SİYASƏT
Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanı Kralına təbrik məktubu bu ölkənin XİN-inə təqdim edilib
Qahirə, 3 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudə ünvanlandığı təbrik məktubu Krallığın Xarici İşlər Nazirliyinə təqdim edilib.
AZƏRTAC xəbər verir ki, məktubu ölkəmizin Səudiyyə Ərəbistanındakı müvəqqəti işlər vəkili İmran Sadıxov Səudiyyə Ərəbistanının xarici işlər nazirinin müavini Valid bin Əbdülkərim Al Xuraiciyə təqdim edib.
Azərbaycanın dövlət başçısının məktubunda iki dost ölkə və xalqları arasında əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə olunub, müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişafı üçün geniş potensialın olduğu vurğulanıb.
Sonra Azərbaycan diplomatı ilə Səudiyyə Ərəbistanının nazir müavini ikitərəfli əlaqələrin daha da möhkəmlənməsi, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə