhələsi olan TAP layihəsi üzrə işlər başa çatacaq. İtaliyada istehlak olunan neftin 17 faizi ölkəmizin payına düşür. TAP-ın reallaşmasından sonra Azərbaycan qazının İtaliya bazarına daxil olması ilə bu rəqəm daha da artacaq. TAP istifadəyə veriləndən sonra İtaliya Avropa İttifaqına üzv ölkələr arasında Azərbaycanın ən böyük qaz idxalçısına çevriləcək. Bu da təbii olaraq, ölkələr arasında əməkdaşlığın daha da genişlənməsinə zəmin yaradacaq.

“Dövlətimizin başçısının İtaliyaya səfəri bir daha onu göstərdi ki, İtaliya və Azərbaycan tərəfdaşlığı ancaq neft və qaz sahəsində məhdudlaşmır. Ölkələrimiz ticarət, turizm, investisiya, kənd təsərrüfatı, hərbi, eləcə də mədəni sahələrdə əməkdaşlıq əlaqələrini genişləndirir. Bu sahələrdə də əlaqələrin qurulması üçün kifayət qədər potensial var”, - deyə politoloq qeyd edib.

İlqar Vəlizadə deyib ki, Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığı digər Avropa ölkələri üçün örnək sayıla bilər. Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanacaq saziş İtaliya ilə münasibətlərin genişlənməsinə də müsbət təsir göstərəcək.

Politoloq bildirib ki, Azərbaycan Prezidenti İtaliyaya geniş tərkibdə nümayəndə heyəti ilə səfər edib. Bu, onu göstərir ki, bütün kompleks məsələlər geniş müstəvidə öz əksini tapır. İtaliya heç də Avropa ölkələrinin hamısı ilə Azərbaycanla olduğu qədər isti münasibət saxlamır. Cənubi Qafqaz regionunda Azərbaycan yeganə ölkədir ki, İtaliya yaxşı tərəfdaşlıq münasibətləri qurub. Səfər çərçivəsində Prezident İlham Əliyevin dünyanın ən aparıcı italyan şirkətlərinin rəhbərləri ilə görüşü oldu. Bu görüş çərçivəsində İtaliya şirkətlərinin Azərbaycanda qeyri-neft sektorunun inkişafında iştirakı məsələsi müzakirə edildi. Ölkələrimiz arasında siyasi və iqtisadi dialoq ən yüksək səviyyədədir. Ötən il İtaliyanın Prezidenti və Baş Naziri Azərbaycanda səfərdə olublar. Azərbaycanın Prezidenti və Birinci vitse-prezidenti dəfələrlə İtaliyaya səfər ediblər. Hər səfərin yekununda ölkələrimiz arasında müxtəlif sənədlər imzalanıb, razılaşmalar əldə olunub. Bu da hər iki ölkə arasında hüquqi-normativ bazanın genişləndirilməsinə və şaxələndirilməsinə imkan yaradıb. Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri zamanı imzalanmış 25-dən çox sənəd çox əhatəli və dərin məzmunlu sənədlərdir. Bütün bunlar onu deməyə əsas verir ki, iki ölkə arasında möhkəm təməl üzərində qurulan münasibətlər gələcəkdə daha da inkişaf edəcək. Azərbaycanın Avropa İttifaqının təxminən 10 ölkəsi ilə strateji əməkdaşlıq əlaqələri mövcuddur ki, onlardan bir də İtaliyadır. Qeyd etmək lazımdır ki, İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 92 faizi Azərbaycanın payına düşür. İtaliya Azərbaycan üçün ona görə önəmlidir ki, bu ölkə üç Avropa nəhəngindən biri kimi qitənin siyasi gündəmini müəyyənləşdirən gücə çevrilib. Belə bir etibarlı və strateji tərəfdaşla münasibətləri inkişaf etdirmək, dialoq qurmaq ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Bu tərəfdaşlıq Azərbaycanın Avropada nüfuzunun, strateji rolunun artması deməkdir. Bir sözlə, Azərbaycan Prezidentinin İtaliyaya səfəri hər zaman olduğu kimi, bu dəfə də çox uğurlu oldu. Səfər çərçivəsində Romada hər iki ölkədən 100-ə yaxın şirkətin iştirakı ilə Azərbaycan-İtaliya biznes forumu keçirildi. Bu şirkətlər sənaye, o cümlədən tekstil və qida sənayesi, energetika, kənd təsərrüfatı, logistika, İKT, səhiyyə, turizm, konsaltinq, tikinti sahələrini təmsil edirlər. Prezident İlham Əliyev biznes forumun açılışında çıxış etdi. 2018-ci ilin iyul ayında İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri çərçivəsində də Bakıda biznes forum keçirilmişdi. İki ölkənin iş adamları arasında dövlət başçılarının iştirakı ilə belə görüşlərin keçirilməsi ənənəvi hal almaqla yanaşı, ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişafına dövlət səviyyəsində verilən yüksək diqqətin göstəricisidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.