SİYASƏT


Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqi Azərbaycan əsgərini daha da ruhlandırıb

Bakı, 20 aprel, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimindəki nitqinin öyrənilməsi və təbliği ilə əlaqədar Azərbaycan Ordusunun bütün birlik, birləşmə, hərbi hissələrində, xüsusi təyinatlı təhsil müəssisələrində və digər hərbi kollektivlərdə silsilə tədbirlər keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Gəncə qarnizonundakı hərbi hissələrdən birində təşkil olunan tədbirdə nazirliyin və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani aprelin 11–də keçirilən prezident seçkiləri, onun nəticələri və bu seçkilərdə İlham Əliyevin qazandığı inamlı qələbə barədə ətraflı məlumat verib. Qeyd edib ki, builki seçkilərdə mülki vətəndaşlar kimi, milli təhlükəsizliyimizin qarantı olan Silahlı Qüvvələrimizin şəxsi heyəti də fəal iştirak edərək ulu öndər Heydər Əliyevin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi İlham Əliyevin timsalında Azərbaycanın gələcəyinə, sabitliyə, təhlükəsizliyə, inkişafa və tərəqqiyə səs verib. Bu, Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin növbəti böyük qələbəsidir.

Diqqətə çatdırılıb ki, son 15 il ərzində müasir Azərbaycan Respublikası İlham Əliyevin rəhbərliyi ilə iqtisadi, siyasi, mədəni, sosial həyatın bütün sahələrində, eləcə də ordu quruculuğunda möhtəşəm uğurlara imza atıb. Ordumuzun maddi-texniki bazası daha da möhkəmləndirilib, yeni-yeni müasir hərbi texnikalar, silahlar və digər hərbi təyinatlı vasitələr alınıb, müdafiə sənayemiz inkişaf etdirilib, hərbi xidmət üçün ən müasir şərait yaradılıb. 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusu nəyə qadir olduğunu nəinki düşmənə, bütün dünyaya nümayiş etdirdi.

Vurğulanıb ki, Prezident İlham Əliyevin seçkilərdən dərhal sonra Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən təntənəli mərasimdə xalqa müraciəti və andiçmə mərasimindəki geniş nitqi bütün xalqımız kimi Azərbaycan Ordusunun hər bir hərbi qulluqçusunu da daha böyük uğurlar qazanmağa ruhlandırır.

Doxsan yeddi yaşlı Gəncə şəhər sakini, Böyük Vətən müharibəsi veteranı Tofiq Hüseynov Prezidentimizin növbəti qələbəsindən qürur hissi keçirdiyini deyərək, Ali Baş Komandanın əmrlərinə bu gün də müntəzir olduğunu bəyan edib.

Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri Xəzəngül Hüseynova, şair Ramiz Təmkin Vətəni, ordunu tərənnüm edən yeni şeirlərini oxuyaraq mübariz əsgərlərimizi bundan sonra da Ali Baş Komandanın rəhbərliyi altında daha böyük qələbələrə səsləyiblər.

Xalq Artisti Alim Məmmədov Gəncənin timsalında respublikamızın bütün regionlarının inkişaf etdiyini vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyev son 15 il ərzində qədim və gündən-günə yeniləşən Gəncəyə 17 dəfə səfər edib. Hər bir səfər yeni təməlqoyma mərasimləri, təntənəli açılışlar və unudulmaz görüşlərlə yaddaşlara həkk olunub. Xalq Artisti əminliklə diqqətə çatdırıb ki, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin Ali Baş Komandanlığı və onun qətiyyəti, prinsipiallığı sayəsində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemini ölkəmizin ərazi bütövlüyü çərçivəsində tezliklə həll edəcək.

Hərbi qulluqçulardan Vüqar Quliyev, İsmayıl Beydullayev, Qismət Babayev və başqaları çıxış edərək Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqindən daha da ruhlandıqlarını, Ali Baş Komandanın torpaqlarımızı işğaldan azad etmək üçün əmrini gözlədiklərini bildiriblər.

Tədbirin sonunda Gəncə Qarnizonu Zabitlər Evinin səyyar təşviqat dəstəsi “Əmrinə hazırıq, Ali Baş Komandanım!” ədəbi-musiqili kompozisiyanı təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.